İnsan ruhu

İnsan şüurunun mənbəyi


İnsan şüurunun mənbəyi

İnsanı digər bütün canlı və cansız varlıqlardan fərqləndirən cəhət şüur sahibi olmasıdır. Bəs şüurumuzun qaynağı nədir? Əgər cavabınız “beyin”dirsə yanılırsınız. Çünki beynimiz də eynilə stul və ya stəkan kimi atomların birləşməsindən meydana gələn maddə yığınıdır. Stulun atomları düşünə bilmədiyi kimi beynimizdəki atomar da düşünə bilməz. Bu da onu göstərir ki, şüurumuzun qaynağı fərqli bir varlıqdır. Bu qaynaq ruhdur. 

Görəsən niyə şüurlusunuz, bunu heç düşündünüzmü?

Ətrafınıza baxanda şüurunuzun adi bir şey olmadığını asanlıqla anlaya bilərsiniz. İçində olduğunuz otaqdakı əşyalara baxın. Məsələn, bir stulu düşünün. Bu stulun bir şüuru yoxdur. Öz varlığından xəbəri yoxdur. Düşünə, görə, hiss edə bilmir. Stulu əmələ gətirən taxtada, mismarda, yapışqanda, parçada, süngərdə də bir şüur yoxdur. Bunları daha dərindən araşdırsanız, hamısının müəyyən molekullardan, bu molekulların da atomlardan meydana gəldiyini görəcəksiniz. Əlbəttə ki, bu atomların da bir şüuru yoxdur. Xüsusi bir nizamla meydana gətirilmiş cansız, ağılsız maddə, enerji vəhdətidir.

Ətrafımızdakı hansı maddəni incələsək, şüursuz olduğunu görərik. Hansı elementlərdən meydana gəlirsə gəlsin, hansı halda (maye, bərk, qaz) olursa olsun maddə şüursuzdur. Bir stul, bir daş, bir stəkan su – heç birində şüur yoxdur.

Bəs sizin şüurunuzun mənbəyi nədir?

Əgər bu suala “beynim” deyə cavab versəniz bu səthi bir cavab olar. Çünki beyin də araşdırıldıqda bir stul, bir daş və ya bir stəkan su kimi atomların yan-yana gəlməsindən yaranan maddə yığınıdır. Necə ki, bir taxta stulda atomlar müəyyən nizam içində bir araya gətirilmişsə, sizin beyninizdəki atomlar da müəyyən bir nizam içində bir araya gətirilmiş və aralarında müxtəlif əlaqələr yaradılaraq birləşdirilmişdir. Stuldakı atomlar düşünə bilmədiyi kimi beynimizdəki atomlar da düşünə bilməzlər.

Bu da onu göstərir ki, şüurunuz beyninizdəki atomlardan, hüceyrələrdən daha fərqli bir qaynaqdan meydana gəlir. Bu qaynaq ruhdur.

“Təşkil olunmuş maddə” cəfəngiyyatı

Materialistlər maddədən başqa varlıqları qəbul etmədikləri üçün ruhun varlığını da qəbul etmirlər. Buna görə də insan şüurunu beyinlə əlaqələndirərək bəsitləşdirməyə çalışırlar. Bunun üçün irəli sürdükləri fərziyyə “təşkil olunmuş maddə” anlayışıdır. Yəni onların fikrincə insana şüur qazandıran faktor beynin içindəki neyronların arasında çox güclü əlaqələrin olmasıdır. Bu neyronlar arasındakı kimyəvi və elektrikli hərəkətliliyin “mən” deyə bildiyimiz şüuru yaratdığını iddia edirlər.

Ancaq materializmin bu iddiasının heç bir dəlili yoxdur və məntiqli olaraq qəbul edilə bilməz. Təşkil olunduqca maddənin şüur qazandığını iddia etmək ağıla və məntiqə ziddir. Eyni zamanda, bunu sübut edən heç bir dəlil yoxdur. İndiki dövrdə canlılardan başqa ən yaxşı “təşkil olunmuş maddə”lər kompyuterlərdir. Amma bu kompyuterlərin heç birində “mən” deyə biləcək şüur yoxdur və bunun təmin olunmasına dair fərziyyələrin mənasız olduğu göz qabağındadır. Bir kompyuter çox yaxşı bir proqramlaşdırma vasitəsi ilə olduqca müvəffəqiyyətli əməliyyatlar həyata keçirə bilər, lakin şüur sahibi ola bilməz. Bir kompyuter nə qədər inkişaf etmiş olursa olsun, nəticədə o bir “hesablama maşını”dır.

Haqqında danışdığımız kompyuterlər insan şüuru ilə yaradılmış yüksək elm və texnologiya vasitəsi ilə istehsal edilmişdir. İnsan şüurundan çox-çox geridə qalan kompyuterlərin özlərini təsadüflər nəticəsində təşkil etdiklərini iddia etmək olduqca məntiqsiz ikən, kompyuterdən daha üstün və kompleks şəkildə olan insan şüurunun təsadüflər nəticəsində meydana gəldiyini iddia etmək daha məntiqsiz və əsassızdır.

Heç bir təsadüfi hadisə yüz milyardlarla il verilsə belə cansız maddələri bir yerə gətirərək düşünməyi, zövq almağı, qərar verməyi bacaran, ədalət, dürüstlük, mərhəmət, sevgi, şəfqət kimi hisslərə sahib, sədaqəti, həyəcanlanmağı, darıxmağı bilən bir şüuru yarada bilməz. Heç bir təsadüfi hadisə anlamayan, düşünə bilməyən bir varlığa sənət əsərlərini meydana gətirə biləcəyi, ən çətin riyazi məsələləri həll edə biləcəyi, kosmosa gedən texnologiyanı yarada biləcəyi, atomları araşdıraraq kəşflər edə biləcəyi şüuru qazandıra bilməz. Yüz milyardlarla il keçsə və bütün imkanlar verilsə belə bir meymun Rembrandt kimi rəsim çəkib, Bethoven kimi bəstələr yarada bilməz, Nyu York kimi bir şəhər inşa edib Eynşteyin kimi fizika qanunlarını kəşf edə bilməz.

Beynin funksiyalarını aşan bir fakt

Ruhi xüsusiyyətlərin beyindən qaynaqlandığına inanan materialistlər beynin quruluşu araşdırıldıqca daha da çıxılmaz vəziyyətdə qalırlar. İndiki dövrdə beyində bütün hisslərə aid mərkəzlər müəyyən olunur. Bir əzələnin hərəkət etməsi beynin uyğun bölgəsində elektrikli və kimyəvi reaksiyalar baş verərək təmin olunur. Demək olar ki, alimlər beynin bütün funksiyalarını, bunların hansı mexanizmlərlə çalışdığını müəyyən ediblər. Ancaq insanın fərqləndirici xüsusiyyəti olan şüura və onunla əlaqəli olan xüsusiyyətlərə aid beyində bir bölgə yoxdur.

Buna görə də ruhu beynin bir funksiyası olaraq qəbul edən (yəni ruhu maddəyə bərabər edərək bəsitləşdirən) materialist anlayış insanın sirrlərini üzə çıxartdığını zənn edərkən əslində böyük bir sirr ilə qarşı-qarşıya qalır.

Beyin haqqındakı tədqiqatlar bəzi materialistləri də şüur haqqında yeni fikirlər söyləməyə vadar etmişdir. Bunlardan biri Bristol Universitetinin professorlarından nevropsixoloq və Beyin Tədqiqatları Mərkəzinin rəhbəri Riçard L. Qriqoridir (Richard L. Gregory). Qriqori şüur mövzusunu açıqlayarkən bunları bildirmişdir:

“Şüur zehnimizin ən tanış, lakin ən gizli ünsürüdür. Bir yandan hər birimiz üçün təcrübə yaşayan, hissləri dərk edən, kədərlənən, fikir bildirən və şüurlu olaraq plan yaradan daha real bir şey varmı? Digər tərəfdən şüur nə mənaya gələ bilər? Maddi dünyada maddi varlıqlar belə bir şeyə necə sahib ola bilirlər? Elm gizli olan bir çox şeyin sirrini ortaya çıxardı. Maqnetizm, fotosintez, həzm sistemi, hətta çoxalmanı. Halbuki şüur bunlara qətiyyən bənzəmir”. 

Materialist fikirləri müdafiə edən bəzi alimlər isə dəlillər qarşısında bu fikirlərindən əl çəkmişlər. Bu alimlərdən biri beyin mövzusundakı araşdırmaları ilə tanınan beyin cərrahı Uyalder Penfilddir (Wilder Penfield). Penfild uzun illər çəkən araşdırmalardan sonra ruhun varlığının inkar edilməyən bir həqiqət olduğu nəticəsinə gəlmişdir:

“İllərlə ağılın sadəcə beynin bir funksiyası olduğunu izah etməyə çalışdıqdan sonra bir insanın varlığımızın iki önəmli ünsürdən meydana gəldiyi fikrinin tərəfdarı olmasının daha məntiqli olduğu qənaətinə gəldim. Ağılı beyinin içindəki sinirlərlə izah etməyin qeyri-mümkün olduğu qəti olaraq göründüyü üçün varlığımızın iki önəmli ünsürdən (maddə və ruhdan) ibarət olduğu fikrini seçmək məcburiyyətində qalıram”.

Kərpicdəki atomlar, beynimizdəki atomlar

Şüur mövzusunda apardığı tədqiqatlarla tanınan dövrümüzün ən tanınmış avtoritarlarından biri Oxsford Universitetinin Nobel mükafatlı alimi Rocer Penrouzdur (Roger Penrose). Məşhur fizik Stiven Hokingin (Stephen Hawking) də yaxın iş yoldaşı olan Penrouz astronomiya mövzusunda xeyli çalışdıqdan sonra beynin quruluşunu və şüur mövzusunu araşdırmağa başlamışdır. Penrouzun “The Emperor`s New Mind” (İmperatorun yeni zehni) adlı kitabı bu mövzudakı ən əhəmiyyətli əsərlərdən biridir.

Rocer Penrouz bu kitabda materialistlərin “şüur yaradan beyin” teoremlərinə qarşı bunları bildirir:

“Bəzi nevrofizioloqlar beynin torvari quruluşunda şüurun yerinin (əgər həqiqətən də belə bir yer varsa) mövcud olduğunu düşünürlər. Bu quruluş beynin daim oyaq olmasını təmin edir. Şüurlu olmaq üçün ehtiyacımız olan sadəcə aktiv torvari quruluş sistemidirsə, o zaman fqurbağalar, kərtənkələlər və morina balıqları belə şüurludur!” 

Əlbəttə ki, şüursuz atomların yan-yana gəlməsi insanı şüurlu bir varlıq etmir. Düşünən, qərar verən, danışan, danışılanları anlayan varlığın beynimizi və bədənimizi meydana gətirən cansız atomlar olmadığı məlumdur. Şüur və onunla bağlı davranışların sadəcə maddənin bir funksiyası olduğunu düşünənlərə Penrouz bunları bildirir:

“Bir insana insan şəxsiyyətini verən nədir? Müəyyən yerə qədər bədənimizi meydana gətirən atomlarmı? İnsan şəxsiyyəti atomları meydana gətirən elektron, proton və digər hissəciklərləmi əlaqəlidir? Bunun belə olmadığını göstərən ən az iki səbəb var.

Birincisi, hər kəsin bədənində fasiləsiz bir dəyişmə mövcuddur. Doğumdan sonra yeni beyin hüceyrələri meydana gəlməsə də, bu dəyişmə bir insanın, xüsusilə, beyin hüceyrələrinə aiddir. Doğumdan etibarən hər bir hüceyrənin və bədənimizi meydana gətirən maddələrin demək olar ki, hamısı dəfələrlə dəyişilmişdir.

İkinci səbəb Kvant fizikası ilə əlaqədardır. Əgər insanın beynindəki bir elektron kərpicdəki bir elektronla dəyişdirilsəydi, o anki vəziyyət əvvəlki ilə eyni olardı, hətta ayırd edilməzdi. Bu protonlar və digər bütün hissəciklər üçün də eynidir. Əgər bir insanın bədənindəki bütün maddələr bu evin kərpiclərindəki uyğun hissələrlə dəyişdirilsə sözün əsl mənasında heç bir fərqlilik olmazdı”.
 

Penrouz bir insanın bütün atomlarını kərpicin atomları ilə dəyişdirsək belə insanı şüurlu edən xüsusiyyətlərin eynilə qalacağını bildirir. Ya da tam tərsini düşünək. Əgər beyin atomlarının hissəciklərini kərpicinkilər ilə dəyişdirsək, əlbəttə ki, bu hal kərpici şüurlu etməz. Kərpic yenə kərpic olaraq qalar. İnsanı insan edən xüsusiyyətlərin maddə ilə heç bir əlaqəsi yoxdur.

Şüur möcüzəsi

Beyin hisslərlə əlaqəli olaraq çalışan və müvafiq mərkəzlərdə bu hissləri toplayaraq onları birləşdirən bir orqandır. Ancaq beyinlə əlaqəli bütün məlumatlar alimlərə şüur haqqında axtardıqları cavabı vermir. Nümunə olaraq, görmə fəaliyyətinin necə baş verdiyinə nəzər salaq. Bir cisimdən, məsələn, çiçəkdən gələn xəbərdarlıq gözümüzə çatır. Göz bir kamera kimi bu görüntünü tutur və beyindəki sinirlərə ötürür. Sinirlər boyunca gedən çiçək görüntüsünə aid məlumatlar beyinin görmə mərkəzinə çatır və bu bölgədə çiçək görüntüsü meydana gəlir. Bura qədər baş verənlər beyinin mexaniki funksiyalarıdır. Ancaq beyinin görmə mərkəzində yaranmış çiçək görüntüsünü görən, onun bir çiçək olduğunu anlayan, hafizəsindəki digər çiçəklərlə fərqləndirən, ondan aldığı qoxularla xatirələri canlanan varlıq beyinin maddi quruluşundan tamamilə fərqlidir. Beyinin içində yaranan görüntünü bir gözə ehtiyac olmadan görən, bu görüntünün qoxusunu bir buruna ehtiyac olmadan alan bir varlıq var. Alimləri heyrətləndirən məqam da budur. 

Beyinin sinirlərdən, atomlardan ibarət maddi quruluşu insanın xidmətinə verilmiş mükəmməl mexanikadır. Ancaq insanın ruhuna aid olan və insanı insan edən xüsusiyyətlər beyinin bu maddi quruluşundan fərqlidir. Beyin bu xüsusiyyətlərin ortaya çıxmasında sadəcə bir vasitəçidir. Ruh xarici dünyanın beyində hisslərlə fokuslanan görüntüsü ilə əlaqədə olur. 

Şüur mövzusu üzrə tədqiqat aparan alimlərdən biri Ecclesin bu mövzudakı fikri belədir:

“Materialist fikirlər bizim şahid olduğumuz bənzərsizlik qarşısında çarəsiz qaldıqları üçün Ruh məfhumunun təbiət qanunlarını aşan xüsusiyyətdə olduğunu qəbul etmək məcburiyyətində qalıram. Teoloji terminlərlə açıqlasaq, hər bir ruh döllənmə və doğum arasında yaranan dölə köçürülmüş yeni bir ilahi yaradılışdır deyə bilərik”. 

Şüur bir anda ortaya çıxmış, sadəcə insana xas keyfiyyətdir. Allah bu keyfiyyəti insana düşünüb dərk etməsi üçün vermişdir. İnsanın üzərinə düşən isə aləmləri yoxdan var edən uca Allah`ı lazımi şəkildə təqdir etmək və ona verilən saysız nemətlərə hər an şükür etməkdir.