Quran

QURAN ALƏMLƏRƏ ÖYÜDDÜR


QURAN ALƏMLƏRƏ ÖYÜDDÜR

 

Quran Allah`ın bütün aləmlərə öyüd olaraq endirdiyi və hökmü qiyamətə qədər keçən, bənzərsiz hikmətə sahib bir kitabdır. Lakin səmimi olmayan və Qurana tabe olmamaq üçün bəhanə axtaran bəzi insanlar Quranın sadəcə müəyyən bir dövr üçün əsaslı olduğunu və yalnız ərəb cəmiyyətinə endirildiyini iddia edirlər. Buna görə, dayaz düşüncələri ilə Quranın bəzi hökmlərinin tətbiq edilməsinin lazım olmadığını düşünürlər.

Halbuki, Quranın hökmləri nazil olduğu gündən etibarən bütün dövrlər və bütün insanlar üçün etibarlıdır və bu hökmlərin əsaslılığı qiyamətə qədər davam edəcək. Quran insanlara öyüd verən, sonsuz axirət üçün onları xəbərdar edən və doğru yolu göstərən bir zikrdir. Allah`ın Quranın “Şübhəsiz ki, o (Quran) sənin üçün və sənin qövmün üçün şərəfdir. Siz (ondan) mütləq sorğu-sual olunacaqsınız!” (Zuxruf surəsi, 44) ayəsində bildirdiyi kimi, insanlar axirətdə Quranda yazılanlardan sorğu-sual ediləcəklər.

Quran ehtiva etdiyi hikmətləri ilə, keçmiş və gələcəyə dair verdiyi gerçək xəbərləri ilə, həmçinin qəfləti yox edən və insanlardan adət pərdəsini qaldıran üslubu ilə bənzərsiz bir kitabdır. Quranın bu təsiri vəhy edildiyi gündən qiyamətə qədər yaradılmış və yaradılacaq bütün insanlar üçün etibarlıdır. (www.pesmanolmadanonce.com)

 

Bədiüzzaman Səid Nursi Qurandakı hikmətlərin etibarını heç bir zaman itirməyəcəyini belə ifadə edir:

Min üç yüz əlli ildir ki, Qurani-Hakim bütün gerçəklərini kainat çarşısında açıb sərgilədiyi halda, hər kəs, hər millət, hər ölkə onun cövhər və həqiqətlərindən almışdır və almağa davam edir. Halbuki, o vərdişlər, o bolluq, o böyük dəyişikliklər və zaman onun qiymətli həqiqətlərinə, gözəl üslubuna zərər verməmiş, qocaltmamış, qurutmamış, dəyərdən salmamış, gözəlliyini söndürməmişdir. Bu durum tək başına bir möcüzədir. (Sözlər, səh. 433)

Quranın insanlara təsirindən də bəhs edən Bədiüzzaman digər sözlərində bunu belə bildirir:

Quranın ən böyük möcüzələrindən biri də gəncliyini və təzəliyini qorumasıdır. Və o əsrdə endirilmiş kimi, hər əsrin ehtiyacını qarşılayan bir yönünün olmasıdır. (Sözlər, səh. 750) 

Qurani-Hakim gerçək elmləri əhatə edən müqəddəs kitabdır və bütün əsrlərdə insanların bütün təbəqələrinə xitab edən, əzəli bir xütbədir. (Konfrans, səh. 11)

Quran haqq və həqiqət, doğruluq və hidayət və möhtəşəm fəsahət olduğuna görə, usandırmır, daima gəncliyini mühafizə etdiyi kimi, təzəliyini və səfasını da qoruyur. (Sözlər, səh. 378)

Bədiüzzaman Quranın bənzərsiz bir kitab olduğunu və başqa heç bir mənbənin Quranın yerini almadığını da belə ifadə edir:

Çünki bu həqiqət nöqtəsində, qətiyyən, Quranın misli yoxdur və ola bilməz. Heç bir şey bu böyük möcüzənin yerini tuta bilməz. (İman və küfr müvazinələri, səh. 67-68)

... O üslub hər kəsin xoşuna gəldiyi halda, heç kim təqlid edə bilmir. Keçən zaman o üslubu qocaltmır, həmişə gənc və təzədir. Elə bir müntəzəm nəsr və mənsur olan nəzmdir ki, həm uca və həm də lətifdir. Həm kahin, həm də qeybdən xəbər verənlərə qarşı gələcəkdən verdiyi xəbərlərlə möcüzəvi yönünü göstərir. Quran içindəki xəbərləri ilə, həmçinin keçmiş ümmətlərin irəlidəki durumuna və qəbir və axirətə dair bilgisi ilə əhli-tarixə və insanlıq tarixinin alimlərinə qarşı möcüzə olduğunu göstərir. Quranın müqəddəs prinsipləri sosial elmləri alimlərinə və siyasət əhlinə qarşı az sözlə çox şey izah edir. Bəli, o Qurandan çıxan ən böyük nur o az sözlə çox şey izah etməyin sirridir. Çox mənaya gələn qısa cümlənin halı göstərir. Həm də İlahi elm və həqiqətlərin var olmasında məşğul olan təbəqəyə qarşı Qurandakı İlahi və müqəddəs həqiqətlərdəki sənəti göstərir və ya sənətin vücudunu hiss etdirir. Quran əhli-təriqətə və vəlilərə qarşı dəniz kimi daima dalğalanan ayələrinin əsrarındakı möcüzəsini göstərir və bunun kimi... Qırx təbəqədən hər təbəqəyə qarşı bir pəncərə açır və ecazını göstərir. Hətta yalnızca qulağı olan və bir dərəcə məna anlayan avam təbəqəyə qarşı, Quranın oxunması ilə başqa kitaba bənzəmədiyini qulaq sahibi təsdiq edir. (Məktubat, səh.181)

Dünyadakı hər insanın ən birinci vəzifəsi Allah`a qarşı qulluq vəzifəsini yerinə yetirməkdir. Bu isə ancaq Allah`a səmimi qəlblə iman edib Quranı rəhbər tutmaqla mümkündür. Hər insan bu məsuliyyəti üzərinə almalı və qiyamətə qədər əsaslı olan Qurana bərk sarılmalıdır. Allah “Həşr” surəsində Quranın nə qədər üstün bir kitab olduğunu və onu rəhbər tutmağın nə qədər böyük məsuliyyət olduğunu bu örnəklə ifadə edir:

Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allah`ın qorxusundan parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr. (Həşr surəsi, 21)