Allahın İSİMLƏRİ

KƏRİM (Kərəmi bol olan, comərd olan )


KƏRİM  (Kərəmi bol olan, comərd olan )

.. Kim şükür etsə, yalnız özü üçün şükür edər; kim nankor olsa, həqiqətən, Rəbbim möhtac deyildir, kərəm sahibidir! (Nəml surəsi, 40)

Allah kainatı ən incə detalına qədər yaratmış və Öz sifətləri ilə şəkilləndirmişdir. Var olan hər şey Ondandır. Bütün gözəlliklər, incəliklər Onun ağlının təcəlliləridir. Digər bütün varlıqlar kimi insanlar da Onun diləməsi ilə yer üzünə gəlirlər. Ana bətnində bir tikə ət parçası olan insan doğulur, böyüyür, gözəl simaya sahib olur və beləliklə, Allah’ın yaratma sənətini əks etdirir. Necə ki, ayələrdə insanın üstünlüyü belə bildirilmişdir:

 Ey insan! Səni Kərim olan Rəbbinə qarşı aldadan nədir? O Rəbbin ki, səni yaratdı, düzəldib qaydaya saldı. Sənə Özü istədiyi surətdə biçim verdi. (İnfitar surəsi, 6-8)

Ancaq bəzi insanlar düşünmə qabiliyyətinə sahib olduqları halda, bu cür mükəmməl təşkil edilmiş dünyaya necə gəldiklərini, ətraflarındakı saysız neməti kimin verdiyini düşünmürlər. Quranda bu insanlar üçün belə deyilir:

 İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır! Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq. Biz ona haqq yolu göstərdik. İstər minnətdar olsun, istər nankor. (İnsan surəsi, 1-3)

Özünə verilmiş qabiliyyətdən istifadə edən və görüb-düşünən insan isə özünü kimin yaratdığını, özünün əldə edə bilməyəcəyi saysız neməti ona kimin verdiyini, hiss etmə, düşünmə qabiliyyətlərinə necə sahib olduğunu düşünür. Bunları düşünən insanın qarşısına çıxan gerçək budur: Onu var edən və əsla gücünün çatmayacağı üstün nemətləri bağışlayan, son dərəcə comərd bir yaradıcı var. Bu yaradıcı göyün və yerin Rəbbi olan Allah’dır və Quranda insanlara belə buyurur:

 Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı)öyrətdi. İnsana bilmədiklərini öyrətdi. Xeyr, insan azğınlıq edər, Özünün dövlətli olduğunu gördüyü üçün! Axı sənin axır dönüşün Rəbbinədir! (Ələq surəsi, 1-8)

Yuxarıdakı ayələrdən də göründüyü kimi, insanın özünü yaradan ən böyük kərəm sahibi olan Allah’a qarşı vəzifəsi şükür etməkdir. Allah insana saysız nemətlər vermiş və qarşısında da yalnız Özünə qulluq etməsini, təkəbbür etməməsini istəmişdir. Bu, Allah’ın səmimi qullarının sahib olduqları əxlaqdır. Onlar da dünyada göstərdikləri bu fəzilətli davranışlarının qarşılığını axirətdə daha gözəli ilə alacaqlar.

 Əgər Allah’ın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 18)

Sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allah’ın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur. (İbrahim surəsi, 34)