Allahın İSİMLƏRİ

QAVİ (Çox güclü olan)


QAVİ (Çox güclü olan)

 (Bunların əməli) firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Allah’ın ayələrini inkar etdilər, Allah da onları günahlarına görə yaxaladı. Şübhəsiz ki, Allah qüvvətlidir, cəzalandırması da şiddətlidir. (Ənfal surəsi, 52)

Tarix boyu Allah müxtəlif qövmlərə elçilər göndərmiş, onların vasitəsi ilə insanlara yönəlməli olduqları doğru yolu bildirmişdir. Göndərilən elçilər də tək ilahın Allah olduğunu, yalnız Allah’dan qorxub çəkinməli və əmrlərini yerinə yetirməli olduqlarını qövmlərinə təbliğ etmişlər. Ancaq “Bu, ona görə idi ki, elçiləri onlara açıq-aydın dəlillər gətirdikləri halda, onlar inkar edirdilər. Buna görə də Allah onları (əzabla) yaxaladı. Həqiqətən, O, qüvvətlidir, cəzası da şiddətlidir“ (Mömin surəsi, 22) ayəsində bildirildiyi üzrə qövmlərin çoxu inkar etmiş, elçiləri yalanlamış və Allah’ın əzabına düçar olmuşlar.

Hər dövrdə Allah’ın göndərdiyi elçiləri inkar edən, onlara mümkün olduğu qədər çətinlik yaratmağa çalışan inkarçılar Allah’ın əzabını görənə qədər bu hərəkətlərindən imtina etməmişlər. Onlar yer üzündə iqtidar, güc və sərvət sahibi olduqlarını düşündükləri üçün özlərini haqlı görmüş, təkəbbürlənmişlər. Halbuki, unutduqları çox əhəmiyyətli bir gerçək var: Allah ən böyük güc sahibidir.

Bu əhəmiyyətli gerçəyi qavramayan inkarçılar həmişə təkəbbürlənmişlər. Allah dilərsə, bütün mallarının bir fırtına ilə yox olacağını, şiddətli bir yağışla əkinlərinin məhv ediləcəyini, bir mikrobla bütün yaxınlarının ölə biləcəyini və bunun kimi bir çox səbəbi görməzlikdən gəlmişlər. Nəticədə, yer üzündə də, ölümdən sonra axirətdə də Allah’ın əzabı ilə üz-üzə gəlmişlər. Allah inkarçılara Quranda belə səslənir:

 İnsanlardan elələri də vardır ki, Allah’dan qeyrilərini (Ona) tay tutur, onları da Allah’ı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allah’a olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allah’a məxsus olduğunu və Allah’ın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə surəsi, 165)

 Onlar Allah’ı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir! (Həcc surəsi, 74)

 Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah qüvvətlidir, qüdrətlidir. (Əhzab surəsi, 25)

Allah Özünün üstün əxlaqını, ucalığını və böyüklüyünü gərəyi kimi təqdir edən qullarına qarşı isə sonsuz rəhmət sahibi olandır. Quranda möminlərin Allahın rəhməti ilə müjdələndikləri belə bildirilir:

 İman gətirib yaxşı işlər görənlərin Rəbbi iman gətirdiklərinə görə hidayətə qovuşdurar. Nəim cənnətlərində onların (köşkləri) altından çaylar axar. Onların oradakı duası “Pərvərdigara! Sən paksan, müqəddəssən!”, orada salamlaşması “Salam!”, duası: “Həmd olsun aləmlərin Rəbbi Allah’a!” sözləridir. (Yunis surəsi, 9-10)