Allahın İSİMLƏRİ

QADİR ( İstədiyini istədiyi kimi etməyə gücü çatan)


QADİR ( İstədiyini istədiyi kimi etməyə gücü çatan)

 Yer üzünü qupquru görməyin də Onun dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, onu dirildən, ölüləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir. (Fussilət surəsi, 39)

Quranın bir çox ayəsində bildirildiyi kimi, reallaşan hər hadisə Allah’ın elmi daxilindədir və Onun: “Ol”, - deməsi ilə yaranır. Yer üzündə hər bir yarpağın budaqdan qopub düşməyi Onun icazəsi ilədir, yenə heç bir dişi Onun icazəsi olmadan hamilə qalmaz və heç bir canlı Ondan xəbərsiz doğulmaz. Kainatda reallaşan hər hadisə ancaq Onun diləməsi ilə baş verir. O, iman etməyən bir qövmün yerinə dərhal yenisini gətirməyə qadirdir. Dilədiyinə tayı-bərabəri olmayan mülk verər, dilədiyindən bütün mülkünü alar. İman etməyən qövmə əzab heç gözləmədikləri anda və heç gözləmədikləri şəkildə gələr. Allah diləyərsə, yer üzünün bütün bərəkətini alar, onu qurudar və üzərində həyata dair heç bir iz buraxmaz. Göylərdə və yerdə Allah’ı aciz buraxacaq heç bir qüvvət yoxdur. O, istədiyini istədiyi şəkildə etməyə qadirdir. Allah’ın sonsuz güc və qüdrəti ayələrdə belə bildirilir:

 Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar ki bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allah’dan qaçıb xilas ola biləcək heç bir şey yoxdur. Həqiqətən, O, biləndir və Qadirdir. (Fatir surəsi, 44)

 And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, qüdrətə malikik ki, – (onları) daha yaxşıları ilə əvəz edə bilərik. (Bunda) qarşımıza çıxa bilən tapılmaz. (Məaric surəsi, 40-41)

Rəbbimiz inkar edən bir qövmə əzab verdiyi kimi, mömin qullarına da dilədiyi rəhməti verməyə qadirdir. Quranda Allah’ın gücünün hər şeyə çatdığına dair müxtəlif nümunələr verilmişdir. Allah həmişə iman edən qullarına kömək etmiş, ən çətin və qurtuluşun imkansız göründüyü vaxtlarda belə Qadir ismini təcəlli etdirib onlara çıxış yolu göstərmişdir. Hz. İbrahimi oddan, hz. Yusifi quyudan, hz. Yunisi balığın qarnından xilas etmişdir. Allah, eyni şəkildə, zövcəsi qısır və özü də yaşlı olduğu halda, hz. Zəkəriyyaya uşaq ehsan edib gücünün hər şeyə çatdığını insanlara göstərmişdir. Tarix boyunca Allah bütün elçilərini və iman edənləri dəstəkləmiş, təvəkkül və səbirlərinə qarşılıq onlara rəhm etmişdir.