Allahın İSİMLƏRİ

HASİB (Haqq-hesab çəkən)


HASİB (Haqq-hesab çəkən)

 Onlar Allah’ın risalətini təbliğ edir, Ondan qorxur və Allah’dan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir. (Əhzab surəsi, 39)

Allah insanı yaradır və hələ o, ana bətnində ikən ona surət verir. Hər insanı diqqətlə və tam fərqli bir yaradılışla dünyaya gətirir. Daha heç bir şeyin şüurunda deyil ikən onu qoruyur, bəslənməsini və inkişafını təmin edir. Ana bətnində keçən doqquz aylıq müddət insan üçün qaranlıq bir dövrdür. Heç kim bu dövrü və doqquz ay içində Allah’ın özü üçün necə inanılmaz möcüzələr reallaşdırdığını bilmir. Lakin Allah insan tək bir hüceyrə ikən belə onun ilk halına şahiddir. Uşaqlıq dövrü də eyni şəkildədir. İnsanın yaddaşında uşaqlığı ilə əlaqədar yalnız bir neçə xatirə qalır. Amma Allah o bilməzkən belə hər an yanındadır, hər etdiyinə şahiddir.

Allah’ın şahid olduğu yalnız insanın əməl olaraq etdikləri deyil, həm də içindən keçirdikləridir. Çünki Allah insanın həm içinə, həm xaricinə, qısaca, ruhuna tamamilə hakimdir. O, nəfsini müdafiə edərək nəyi nə üçün etdiyini bilməzkən belə Allah onun hər hərəkətini nə məqsədlə etdiyini bilir. İnsan tək bir hüceyrə halında ikən də, ölmək üzrə son nəfəsini verərkən də Allah onun etdiklərinə şahiddir. Dünyada yaşadığı vaxt ərzində oturarkən, danışarkən, yemək yeyərkən, yatarkən, gecə-gündüz hər saniyə etdiklərini bütün detalları ilə bilir, ağzından çıxanı eşidir, ağlından keçirdiyi hər düşüncəni bilir. Heç bir şey Ondan gizli qalmır.

Halbuki, insan həyatı boyu etdiyi işləri, söylədiyi sözləri unudur. İllər keçdikcə zehnindəki xatirələr pozulur. Keçmişdə yaşadıqlarını saymağa çalışdıqda çox az şey saya bilər. On il əvvəl yaşadığı bir hadisə özünə xatırladılıb o an nə düşündüyü soruşularsa, heç bir şey xatırlaya bilməz. Sanki bütün yaşadıqları zehnindən silinmişdir, geriyə çox az bir qalıq qalmışdır. Allah isə bütün insanların həyatları boyunca etdiklərini, hər saniyə ağıllarından nələr keçdiyini bilir. Hesab günü hər kəsin önünə pisliklərini, yaxşılıqlarını, saleh əməllərini və günahlarını əskiksiz gətirəcəkdir. Buna görə, insan Allah’ın özünə şahid olduğunu əsla unutmamalıdır. Allah’ın Hasib sifəti ayələrdə belə xəbər verilir:

 Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir. (Nisa surəsi, 86)

 Yetimləri yetkinlik yaşına çatana qədər imtahana çəkin. Əgər onların həddi-buluğa çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb (mallarını məndən alacaqlar) deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə o (maldan ) insafla yesin. (Yetimlərin) mallarını özlərinə qaytardığınız zaman onlara şahidlər tutun. Haqq-hesab çəkməyə Allah yetər. (Nisa surəsi, 6)

 Ən yüksək dərəcələrin və ərşin sahibi Odur. O, Öz əmri ilə vəhyi qullarından istədiyinə nazil edir ki, o, (insanları) görüş günü ilə qorxutsun. O gün (insanlar) (yer üzünə) çıxacaq və onların heç bir şeyi Allah’dan gizli qalmayacaqdır. (Allah deyəcək:)“Bu gün hökm kimə məxsusdur? Tək olan, qalib gələn Allah’a!” Bu gün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bu gün haqsızlıq olmaz. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Mömin (Ğafir)surəsi, 15-17)