Quran möcüzələrİ

Sodum və Qomorra şəhərləri


Sodum və Qomorra şəhərləri

 

Lut Peyğəmbər İbrahim Peyğəmbərlə eyni dövrdə yaşayıb. Hz. Lut hz. İbrahimə qonşu olan bir qövmə elçi kimi göndərilmişdi. Quranda bildirildiyinə görə, bu qövm o günə qədər dünyada tayı-bərabəri olmayan bir azğınlıqla, homoseksuallıqla məşğul olurdu. Hz. Lut həmin qövmə bu azğınlıqdan əl çəkməyi məsləhət görüb onlara Allah`ın ilahi təbliğini gətirəndə onu yalançı olmaqda ittiham etdilər. Onlar yenə də öz azğınlıqlarına davam etdilər. Bunun nəticəsində də həmin qövm dəhşətli bir müsibətə düçar olunaraq məhv edildi.

"Lut bir zaman öz tayfasına demişdi: "Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı sizmi edəcəksiniz? Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz doğrudan da həddi aşmış bir tayfasınız!" ...Onların üstünə yağış yağdırdıq. Bir gör günahkarların axırı necə oldu!" (Əraf surəsi, 80-84) 

"Biz etdikləri pozğunluğa görə bu məmləkət əhlinin başı üstünə göydən bir əzab endirəcəyik! Həqiqətən, Biz dərindən düşünən bir qövm üçün o məmləkətdən açıq-aydın bir nişanə qoyduq". (Ənkəbut surəsi, 34-35)
 

Hz. Lutun yaşadığı və sonra yerlə-yeksan edilmiş bu şəhərin Tövratda bildirilən adı Sodomdur. Qırmızı dənizin şimalında yaşayan bu qövmün Quranda yazılanlara uyğun bir şəkildə məhv edildiyi məlum olur. Aparılan arxeoloji qazıntılardan məlum olduğu kimi, şəhər bugünkü İsrail-İordaniya sərhədi boyunca uzanan Duz gölünün (Ölü dənizin) yaxınlığında yerləşib. Alimlərin tapıntılarına görə, bu sahə çoxlu sayda kükürdlə örtülmüşdür. Buna görə də bütün bölgədə heyvan və ya bitki olaraq heç bir həyat nişanəsinə rast gəlinmir və bu yer bir xarabalıq rəmzinə çevrilib. 

Məlum olduğu kimi, kükürd vulkan partlayışları ilə ortaya çıxan bir elementdir. Həmçinin Quranda bildirilən məhv edilmə formasının zəlzələ və vulkan partlayışları olmasına dair açıq-aşkar dəlillər var. Alman arxeoloqu Verner Keller (Werner Keller) bu yer haqqında bunları bildirir: 

"Bu yerdə bir gün özünü göstərən çox böyük partlayışlar, ildırımlar, yanğınlar və təbii qazlarla yanaşı, dəhşətli zəlzələ baş vermiş və Siddim vadisi ilə birlikdə Lut qövmünün şəhərləri yerin dərinliklərinə qərq edilmişdir..." 

Bu zəlzələ zamanı yer qabığının çatlayıb çökməsi həmin qabığın altında yatan vulkanlara asanlıqla yol açmışdır. Şəriənin yuxarı vadisində bu gün də sönmüş kraterlərə rast gəlinir. Burada əhəng qatlarının üzərində geniş lava və bazalt təbəqələri yer alır.


Bu lava və bazalt təbəqələri bir vaxtlar burada vulkan partlayışının və zəlzələnin olmasını göstərən ən böyük sübutlardır. Lut gölü və ya başqa adı ilə desək, Ölü dəniz, əslində, aktiv bir seysmik bölgənin, yəni bir zəlzələ qurşağının düz üstündə yerləşir: 

Ölü dənizin altı Rift vadisi deyilən tektonik mənşəli bir çöküntünün içində yerləşir. Bu vadi şimalda Təbəriyyə gölündən cənubda Arabah vadisinin ortasına qədər uzanan 300 kilometrlik bir sahədə yerləşir.

Lut qövmünün məruz qaldığı fəlakətin texniki tərəfləri geoloqların tədqiqatları nəticəsində üzə çıxıb. Həmin araşdırmalara əsasən, Lut qövmünü yer üzündən silən zəlzələ uzun bir Yer qabığı çatlaması (fay xətti) nəticəsində baş vermişdir: Şəriə çayının yatağını təşkil edən 190 kilometrlik məsafə boyu bu çay üst-üstə cəmi 180 metrlik bir enişə malikdir. Bu vəziyyət və Lut gölünün dəniz səviyyəsindən 400 metr aşağıda olması burada bir vaxtlar böyük geoloji hadisənin baş verdiyini göstərən mühüm dəlillərdəndir. 

Şəriə çayı ilə Lut gölünün belə bir qəribə quruluşu da Yer kürəsinin bu bölgəsindən keçən bir yarığın və ya çatın ancaq bir hissəsindən ibarətdir. Bu çat Toros dağlarının ətəklərindən başlayır, cənuba doğru Lut gölünün cənub sahillərindən və Ərəbistan səhrasının üzərindən Aqabə körfəzinə qədər uzanır, oradan da Qırmızı dənizi keçərək Afrikada qurtarır. Bu uzun çöküntünün uzanıb getdiyi yerlərdə güclü vulkan hərəkətlərinin olduğu üzə çıxır. Belə ki, İsraildəki Cəlilə dağlarında, İordaniyanın yüksək ovalıqlarında, Aqabə körfəzində və başqa yaxın yerlərdə qara bazalt və lavalar aşkar edilmişdir. Bütün bu qalıqlar və coğrafi xüsusiyyətlər Lut gölündə böyük geoloji hadisənin baş verdiyini göstərir. 

"National Geograrhic" jurnalının 1957-ci ilin dekabr ayında dərc edilən sayında mövzu ilə bağlı bu ifadələr öz əksini tapmışdır: 

"Sodom təpəsi Ölü dənizə tərəf yüksəlir. Heç kim indiyə qədər yox olan şəhərləri - Sodomu və Qomorronu tapa bilmədi, lakin alimlərin fikrincə, bu şəhərlər qayalıqların qarşısındakı Siddim vadisində yerləşirlər. Onlar böyük ehtimalla Ölü dənizin daşqın sularının və zəlzələnin altında qalmışdılar". 

Viranə qalmış bu şəhərlə əlaqədar işarə edilən məlumatlardan biri də "Hicr" surəsinin 76-cı ayəsində yer alır. Həmin ayədə də bildirildiyi kimi, bu şəhərlər hələ də əsas yolun üzərində yerləşirlər. Coğrafiyaçılar bu yerin Ərəbistan yarımadasından Suriya və Misirə qədər uzanan, Ölü dənizin cənub-şərqində bir əsas yol üzərində yerləşdiyini müəyyən ediblər (ətraflı məlumat üçün bax: Harun Yəhya, «Xalqların həlakı»).

«Onların altını-üstünə çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq. Bunda düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır! Həqiqətən, o (şəhər) yolun üstündə hələ də durmaqdadır! Bunda iman gətirənlər üçün də sözsüz ki, bir ibrət dərsi vardır!» (Hicr surəsi, 74-77)