Nuh tufanı

 

«Biz Nuhu öz tayfasına göndərdik. Nuh onların arasında min ildən əlli əskik qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı». (Ənkəbut surəsi, 14) 

Hz. Nuh Allah`ın ayələrindən uzaqlaşaraq Ona şərik qoşan tayfasını yalnız Allah`a qulluq etmələri və azğınlıqdan əl çəkmələri barədə xəbərdar etmək məqsədilə göndərilmişdi. Hz. Nuh qövmünə Allah`ın dininə tabe olmaları üçün dəfələrlə nəsihət verdiyi və onları Allah`ın qəzəbinə qarşı bir neçə dəfə xəbərdar etdiyi halda onlar hz. Nuhu yalançılıqda ittiham etmiş və şirk qoşmağı davam etdirmişdilər. Bundan sonra, Allah hz. Nuha inkar edərək zülm edənlərin suda boğularaq əzab veriləcəyini, iman gətirənlərinsə xilas ediləcəyini xəbər vermişdir. Nuh qövmünün həlakı və iman gətirənlərin xilası Quranın bir ayəsində belə bildirilir:

«Onlar (Nuhu) yalançı hesab etdilər. Biz də onu və onunla bərabər gəmidə olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə batırdıq. Onlar, həqiqətən, kor bir camaat idilər». (Əraf surəsi, 64) 

Haqqında danışılan əzab anı yetişəndə yerdəki su mənbələri güclü yağışlarla birləşərək nəhəng bir daşqına səbəb olmuşdu (ən doğrusunu Allah bilir). Quranda Allah`ın hz. Nuha həlak olmamışdan əvvəl belə vəhy etdiyi bildirilir:

«Biz ona belə vəhy etdik: "Nəzarətimiz altında və vəhyimiz üzrə gəmi düzəlt. Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə əvvəlcədən hökm verilmiş kimsələr, istisna olmaqla, ailə üzvlərini gəmiyə mindir. Zülm edənlər barəsində Mənə müraciət etmə. Çünki onlar suya qərq olacaqlar». (Muminun surəsi, 27) 

Hz. Nuhun gəmisinə minənlərdən başqa, - hz. Nuhun yaxınlıqdakı bir dağa sığınaraq xilas olacağını güman edən oğlu da daxil olmaqla - bütün qövmü suda qərq oldu. Tufandan sonra sular çəkiləndə gəmi Quranda bildirildiyinə görə, Cudidə, yəni hündür bir yerdə dayanmışdı: 

«"Ey yer! Suyunu ud! Ey göy! Sən də saxla!" - deyildi. Su çəkildi. İş bitdi. Gəmi Cudi dağı üzərində oturdu və: "Zalımlara da məhv olsunlar!" -deyildi». (Hud surəsi, 44) 

Allah`ın göndərdiyi və təhrif olunmayan yeganə müqəddəs kitab olan Quranda tufan hadisəsi Tövratda və müxtəlif mədəniyyətlərdə bəhs edilənlərdən çox fərqli şəkildə qeyd edilir. Təhrifə məruz qalan Tövratda bu tufanın ümumbəşəri olduğu və bütün dünyanı əhatə etdiyi bildirilir. Halbuki, Quranda tufanın dünyanın hər tərəfini əhatə etməsi ilə bağlı bir ifadə yoxdur. Əksinə, ayələrdən tufanın lokal olduğu və dünyanın hər tərəfini deyil, təkcə hz. Nuhu yalançılıqda ittiham edən qövmün cəzalandırıldığı aydın olur. Həlak olanlar hz. Nuhun təbliğini rədd edən və üsyan etməyə davam edən qövm idi. Bununla bağlı ayələr belədir: 

«Həqiqətən, Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh dedi: "Mən sizi açıq-aşkar çəkindirən bir peyğəmbərəm! Allah`dan başqasına ibadət etməyin. Mən şiddətli günün sizə üz verəcək əzabından qorxuram!"» (Hud surəsi, 25-26)

«Onu yalançı hesab etdilər. Biz də onu və onunla bərabər gəmidə olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə batırdıq. Onlar, həqiqətən, kor bir camaat idilər». (Əraf surəsi, 64) 

«Beləliklə, onu və onunla birlikdə olanları Öz mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalan hesab edib iman gətirməyənlərin isə kökünü kəsdik». (Əraf surəsi, 72)
 

Aydın olduğu kimi, Quranda bütün dünyanın deyil, təkcə Nuh qövmünün həlak edildiyi bildirilir. Təhrif edilən Tövrat və İncildəki izahların düzəldilmiş həqiqi hallarının çatdırılması da Quranın tamamilə Allah`ın dərgahından göndərilən bir kitab olduğunu sübut edir. 

Tufanın baş verdiyi güman edilən ərazidə aparılan arxeoloji qazıntılar da tufanın bütün dünyanı əhatə edən ümumbəşəri bir hadisə deyil, Mesopotamiyanın bir hissəsini təsiri altına alan çox geniş bir bəla olduğunu göstərir. Bundan başqa, Quranda gəminin tufandan sonra Cudiyə oturduğu bildirilir. «Cudi» kəlməsi bəzən xüsusi bir dağ adı kimi işlədilir, halbuki ərəb dilində «hündür yer, təpə» mənasına gəlir. «Cudi» kəlməsinin bu mənasından suların ancaq müəyyən bir səviyyəyə qalxdığı, dünyanın bütün quru səthini əhatə etmədiyi aydın olur. Yəni tufanın təhrif olunan Tövratda və başqa əfsanələrdə bəhs edildiyi kimi, bütün Yer səthini və dünyadakı bütün dağları bürümədiyini, təkcə müəyyən bir bölgəni əhatə etdiyini Qurandan öyrənirik. 

Tufanın arxeoloji sübutları 

Bir sivilizasiyanın bir anda məhv olub yer üzündən silinməsi nəticəsində -istər təbii fəlakət, qəfil köç və ya bir müharibə olsun- bu mədəniyyətə aid izlər daha yaxşı qorunur. İnsanların evləri və gündəlik həyatda istifadə etdikləri əşyalar qısa vaxt ərzində torpağın altında qalır. Bununla da onlar uzun müddət insan əli dəymədən qorunur və gün üzünə çıxarılmaları ilə keçmişdəki həyat haqqında vacib ip ucu verirlər.

Nuh tufanı ilə bağlı bir çox dəlilin günümüzdə ortaya çıxarılması da bunun sayəsində mümkün olub. B.e.ə. 3000-ci illər ərəfəsində baş verdiyi güman edilən tufan bütün sivilizasiyaları bir anda məhv edərək bunun yerinə tamamilə yeni bir sivilizasiya yaranmasını təmin etmişdir. Beləliklə, tufanın açıq dəlilləri bizim ondan ibrət almağımız üçün minilliklər boyunca qorunub. Mesopotamiya ovalığını əhatə edən tufanı tədqiq etmək üçün çoxlu qazıntı işləri aparılıb. Bölgədə aparılan qazıntılarda əsasən, 4 şəhərdə böyük bir tufan nəticəsində baş verə biləcək selin izlərinə rast gəlinir. Bu şəhərlər Mesopotamiya ovalığının əsas şəhərləri Ur, Uruk, Kiş və Şuruppakdır. Bu şəhərlərdə aparılan qazıntı işləri onların hamısının b.e.ə. 3000-ci illərdə güclü bir daşqına məruz qaldığını göstərir. 

Hazırda Tel-Əl-Muhayər adlandırılan Ur şəhərində aparılmış qazıntılarda əldə edilən maddi mədəniyyət nümunələrinin ən qədiminin tarixi b.e.ə. 7000-ci illərə qədər gedib çıxır. İnsanların ilk mədəniyyət qurduğu yerlərdən biri hesab edilən Ur şəhəri tarix boyunca bir çox mədəniyyətlərin bir-birinin ardınca gəlib keçdiyi bir yaşayış məskəni olub. Ur şəhərində aparılmış qazıntılarda ortaya çıxarılan arxeoloji tapıntılar buradakı mədəniyyətin çox böyük daşqın nəticəsində məhv olduğunu, bundan bir müddət sonra təkrarən yeni sivilizasiyaların yaranmağa başladığını göstərir. Leonard Uoley «British Museum» və Pensilvaniya Universiteti (ABŞ) tərəfindən müştərək aparılan bir qazıntı işinə rəhbərlik etmişdi. Bu qazıntı Bağdadla Bəsrə körfəzi arasındakı səhranın ortasında aparılırdı. «Readers Digest» jurnalında L.Uoleyin qazıntılarından belə bəhs edilir: 

«Qazıntı aparılan ərazidə getdikcə çox vacib bir tapıntı ortaya çıxarılmışdı. Bu, Ur şəhərinin krallar qəbiristanlığı idi. Tədqiqatçılar Şumer hökmdarlarının və əsilzadələrin basdırıldığı bu qəbiristanlıqda bir çox əfsanəvi sənət əsərlərinə rast gəldilər. Miğfərlər, qılınclar, musiqi alətləri, qızıldan və bahalı daşlardan hazırlanan sənət abidələri... İşçilər palçığa dönmüş kərpiclərin arasından bir metrə qədər dərinlikdən girdi və saxsı çömçələr çıxarmağa başladılar. Və sonra qəfildən hər şey dayandı». 

Uoley belə yazırdı: «Daha nə saxsı, nə çömçə, nə də kül var idi. Təkcə suyun gətirdiyi təmiz palçıq vardı».

Uoley qazıntını davam etdirdi, iki metr yarım təmiz gil təbəqəsindən keçilərək dərinliyə gedildi və sonra birdən fəhlələr, ...bu dövrün insanları tərəfindən düzəldilən zımpara daşından alətlər və saxsı çömçə qırıntılarına rast gəldilər. Palçıq təmizlənəndən sonra altında qalmış bir mədəniyyət üzə çıxdı. Bu isə bölgədə böyük bir subasmanın, yəni daşqının baş verdiyini göstərirdi. Bundan başqa, mikroskopik analiz təmiz gildən qalın bir təbəqənin qədim Şumer mədəniyyətini məhv edəcək qədər güclü və böyük bir tufan tərəfindən bura atıldığını göstərirdi. «Gilqames» dastanı ilə Nuhun hekayəti Mesopotamiya səhrasında qazılan bir quyuda ortaq bir mənbədə birləşirdi.

Maks Mallovan qazıntı işlərinə rəhbərlik edən L.Uoleyin fikirlərini belə qeyd edirdi: «Uoley bir zaman kəsiyində yaranmış bu qədər böyük bir gil kütləsinin böyük bir daşqının nəticəsi ola biləcəyini bildirmiş rəngli saxsı küp işlədən xalqı tərəfindən qurulmuş Şumer Uru ilə Əl-Ubaidin şəhərlərini ayıran sel təbəqəsinin əfsanəvi tufanın qalıqları olduğu qənaətinə gəlmişdi».

Bu məlumatlar tufanın təsir etdiyi yerlərdən birinin Ur şəhəri olduğunu göstərir. Alman arxeoloqu Verner Keller isə haqqında danışılan qazıntının əhəmiyyətini bu cür ifadə edir: «Mesopotamiyada aparılan arxeoloji qazıntılarda palçıqlı bir təbəqənin altından şəhər qalıqlarının çıxması burada bir sel olduğunu sübut edir».

Tufanın izləri olan Mesopotamiyanın başqa bir şəhəri isə bu gün Tel Əl-Uhaymer adlandırılan şumerlilərin Kiş şəhəridir. Qədim Şumer mənbələrində bu şəhər «Böyük tufandan sonra hakimiyyətə gələn ilk xanədanlığın paytaxtı» kimi qeyd edilir. Hazırda Tel Əl-fara adlandırılan Cənubi Mesopotamiyadakı Şuruppaq şəhəri də tufanın aşkar izlərini daşıyır. Bu şəhərdəki arxeoloji qazıntılar 1920-1930-cu illərdə Pensilvaniya Universitetindən Erix Şmidt tərəfindən aparılmışdı. Qazıntılarda b.e.ə. 3000-2000-ci illər arasında mövcud olan bir sivilizasiyanın yaranması və inkişafı müxtəlif təbəqələrdə asanlıqla görülür. Mixi yazılarından aydın olurdu ki, bu ərazidə b.e.ə. 3000-ci illərdə mədəni cəhətdən çox inkişaf etmiş bir xalq yaşayıb.

Ən mühüm cəhət isə bu şəhərdə də b.e.ə. 3000-2900-cu illər ərəfəsində böyük bir daşqının baş verməsinin məlum olması idi. Şmidtin çalışmalarını anladan Mallovan belə deyir: «Şmidt 4-5 metr dərinlikdə gil və qum qarışığı olan sarı torpaqdan sonra bir təbəqəyə çatdı (bu təbəqə sellə birlikdə olmuşdu). Bu təbəqə böyük kəsiyinə görə ova səviyyəsinə yaxın bir səviyyədə yer alır və təpənin hər yerindən izlənə bilirdi...» 

Şmidt, Cəmdət Nasr dövrünü Qədim krallıq dövründən ayıran gil və qum qarışığı təbəqəni «tamamilə çay mənşəli bir qum» kimi qeyd edərək onu Nuh tufanı ilə əlaqələndirmişdi.242 Qısası, Şuruppaq şəhərində aparılan qazıntılarda da təxminən b.e.ə. 3000-2900-cu illərə uyğun gələn bir selin qalıqları ortaya çıxarılmışdır. Başqa şəhərlərlə yanaşı, Şuruppaq şəhəri də, ehtimal ki, tufanın təsirinə məruz qalmışdı.243

Tufana məruz qalan axırıncı yaşayış məskəni Şuruppaqın cənubunda yerləşən və hazırda Tel Əl-Varqa adlandırılan Uruq şəhəridir. Bu şəhərdə də digərləri kimi bir sel təbəqəsinə rast gəlinir. Bu sel təbəqəsi də b.e.ə. 3000-2900-cü illərə uyğun gəlir. 

Məlum olduğu kimi, Dəclə və Fərat çayları Mesopotamiyanı başdan ayağa kəsib keçir. Aydın olur ki, hadisə ərəfəsində bu iki çay və irili-xırdalı bütün su mənbələri daşmış, bunlar yağış suları ilə birləşərək böyük bir sel yaratmışdı. Bu hadisə Quranda belə xəbər verilir: 

«Biz göyün qapılarını sel kimi axan bir yağışla açdıq. Yeri yarıb oradan bulaqlar qaynatdıq. Nəhayət, sular əzəldən müəyyən edilmiş bir iş üçün bir-birinə qovuşdu. Biz Nuhu taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik». (Qəmər surəsi, 11-13) 

Aparılan tədqiqatların nəticələri dəyərləndiriləndə tufanın bütün Mesopotamiya ovalığını əhatə etdiyi məlum olur. Tufanın izlərini daşıyan Ur, Uruq, Şuruppaq və Kiş şəhərlərinin mədəniyyətini ardıcıllıqla tədqiq edərkən bunların bir xətt üzərində yerləşdiyini görürük. Bundan başqa, b.e.ə. 3000-ci illərdə Mesopotamiya ovalığının coğrafi quruluşu indikindən daha fərqli idi. Həmin dövrdə Fərat çayının yatağı indikinə nisbətən şərqdə yerləşirdi. Bu axın istiqaməti də Ur, Uruq, Şuruppaq və Kişdən keçən bir xəttə uyğun gəlir. Dolayısilə, qeyd edilən ərazidə Fərat çayının daşdığı və bu 4 şəhəri yerlə-yeksan etdiyi aydın olur (ən doğrusunu Allah bilir). 

Allah Nuh tufanını insanlara bir ibrət olması üçün müxtəlif xalqlara göndərdiyi peyğəmbərlər və kitablar vasitəsilə agah etmişdir. Ancaq bu məlumatlar hər dəfə təhrif edilmiş və tufan hadisəsinə mistik-mifoloji çalarlar əlavə edilmişdir. Arxeoloji tapıntılarla uyğun gələn və onları təsdiq edən yeganə mənbə isə Qurandır. Bunun səbəbi Allah`ın Quranı heç bir kiçik dəyişikliyə də məruz qoymadan qorumasıdır (ətraflı məlumat üçün bax: Harun Yəhya, «Xalqların həlakı»).