Quran möcüzələrİ

Bir yerdə hərəkət edən çəyirtkələr


Bir yerdə hərəkət edən çəyirtkələr

 

«Onlar gözlərini zəlilanə aşağı dikib sanki səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar». («Qəmər» surəsi, 7)

Yuxarıdakı ayədə iman gətirməyənlərin axirətdəki vəziyyəti xəbər verilir. Gəlib-getmiş milyardlarla insanın kütləvi şəkildə dirilməsi səpələnən çəyirtkələrə oxşadılır. Şübhəsiz ki, Allah`ın bu misalı çəkməsinin bir çox hikməti var. XX əsrdə çəyirtkələrin üstünə yerləşdirilən mikrokameralarla aparılan əhatəli tədqiqatlar zamanı bir çox məlumatlar əldə edilib. Çəyirtkə sürüləri çox izdihamlı olur, sanki tək bir bədən kimi hərəkət edirlər. Milyardlarla çəyirtkə bir yerə yığışanda eni-uzunu kilometrlərlə ölçülən qapqara bir yağış buludunu xatırladır. Bu sürülərin bəzilərinin 3-5 km enində və metrlərlə dərinlikdə olduğu müəyyən edilib. Çəyirtkə sürüləri bu cür sıxlaşanda elə sanırsan ki, hava qaralıb.
Bu canlılarla bağlı əldə edilən başqa bir məlumat onların öz yumurtalarını torpağın içinə toxum kimi yerləşdirməsi və çəyirtkə sürfələrinin uzun müddət torpağın altında qalandan sonra torpağın səthinə bir yerdə çıxmasıdır. Dişi çəyirtkələr torpağın altına doğru 10-15 sm-lik tunel qazandan sonra bir dəfəyə 95-158 sürfə buraxır. Bir çəyirtkə bu əməliyyatı təxminən üç dəfə təkrarlayır. Sürfələr yetişəndə -havanın temperaturuna bağlı olaraq 10-65 gün arasında- kütləvi şəkildə torpağın altından çıxırlar. 1 kvadratmetrlik ərazidə 1000 yumurta çuxuru olur. Çəyirtkə sürüləri bir neçə yüz kvadratmetrlik sahəni əhatə edə biləcək çoxluqdadırlar. Kvadratmetrə düşən çəyirtkə miqdarı isə 40-80 milyon arasında dəyişir.Çəyirtkələrin torpağın altında olması, uzun müddət qalandan sonra kütləvi şəkildə yer səthinə çıxması qiyamət günü insanların dirilməsinə oxşar bir görüntü ola bilər (ən doğrusunu Allah bilir).

Hazırda çəyirtkələri araşdırmaq üçün xüsusi qruplar yaradılıb və bu tədqiqatların bir hissəsində görüntü əldə etmək üçün uzaqdan idarəetmə sistemlərindən istifadə edilir. Hətta NASA-nın (Amerika Aerokosmik Tədqiqatlar Agentliyi) peyk məlumatlarından da Afrikada səhra çəyirtkə koloniyalarının geniş yayılıb inkişaf etdiyi sahələri müəyyənləşdirmək üçün istifadə olunur. Hətta peyk məlumatları sayəsində 18 milyon kvadratmetrlik sahələrdə yerdən və havadan əhatəli araşdırmalar aparmaq mümkün olur. Göründüyü kimi, çəyirtkələrlə bağlı bu məqamları müəyyənləşdirmək üçün bu texnologiyaların mövcud olmadığı bir dövrdə belə bir təşbehin ifadə edilməsi Quranın hər şeyi bilən Allah`ın vəhyi olmasının daha bir dəlilidir.