Quran möcüzələrİ

Hərəkət etməyin, yuyunmağın və su içməyin sağlamlığa faydası


Hərəkət etməyin, yuyunmağın və su içməyin sağlamlığa faydası

Quranda diqqət çəkilən davranışlardan biri hz. Əyyuba gələn bir vəhydən bəhs edən ayələrdə bildirilir:

«Bəndəmiz Əyyubu da yad et! Bir zaman o öz Rəbbinə müraciətlə belə demişdi: "Şeytan mənə bəla və əzab toxundurmuşdur!" Ona belə buyurduq: "Ayağını tərpət! Bu, yuyunacaq və içiləcək sərin sudur!"» («Sad» surəsi, 41-42)

Hz. Əyyuba şeytanın verdiyi sıxıntı və narahatlığa qarşı Allah`ın bildirdiyi tövsiyələrdən biri ayağını tərpətməsidir. Ayədə qeyd edilən bu ifadə hərəkət etməyin, idmanla məşğul olmağın faydalarına bir işarə ola bilər (ən doğrusunu Allah bilir). «Ayağını tərpət, yerə vur» kimi tərcümə edilən «urkud» kəlməsi «Ənbiya» surəsinin 12-ci və 13-cü ayələrində «qaçmaq» mənasında da işlədilir. Bu da burada nəzərdə tutulan hərəkətin «qaçmaq» və ya «sürətli addımlamaq» şəklində ola biləcəyini göstərir.

İdman zamanı xüsusilə ayaq əzələləri kimi uzun əzələlərin hərəkət etdirilməsi (izometrik hərəkətlər) ilə qan dövranı sürətlənir, hüceyrələrə gedən oksigenin miqdarı artır. Nəticədə, insanın ətaləti aradan götürülür, toksik maddələrin bədəndən uzaqlaşdırılması ilə insan dincəlir. Mikroblara qarşı geniş və təmiz damarlara malik olur. Bu da damarların tıxanmasına, dolayısilə, ürək xəstəliklərinə mane olur. Nizamlı məşqlər qan şəkərinin balansını təmin edərək şəkər xəstəliyinin qarşısını alır. İdmanın qaraciyərə müsbət təsiri «yaxşı xolesterol» deyə biləcəyimiz xolesterol səviyyəsini yüksəldir. Çılpaq ayaqların yerə basılması bədəndə yığılıb qalan statik elektrikin boşalmasında çox təsirlidir. Bu üsul bədən üçün bir növ ötürücü rolunu oynayır.

Bununla yanaşı, ayədə diqqət çəkildiyi kimi, yuyunmağın da bədəndəki statik elektrikin atılmasında ən təsirli üsul olduğu bildirilib. Yuyunarkən insan bədənində yaranan fiziki təmizliklə yanaşı, insanın gərginlik və sıxıntısı da azalır. Buna görə də yuyunmaq həm stressin, həm də hərarətli xəstəliklər başda olmaqla, bir çox fiziki və psixoloji narahatlığın aradan qaldırılmasında müsbət təsirə malikdir.

Ayədə yuyunmaqdan başqa bir də su içilməsi tövsiyə edilir. Suyun bədənin hər bir orqanına faydası nəzərdən qaçırılmayacaq qədər çoxdur. Tər vəzləri, mədə-bağırsaq, böyrəklər, dəri və bunlar kimi daha bir çox orqanın sağlamlığı bədənin kifayət miqdarda su qəbul etməsinə bağlıdır. Bu məsələdə yarana biləcək bir narahatçılığın aradan qaldırılması da yenə su ilə edilən əlavələrlə mümkün olur. Yorğunluğun, gərginliyin və yuxulu olmağın həlli də yenə bədəndəki su miqdarının artırılması, beləliklə, toksik maddələrin kənarlaşdırılması təmin edilməklə baş verir.

Hər biri cismani və ruhi sağlamlığımız üçün həyati əhəmiyyət kəsb edən bu tövsiyələrin birlikdə yerinə yetirilməsi isə ən ideal nəticə verəcək. Bu tövsiyələrdən hər biri Allah`ın «Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik...» («İsra» surəsi, 82) ayəsinin bir təzahürüdür.