Axırzaman və MEHDİ (əs)

İslami mənbələrdə “Axır zaman”


İslami mənbələrdə “Axır zaman”

Axır zaman, “son dövr” mənasını verir. İslama görə Qiyamətə yaxın zamanda Quran əxlaqının hakim olacağı və din əxlaqının insanlar arasında geniş şəkildə yaşanacağı dövrü ifadə edir. Bu dövrdə insanların hüzur və güvən içində yaşamaları üçün lazım olan hər cür şərait mövcud olacaq, əvvəlki dövrlərdə yaşanan hər cür çətinliyin əvəzinə bolluq, bərəkət və ədalət hakim olacaq, əxlaqsızlıq, saxtakarlıq və degenerasiyanın hər növü ortadan qalxacaq.

Bu dövr, bütün inananların əsrlərdir həsrətlə gözlədikləri İslam əxlaqının hakim olduğu müqəddəs  dövrdür.

Peyğəmbərimizin (s.ə.v.) hədislərində axır zamanı açıqlayan təfərrüatlı izahatlar var. Peyğəmbərimizdən (s.ə.v.) sonra bir çox İslam alimi də axır zaman haqqında çox mühüm izahlar veriblər. Bu izahlarda axır zamanın ilk dövrlərində dünyada çox böyük qarışıqlıq yaşanacağı qeyd edilir. Ancaq daha sonra həqiqi din əxlaqının yaşanması ilə dünya qurtuluşa qovuşacaq, çox böyük bolluq və bərəkətin yaşandığı, texnologiyanın bütün nemətlərinin insanların xidmətinə təqdim edildiyi, Allahın izniylə elmdə, tibbdə çox böyük nailiyyətlərin əldə edildiyi və çox yüksək incəsənət anlayışının yaşandığı bir dövr gələcək.

Axır zamanın ilk dövrlərində dünya Allahı inkar edən bir sıra fəlsəfi sistemlər səbəbindən degenerasiyaya məruz qalacaq. Bəşəriyyət yaradılış məqsədindən uzaqlaşacaq, bunun nəticəsində böyük bir mənəvi boşluq və əxlaqi pozğunluq yaşayacaq. Böyük fəlakətlər bir-birini izləyəcək, müharibələr, zəlzələlər olacaq, insanlıq “necə xilas ola bilərik?” sualının cavabını axtaracaq. Məhz axır zamanın bu böyük qarışıqlığı dövründə insanları xilas edən və onları müqəddəs dövrə aparan Hz. Mehdi (ə) zühur edəcək. Əslində belə bərəkətli dövr Quran əxlaqını yaşayan hər cəmiyyət və hər dövr üçün eynilik təşkil edir. Allah, Ondan qorxub çəkinən və Quranda bildirdiyi əmrlərinə ciddi şəkildə riayət edən qullarına həmişə çox böyük nemətlər lütf etmiş, onları bolluq içində yaşatmışdır.

Bu dövr Peyğəmbərimiz (s.ə.v.) tərəfindən 14 əsr əvvəl deyilmiş hədislərdə və bir çox İslam aliminin əsərlərində təfərrüatlı şəkildə izah edilir. Hədislərdə axır zaman haqqında geniş təsvirlər var və hər mövzu çox əhatəli şəkildə izah edilir. Bu hadisələrin bundan 14 əsr əvvəl bu qədər əhatəli şəkildə açıqlanması və müəyyən bir dövr ərzində ardıcıl olaraq reallaşması hədsiz dərəcədə möcüzəvidir. Hadisələrin baş verməsi hədislərin doğruluğu haqqındakı bütün şübhələri ortadan qaldırır. Bundan əlavə, İslam əxlaqının dünyaya hakim olması və Hz. İsanın (ə) yenidən yer üzünə dönüşü kimi axır zamanla bağlı olan bəzi məlumatlar, birbaşa Quranda xəbər verilir və doğruluğu qətidir. Allah ayələrində inanan qullarına İslam əxlaqının dünyaya hakim olacağını belə müjdə verir:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)