Adamlıq DİNİ

Adamlıq dinində ortaq psixologiya və davranış formaları-3


Adamlıq dinində ortaq psixologiya və davranış formaları-3

3- Lağ etmək

Səmimiyyətsizliklə yanaşı, lağ etmək də adamlıq dini mənsublarının ortaq davranış pozuntularındandır. Quranda açıq-aşkar qadağan edilən lağ etməyin necə çirkin davranış olduğu bir ayədə belə bildirilmişdir:

Qeybət edib tənə vuran hər kəsin vay halına! (Hüməzə surəsi, 1)

Lakin adamlıq dinində birisinin fürsət tapdıqda heç çəkinmədən bir başqasına lağ etməsinə və onu hörmətdən salmasına mane olan heç bir qayda yoxdur. Əksinə, lağ edən adamın tərəfində olmaq hər kəs üçün daha xoşdur. Lağ etmək və hörmətdən salmaq üçün edilən hərəkətlərə bu nümunələri verə bilərik:

Bir qrupda səmimi olduğu insanlara qaş-gözlə işarə edərək digərlərinə lağ etmək, insanları alçaltmaq qəsdilə onların səhvlərini, qüsurlarını hamının yanında demək və bunlara lağ etmək, insanların fiziki xüsusiyyətlərinə lağ etmək.

Həmçinin lağ etmək və zarafatlarla insanları hörmətdən salmaq, baxış və mimikalarla insanları alçaltmaq, qarşısındakını hörmətdən salacaq tərzdə təqlid etmək, üslub, səs tonu və seçilən sözlərlə qarşı tərəfi əzməyə çalışaraq öz üstünlüyünü vurğulamaq, biri bir şey izah edərkən onu dinləməyib başqasıyla gülüşmək, eşidə bilmədiyi bir şəkildə onun haqqında pıçıldaşmaq kimi hərəkətlərə adamlıq dinində tez-tez rast gəlinir.

Həmçinin hamının yanında səhv hərəkət edən biri ilə ümumi şəkildə lağ etmək, sevmədiyi, əzmək istədiyi birini insanların çox olduğu yerdə hörmətdən salmaq da adamlıq dininin xüsusiyyətlərindəndir. Halbuki, lağ etmək, alçaltmaq, pis ləqəblər taxmaq Quranda şiddətlə qınanmış və qadağan edilmişdir:

Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar o birilərindən daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar o birilərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Hucurat surəsi, 11) 

4 - Laqeydlik

Adamlıq dininin ən fundamental əsaslarından biri laqeyd olmaqdır. Çünki bu batil dində laqeydlik və diqqətsizlikdən sözdə ağıl, qabiliyyət və şəxsiyyət üstünlüyünü vurğulama üsulu kimi istifadə edilir. Çox əhəmiyyətli və hər kəsdən daha üstün bir şəxsiyyətə sahib olan insan təəssüratı verməyin yolunun laqeydlik olduğuna inanılır. Bu səbəblə, xüsusilə gənclər arasında laqeyd davranışlar çox geniş yayılmışdır.

Bir məktəbin ən məşhur qızlarını və ya oğlanlarını düşünün. Ümumiyyətlə, bu insanlarda təvazökar, hər kəsə qarşı sevgi dolu və səmimi münasibət görə bilməzsiniz. Çünki gözəl əxlaqın ən mühüm xüsusiyyətləri olan bu davranışlar cahiliyyə cəmiyyətində insanları hörmətdən salır. Adamlıq dininin mənsubları arasında məşhur olmaq üçün mümkün olduqca qürurlu və laqeyd olmaq lazımdır. Hər kəsə salam verməmək, ancaq salam verilən insan olmaq çox əhəmiyyətlidir. Sevgi göstərən deyil, ancaq özünə sevgi göstərilən adam olmaq da həmçinin. Ətrafındakılarla maraqlanmırmış kimi görünmək, biri səmimi münasibət göstərdikdə əhəmiyyət verməmək, yalnız bir neçə yaxın tanışı ilə səmimi olub bunlardan başqa hər kəsə laqeyd davranmaq da bu anormal davranışlara nümunədir.

Laqeydliyin ikinci bir tərəfi də vardır. “Vecinə almamaq” kimi adlandırdığımız bu tərəf cahiliyyə cəmiyyətinin demək olar ki, hamısına hakimdir. Bu əhvalda olan insanlar təhlükəni dərk etmir, dərk etsələr belə, mühüm hesab etmirlər. Çünki adamlıq dini təhlükəyə qarşı sakit reaksiya verməyi üstünlük olaraq qəbul edir. Buna görə, cahiliyyə cəmiyyətində diqqətsizlikdən qaynaqlanan ölümlər, şikəstliklər, xəstəliklər daha çox olur. Məsələn, kabelinin üstü açıq olan cihazı təmir etdirməyin əvəzinə: “Qoy qalsın, biz belə şeylərdən qorxmuruq”, -deyərək bu şəkildə istifadə etmək bu diqqətsizliyin bir göstəricisidir. Ya da elektrik şəbəkəsi köhnələn və hər an yanğın təhlükəsi olan bir mənzildə yaşayanların: “Eybi yoxdur, bu mənzil möhkəm mənzildir, heç nə olmaz”,- sözləriylə bu təhlükəni görməzlikdən gəlmələri… Hətta insanların bir çoxu: “Bizim canımız çox möhkəmdir, bizə heç bir şey olmaz”, - deyib illərlə həkimə getmir, xəstəlikləri üçün müalicəyə ehtiyac duymurlar. Adamlıq dinində bu laqeydliyə görə, bədənindəki xərçəngi, virusları bilmədən illərlə yaşayan və xəstəliyi aşkar olduqda artıq ölümcül halda olduğu təyin olunan insanlar çoxdur.

Bu diqqətsizliyin səbəb olduğu başqa bir təhlükə isə ətrafına zərər vermə ehtimalıdır. Məsələn, bəzi insanlar 3-4 yaşındakı uşaqlarını “heç nə olmaz” düşüncəsi ilə evdə tək qoyurlar. Evə qayıtdıqda uşağın sobaya toxunub yandığını və ya qazı açdığı üçün zəhərləndiyini, yaxud da dərman içdiyini və ya pəncərədən yıxılıb öldüyünü görən insanlara çox rast gəlinir. Belə xəbərlər hər gün qəzet səhifələrində yayımlanır. Ancaq adamlıq dininin laqeydliyi bu nöqtədə də özünü göstərir. Bu xəbərləri oxuyan insanlar belə bir hadisənin öz başlarına gəlməyəcəyinə inandıqları üçün eyni cür davranmağa davam edirlər.

Cahiliyyə əxlaqında diqqətsizlik o qədər yayılmışdır ki, insanlar bir-birlərindən daimi olaraq “fikir vermə, heç nə olmaz” tərzində sözlər eşidirlər. Hətta bu dinin batil anlayışına görə, insanlar hər hansı bir təhlükəyə qarşı tədbir görməyə və ya tədbir görülməsini təklif etməyə utanırlar. Çünki ətrafdakılar onu qorxaq adlandırar. Məsələn, yanğın təhlükəsizliyi olmayan böyük bir iş yerində işçilərin lazımi təchizatların gətirilməsini və ya köhnəlmiş liftin yenilənməsini istəməsi olduqca çətindir. Çünki bu zaman iş yerindəki digər insanlar bu adama lağ edir, qorxaq kimi baxırlar. Halbuki, bu diqqətsizliyin sonu insanların zərəri ilə nəticələnir.

Ancaq burada bir nöqtəyə diqqət yetirmək lazımdır. Əlbəttə, bir təhlükə zamanı həddindən artıq təlaşlanmaq, bir anda şüuru qapanacaq dərəcədə dəhşətə düşmək kimi davranışlar da doğru deyil. Allah insanlara Quranda təvəkküllü olmalarını, yəni çətin vəziyyətlərdə, təhlükə anlarında da Allah`a güvənib səbir etmələrini əmr etmişdir. Bu mövzudakı bəzi ayələr belədir:

Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allah`ın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər. (Ənfal surəsi, 2)

De: "Allah`ın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O, bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allah`a təvəkkül etsinlər!" (Tövbə surəsi, 51)

Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allah`a təvəkkül etsə, ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü təyin etmişdir. (Talaq surəsi, 3)

(Yəqub) dedi: "Oğullarım! eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə, mən Allah`ın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allah`ındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!" (Yusuf surəsi, 67)

Yuxarıdakı ayədə göründüyü kimi, hz. Yəqub uşaqlarına təvəkküllü olmağı nəsihət edir, həm də görəcəkləri işdə tədbirli davranmağı xatırladır. Saleh müsəlmanın davranışı da belə olmalıdır. Nə adamlıq dininin tələbi olan laqeydlik, nə də Allah`ın çirkin olduğunu bildirdiyi təvəkkülsüzlük doğru davranışlar deyil. İnsan gördüyü hər təhlükəyə qarşı ağlını işlədib tədbirli olmalı, eyni zamanda da Allah`ın diləməsi xaricində heç bir təhlükənin qarşısını ala bilməyəcəyini düşünüb Rəbbimizə təvəkkül etməlidir.

5- Zalımlıq

Adamlıq dini cəmiyyəti son dərəcə mərhəmətsiz və duyğusuz bir hala salır. Bu səbəblə, xalqın böyük əksəriyyəti ətrafına qarşı son dərəcə düşüncəsiz və mərhəmətsiz olur. Buna görə, insanların gün ərzində dəfələrlə əhvalı pozulur, inciyir, ürəyi sıxılır. Adamlıq dininin zalımlığı səbəbiylə son dərəcə gərgin, əsəbi, əzablı bir həyat yaşayırlar. Hər kəsin çox şən bildiyi insanların belə demək olar ki, hamısı axşam yatağına uzandıqda saatlarla ağlayıb daxilən böyük sıxıntılar yaşayan insanlardır. Çünki cəmiyyətin çoxuna adamlıq dini tam hakimdir və bu batil dinin gətirdiyi hər hərəkət, hər mimika insanlar üçün - özləri də eynisini etdikləri halda - dözülməzdir.

Məsələn, maddi vəziyyəti yaxşı olmadığı üçün iş yerinə hər gün eyni paltarla getmək məcburiyyətində qalan bir insan düşünək. Bu adam üçün hər gün eyni paltarı geyinmək böyük bir çətinlikdir. Çünki mütləq ətrafındakı insanlar bu haqda öz aralarında danışır, buna görə, ona dəyər vermir və “bu paltar əynində köhnələcək”, “yəqin sənin başqa paltarın yoxdur” kimi düşüncəsiz zarafatlarla lağ edirlər.

İş yerində, məktəbdə, bağ evində, kursda və ya bir qrupun olduğu hər hansı bir məkanda mütləq insanların arxasından danışan kəslərin olduğunu bilmək də çox sıxıntılı haldır. Çünki insanlar mütləq öz arxalarından danışılanları bir yolla eşidir və buna görə çox narahat olurlar.

Adamlıq dinində insanlar çox incə üsullarla bir-birlərinin əhvalını poza bilirlər. Məsələn, yeni paltar geymiş birinə: “Çox gözəl paltardır, amma sənə yaraşmır, dünənki paltarın sənə daha çox yaraşmışdı”, - demək qarşıdakı insanı alçaltmaq üçün edilir. Çünki adamlıq dinində tərif, iltifat və ya gözəllik dilə gətirilmir. Bu səbəblə, insanlar bir-birlərinin gözəl cəhətlərini tərifləmirlər. Saç stilini dəyişmiş birinə çox bəyəndiyi halda: “Bu da yaraşır, amma əvvəlki saç düzümün sənə daha çox yaraşırdı”, - demək də adamlıq dininin kinayəli üslublarından biridir. Hər gözəllikdə bir qüsur tapmaq və gözəl sözün yerinə qüsurlu olanı dilə gətirmək adamlıq dininin bir qaydasıdır. Məsələn, çox gözəl bir insanı “gözəldir, amma daha gözəllərini də gördüm”, “gözəldir, amma burası qüsurludur”, “gözəldir, amma gözləri yaşıl olsaydı, daha da gözəl olardı” kimi ifadələrlə tərifləməmək bu qaydanın tələbidir.

Başqalarının səhvləri və ya qüsurları ilə əylənmək də adamlıq dininin bir zalımlıq növüdür. Məsələn, insanın gözündəki qüsuru, çəp olması ilə zarafat etmək və arxasından: “Sənə baxır, yoxsa mənə, heç cür anlamıram”, - deyərək gülmək… Şikəst insanın əlinə bir şey verərkən “Yavaş ol ha, möhkəm tut” kimi zarafatlar etmək… Saçları tökülən birinə yeni çıxan dərmanların adını deyərək gülmək, “yeni saç əkmə üsulları kəşf olunub, sən də istifadə elə”, “bu gün bir-iki saçın yəqin yenə tökülüb” kimi zarafatlar edərək özü üçün sevinmək… Qısa boylu birinə “aşağıda havalar necədir?”, “aşağıdan dünya necə görünür?” kimi cahil sözləri söyləmək... Bütün bunlar adamlıq dinindən qaynaqlanan zalım üsullarıdır. Həmçinin, yıxılan birinə gülərək onu utandırmaq, paltarı sökük olan birini ələ salmaq, dili pəltək olan birini yamsılamaq da bu batil dinin zalımlıqlarından bəziləridir.

Bu cür hallarda zarafat edilən adam da bu zarafatlara adamlıq dininin davranışları ilə cavab verir. Məsələn, narahat olmadığını düşünsünlər deyə, gülərək cavab verir. Ancaq daxilində deyilənlərin sıxıntısını mütləq hiss edir. Və ya o da qarşı tərəfin bir qüsurunu üzünə vurur və bu çirkin davranışlar qarşılıqlı olaraq davam edir.

6- Əsəbiləşdirmək üsulları

İnsanları hirsləndirməyə çalışmaq adamlıq dininin digər mühüm xüsusiyyətidir. Xalq arasında insanların çoxu müxtəlif səbəblərlə bu üsuldan istifadə edir. Bəzisi sevmədiyi birini narahat etmək, bəzisi də özünə pislik edən birindən intiqam almaq istədiyi üçün əsəbiləşdirici tərzdə davranır. Bəziləri üçün isə hirsləndirmək sanki həyatlarının məqsədi olmuşdur. İnsanların zəifliklərini ortaya çıxarmaqdan və əsəbiləşdiyini görməkdən xoşlanır və bu şəkildə nəfsini təmin edir. Anasına, atasına, müəllimlərinə və yoldaşlarına qarşı hər davranışının əsəbiləşdirici bir tərəfi olur. Ancaq adamlıq dininin bu xüsusiyyəti insanlar tərəfindən açıq şəkildə tətbiq olunmur. Əsəbiləşdirməyin müəyyən üsulları vardır. Bunlardan bir neçəsi bunlardır:

"Sakit davranmaq"

Qarşı tərəfi hirsləndirməkdən zövq alan insanlar bu üsula tez-tez əl atırlar. İnsanların əhəmiyyət verdiyi, həyəcanlandığı, təlaşlandığı mövzulara çox sakit münasibət göstərib qarşılarındakı insanı əsəbiləşdirirlər. Xüsusilə gənclərin ata və analarına qarşı olan münasibətində buna tez-tez rast gələ bilərsiniz. Məsələn, bayıra çıxmasına icazə verməyən anasından intiqam almaq istəyən gənc qız onun bütün suallarına son dərəcə laqeyd və sakit səs tonu ilə cavab verir.

Anası təlaş içində itirdiyi bir şeyi axtardığında və qızından kömək istədiyində sakit şəkildə: “Görmədim”, - deyərək başını çevirir və qəzetini oxumağa davam edir. Anası telefonda danışarkən bir şey qeyd etmək üçün kağız-qələm istədikdə asta-asta yerindən qalxıb ağır addımlarla qələmi və kağızı götürüb son dərəcə sakit halda bunları anasına aparır. Anası səmimi və şən şəkildə məktəbdə nə etdiyini soruşduqda yalnız: “Heç”, - deyə cavab verir. Gününün necə keçdiyini soruşduğunda yalnız: “Yaxşı”, - deyir. Çünki bütün bu davranışların qarşı tərəfi hirsləndirdiyini bilir.

Tələsən birinə onun işinə mane olacaq şəkildə yavaş davranmaq da adamlıq dinindəki hirsləndirmə üsullarından biridir. Məsələn, işə gecikən biri qapıdan çıxarkən otaqda çantasını unutduğunu söylədiyində son dərəcə ağır addımlarla çantanı götürüb yenə yuxulu şəkildə qapıya gətirmək sırf qarşı tərəfi hirsləndirmək üçün edilir. Şagirdinə böyük səylə dərsi izah etməyə çalışan müəllimi diqqətlə dinləməyib sonra da sakit bir səslə: “Mən heç bir şey  başa düşmədim”, - demək müəllimini hirsləndirərək nəfsini razı etmək istəyən cahiliyyə insanının davranışıdır.

Sakit davranmağın başqa bir yolu isə suallara heç cür tam cavab verməməkdir. Məsələn: “Evin hər yerini axtardım, amma ayaqqabılarımı tapa bilmədim, sən görmüsən?” - sualına yalnız: “Bəli”, - deyə cavab vermək də əsəbiləşdirmək taktikasıdır. Daha sonra: “Yaxşı, harada gördün?” – sualına: “Otaqda”, - cavabını vermək və hansı otaq olduğunu, yerini deməmək qarşı tərəfin bir çox sual soruşmasını tələb edir. “Hansı otaqda, otağın harasında, hansı şkafda, şkafın hansı rəfində”- kimi suallar verilir. Beləliklə, yalnız bir cümlə ilə həll edilə bilən mövzu dəqiqələrlə uzanır və qarşı tərəfi hirsləndirəcək hal alır. Bu səbəblə, soruşulan suallara dolğun cavab verməmək adamlıq dininin hirsləndirmək üsullarından biridir.

Eşitməzlikdən, görməzlikdən və anlamazlıqdan gəlmək…

Ümumiyyətlə, bu üsuldan cahiliyyə cəmiyyətində münaqişəli kəslər bir-birlərindən intiqam almaq üçün istifadə edirlər. Beləliklə, az da olsa, intiqam aldıqlarını düşünürlər. Məsələn, mübahisə etdiyi adamın olduğu yerdə ona baxmadan danışmaq, sanki o mühitdə elə bir insan yoxmuş kimi davranmaq, hər kəsin zarafatına gülərkən onun zarafatına gülməmək, hər kəsə salam verərkən ona salam verməmək, hər kəslə vidalaşarkən onunla sağollaşmamaq, hər kəsin kefini soruşarkən onun yanından keçib getmək adamlıq dini meyarlarına görə: “Sənə dəyər vermirəm, xəbərin olsun”, - deməkdir.

Bu üsullar başqalarını hirsləndirməyi həyat tərzi halına gətirmiş insanlar tərəfindən də tez-tez tətbiq olunur. Özü ilə danışan birinin sözlərini çox yaxşı eşitdiyi halda: “Bağışla, nə dedin?” – və ya: “Nəsə deyirdin?” - kimi suallarla qarşı tərəfi çox əhəmiyyətsiz hesab etdiyini göstərmək adamlıq dininin davranışlarıdır. Anladığı mövzunu bir neçə dəfə izah etdirmək də hirsləndirmək növlərindən biridir. Məsələn, özünə: “Çox asta hərəkət edirsən, sürətli olsan daha yaxşı olar”, - deyən birinin nə söyləmək istədiyini çox yaxşı anladığı halda: “Necə yəni ağır?”– deyə soruşmaq qarşı tərəfi bu söylədiyinə peşman etmək üçün edilir. Anasının daha səliqəli olması üçün xəbərdar etdiyi gənc qızın buna cavab olaraq: “Necə daha səliqəli ola bilərəm ki?” – deyə cavab verməsi də əsəbiləşdirmək üsullarından biridir. Halbuki, hər insan sürətli hərəkət etməyin və ya səliqəli olmağın nə olduğunu uşaqlıqdan öyrənir.

Söz atmaq

Əsəbiləşdirməyin digər bir növü “söz atmaq” adlandırılan davranış pozuntusudur. Məsələn, bir tanışı vasitəsilə yaxşı işə düzəlmiş və vəzifəsi də yaxşı olan bir işçinin olduğu toplantı zamanı: “Kaş ki, bizim də tanışlarımız olsaydı, biz də asan yolla vəzifə sahibi olsaydıq”, - demək buna bir nümunədir. Və ya istəməyərək etdiyi bir səhvə görə zərərə səbəb olan birinin yanında: “Bildiyiniz kimi, bəzi insanların səhvlərinin cəzasını biz çəkirik”, - şəklində sözlər söyləmək də söz atmaq məqsədi ilə deyilir. Burada ad verməmək, xüsusilə: “Bəzi insanlar”, - deyə ifadə etmək adamlıq dininin qaydalarındandır.

İmtahanlarda dostunun həmişə özündən yaxşı qiymət almağını qısqanan bir şagirdin onun yanında: “Səhərə qədər oxuyan, amma heç bildirməyənlər var”, - deməsi də qarşı tərəfə söz atmaq üçündür.

Baxışla hirsləndirmək

İnsanlar, ümumiyyətlə, sözlə izah edə bilmədikləri şeyləri baxışları ilə qarşı tərəfə izah etmək yolunu seçirlər. Çünki baxışla edilən eyham heç bir zaman maddi olaraq isbat edilə bilmir və insanlar baxışlarındakı mənanı asanlıqla dəyişə bilirlər. Məsələn, qarşısındakına kinlə baxan biri: “O an həyəcanlandım, baxışlarım ona görə dəyişdi, yoxsa kinli filan deyiləm”, dedikdə bunu hər kəs qəbul etmək məcburiyyətində qalır. Ya da baxışlarında kinayə olan birinin: “Yox, mən səni çox ciddi dinləyirəm, yadıma bir şey düşdü. Ona görə, baxışlarımda gülüş görə bilərsən”, - dediyi zaman heç kim buna etiraz edə bilmir. Çünki baxışdakı kinayənin maddi bir sübutu yoxdur. Ancaq insan baxışları ilə qarşısındakının hər cür müsbət və ya mənfi düşüncəsini müəyyən edə bilir. Bu səbəblə, cahiliyyə cəmiyyətində əsəbiləşdirmək üçün yalnız baxışlarından istifadə edən çoxlu sayda adam vardır.

Məsələn, insanlar mübahisə etdiyi biri ilə danışmaq məcburiyyətində qaldıqda ona son dərəcə mənasız və donuq bir baxışla baxırlar. Bu baxış qarşı tərəfi əhəmiyyətsiz hesab etdiyini bildirən və buna görə də qarşı tərəfi hirsləndirən baxışdır. Nəfsinə ağır gələn bir mövzudan danışılanda göz qapaqlarını çox ağır şəkildə açıb-bağlayaraq və eyni anda da mənasız baxışlarla qarşı tərəfi dinləmək də adamlıq dininin bir parçasıdır.

Qarşı tərəfi əhəmiyyətsiz hesab etdiyini göstərərək hirsləndirmək üçün isə istehza ilə baxırlar. Bu üsul üzü gülməz ikən gözlərin gülməsidir. Qarşı tərəfin danışığını ciddi bir sima ilə, ancaq gözlərində kinayəli təbəssümlə dinləyən biri bu hərəkəti ilə: “Danış, amma söylədiklərin bir qulağımdan girir, o biri qulağımdan çıxır”, - demiş olur.

7- Yeni fikirlərə və tənqidə qarşı olmaq

Adamlıq dinini yaşayan insan xarakter və əxlaqi cəhətdən heç vaxt müsbət dəyişiklik əldə edə bilmir. Çünki adamlıq dinində tənqidə və yeni fikirlərə qəti qadağan qoyulmuşdur. İnsanın özündən böyük, zəngin, mədəni, vəzifəli və təcrübəli birini tənqid etməsi və ya ona yeni fikirlər söyləməsi demək olar ki, qeyri-mümkündür. Hətta adamlıq dinində bu haqda o qədər sərt qaydalar vardır ki, 20-30 illik dostluqlar bir tənqid səbəbindən bir anda pozulur.

Məsələn, adamlıq dininə görə, insanın hərəkətləri, əxlaqı, xarakteri və ya mimikaları ilə bağlı qarşısındakı şəxsə məsləhət verməsi onu hörmətdən salan davranışdır. Buna görə, cahiliyyə cəmiyyətində heç kim özü ilə bağlı mövzularda başqasının məsləhətini almır. Məsələn: “Məndə səni narahat edən bir cəhət var? Gülüşümdə, mimikalarımda və ya yerişimdə bir qüsur görürsən? Mənə şəxsiyyətimlə əlaqədar verə biləcəyin bir tövsiyə var? Necə olsam, daha rahat olarsınız, ya da daha çox sevilərəm? Paltar zövqüm necədir, mənə bu mövzuda təklifin var?…”  kimi suallar eşitmək demək olar ki, mümkün deyil. Çünki insanın özünü təkmilləşdirmək üçün ətrafındakılardan məsləhət alması adamlıq dininin zehniyyətinə ziddir. Hər kəs özünü ən yaxşı, ən mədəni, ən ağıllı olaraq qəbul edir. Çatışmazlıqları olduğunu bilsə belə, bunu ətrafına bildirmək istəmir.

Adamlıq dini məsləhətləşməkdən əlavə, tənqidə də tamamilə qapalıdır. Məsələn, öz sahəsində uğur qazanmış həkim və ya mühəndis düşünək. Yanlarına gələn biri əgər başqa bir mütəxəssisin ondan fərqli olduğunu desə, mütləq: “Onda get onun yanında müayinə olun və ya get evini ona təmir etdir”, -- şəklində cavab verirlər. Öz sahəsində mütəxəssis olan insanlar, ümumiyyətlə, həmkarlarının fikirlərinə əhəmiyyət vermir və mütləq öz dediklərinin tətbiq edilməsini istəyirlər.

Bu inanca görə, insanı özündən kiçik birinin, məsələn, qardaşı (bacısı) oğlunun tənqid etməsi qeyri-mümkündür. Gənclər əmisinə və ya xalasına xüsusiyyətləri ilə bağlı fikir söyləyə bilməz. Məsələn, bir qohumunun daha səbirli, daha mülayim və ya daha incə düşüncəli olmasını istəyən uşaq bunu ona söylədikdə böyük ehtimalla ya kinayəli, ya laqeyd, ya da qəzəbli cavabla qarşılıq alır. “Bu yaşımda səndən tövsiyə alası deyiləm” zehniyyəti ilə yaşayan insanlar özlərindən kiçik yaşda olanların ağlına ehtiyacları olmadığını düşünürlər. Halbuki, gözəl əxlaqlı, imanlı gənc imansız, ancaq yaşlı birindən daha ağıllı, vicdanlı və ruhən yetkin ola bilər.

Necə ki, Quranda bildirilən hz.İbrahimin atasını doğru yola çağırmaq üçün söylədikləri buna bir nümunədir:

Kitabda İbrahimi də yad et. Həqiqətən, o, büsbütün doğru danışan kimsə– bir peyğəmbər idi. O, bir zaman atasına belə demişdi: "Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Ardımca gəl ki, səni doğru bir yola çıxardım! Atacan! Şeytana ibadət etmə, həqiqətən, şeytan Rəhmana çox asi olmuşdur! Atacan! Qorxuram ki, Rəhmandan sənə bir əzab toxunsun və beləcə, şeytana yoldaş olasan!" Dedi: "Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Bir müddət məndən uzaq ol!" (İbrahim) belə cavab verdi: "Sənə salam olsun! Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O, mənə qarşı çox mehribandır. (Məryəm surəsi, 41-47)

Adamlıq dinində vəzifə və mədəniyyət də tənqidə mane olur. Fəhlə, işlədiyi fabrikin müdirinə əsla tövsiyə verə bilməz. Nə işlə əlaqədar, nə o adamın xarakteri ilə əlaqədar, nə də başqa bir mövzu ilə əlaqədar. Məsələn, ətrafındakılara qarşı kobud davranan müdir əgər işçilərinin birindən bu haqda tövsiyə alsa, böyük ehtimalla həmin adamı işdən çıxarar. Çünki adamlıq dininə görə, bu, böyük təhqirdir.

Halbuki, bu, son dərəcə səhv dünyagörüşüdür və Quran əxlaqına heç bir şəkildə uyğun deyildir. Bu cür tənqidlər hər insan üçün böyük bir nemət və dostluq göstəricisidir. Quranda insanlara bir-birlərinə yaxşılığı əmr etmələri və pislikdən çəkindirmələri əmr edilmişdir. Allah`ın bu əmrini yerinə yetirən bir insana mane olmaq, özünə tövsiyə edilən yaxşılıqdan üz çevirmək, əlbəttə, son dərəcə çirkin davranışdır.

8- Qonaqlara münasibət

İnsanın mənəvi dəyərlərini itirməsi nəticəsində yaranan boşluğun yerini dinsizlik sistemi üzərində qurulan adamlıq dini doldurur. İslam əxlaqının olmadığı yerdə mütləq adamlıq dini vardır. Adamlıq dininin olduğu yerdə isə insaniyyət, incə düşüncə, fədakarlıq kimi gözəl əxlaqa aid davranışlar yoxdur.

Bunu adamlıq dini fərdlərinin qonaqlıq dünyagörüşünü nümunə verərək açıqlaya bilərik. Ancaq adamlıq dininin dünyagörüşündən əvvəl İslam əxlaqının qonaqlıq mövzusundakı gözəllikləri izah edək.

Quran əxlaqını yaşayan bir adamın evinə qonaq getdiyinizi düşünək. Sizi qarşılayan şəxs böyük bir sevinclə qarşılayacaq. Çünki İslam əxlaqında qonaq qarşılamaq gözəllik hesab olunur və qonaq hər zaman əl üstündə saxlanır. Bu səbəblə, evə girdiyiniz andan etibarən sizi yeni tanıyan insanlar olsa belə, son dərəcə gülər üzlə, səmimi və xoş münasibətlə qarşılaşırsınız. Sizi qonaq edən şəxsin imkanları məhdud olsa belə, əlindəki bütün imkanları sizin üçün sərf edər. Çünki Allah Quranda qonağa o özü istəmədən ehtiyaclarının qarşılanacağı əxlaqa yiyələnməyi öyrədir. Allah Quranda hz. İbrahimin qonaqlarına qarşı münasibəti ilə İslam əxlaqında qonaqla necə davranmalı olduğumuzu göstərir. Ayələrdə belə buyurulur:

İbrahimin möhtərəm qonaqlarının söhbəti sənə gəlib çatdımı? Onlar yanına gəlib salam verdikdə salamı alıb: "Bunlar tanımadığım kimsələrdir!" – dedi. O, ailəsinin yanına getdi və bir buzov gətirdi. Onu qabaqlarına qoyub: "Bəlkə, yeyəsiniz!" – dedi. (Zariyat surəsi, 24-27)

Ayələrdən göründüyü kimi, hz. İbrahim tanımadığı halda qonaqlarına son dərəcə incə düşüncəli davranmış, onlara hiss etdirmədən, onları utandırmadan onlara qulluq etmişdir.

Ancaq adamlıq dininin hakim olduğu insanlar belə bir vəziyyətdə son dərəcə eqoist olur. Əgər adamlıq dininin təsirində olan birinin evinə qonaqlığa gedirsinizsə, burada hiss edəcəyiniz duyğu əziyyətə salmaq və artıqlıqdır. Çünki cahiliyyə əxlaqında qonaq öz ifadələri ilə desək, artıq bir“boğaz” sayılır. Qarşılıqlı maddi alış-verişi olan insanlar aralarındakı əlaqənin pozulmamağı üçün məcbur olaraq bir-birlərini müəyyən zamanlarda qonaq edirlər. Adamlıq dininin qaydalarına görə, bir şəxs digərinin evinə getdikdə sıra mütləq digərinə gəlir. İki-üç dəfə ard-arda bir tərəf digərinə qonaq getmir.

Bu dünyagörüşünə görə, qonağın tezliklə evinə dönməsi gözlənilir. Bir neçə saatdan artıq bu adama dözmürlər. Əgər yeməyə dəvət olunmayıbsa, əsla yemək verilmir. Ən az xərclə qonağı evinə göndərmək istədikləri üçün ən ucuz bir neçə şey ikram edirlər. Evdəkilər, ümumiyyətlə, yeməklərin yaxşılarını özlərinə ayırıb pislərini vermək və bununla da qazanclı çıxmaq təlaşına qapılırlar. Qonaq bir qab yeməkdən çox yemək yesə, ev sahibləri mətbəxdə: “Nə çox yedi, tez getsəydi, rahatlayardıq”, - kimi ifadələrlə qonağın nə qədər mədəniyyətsiz olduğunu danışırlar. Qonağın evdə gəzməsi heç xoş qarşılanmır, nə qədər çox qalırsa-qalsın, qonaq otağından kənara çıxması istənilmir. Otaqdan çölə çıxdıqda evdə narahatlıq meydana gətirdiyi ona hiss etdirilir.

Əgər qonaq uzaqdan gəlmişsə və bir neçə gün qalmalıdırsa, o zaman ev sahiblərinin səbri tükənir. Bir müddətdən sonra qonağın yedikləri, hərəkətləri, istifadə etdiyi paltarlar narahatlıq verməyə başlayır. İçdiyi çayın sayına, neçə qab yemək yediyindən neçə dəfə duş qəbul etdiyinə və nə qədər su işlətdiyinə qədər hər şey hesablanır. Hər hərəkətləri ilə qonağın evdə artıq olduğunu ona hiss etdirirlər. Buna görə də belə evdə rahat şəkildə qalmaq qeyri-mümkündür.

Ancaq, əlbəttə, bunun başqa bir tərəfi vardır. Evdə qonaq olan adam da adamlıq dininin qaydaları çərçivəsində hərəkət edir. O da qonaq olduğu evdən maksimum faydalanmağa çalışır, ətrafındakılara narahatlıq verib-vermədiyini düşünmür. O da başqa cəhətdən düşüncəsizlik edir.

Nəticədə, adamlıq dinində insanlar həm özlərinə, həm də ətraflarındakılara sıxıntılı mühit meydana gətirirlər. Bunun əsas səbəbi isə Qurandan uzaq və çirkin əxlaqlarıdır. İslam dininin insanda meydana gətirdiyi səmimiyyətlə adamlıq dininin cahiliyyə əxlaqı arasındakı ziddiyyət bu nümunədə olduğu kimi, həyatın hər sahəsində özünü açıq şəkildə göstərir. Adamlıq dininin səbəb olduğu düşüncəsiz və eqoist münasibətlərə görə insanların çoxu rahat yaşaya bilmir, sıxılır, etibarlı və çox sevdiyi bir dost tapa bilmir. Ancaq buna baxmayaraq, adamlıq dinini dünyada milyonlarla insan yaşayır. Və bu şəkildə insanlar öz-özlərini çətinliyə salırlar. Bu hal Quranda insanlara belə açıqlanır:

Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər! (Yunus surəsi, 44)