İman HƏQİQƏTLƏRİ

Qnu antilopları


Qnu antilopları


Antiloplar üçün həyat daim qida və su axtarışı deməkdir, buna görə də fərqli ərazilərə köç edirlər. Qnu antilopları şərqdəki Nqoronqoro Krater dağlarından qərbdəki Viktoriya gölü sahillərinə və Keniyanın Mara şəhərinə qədər şimal əraziləri boyu irəliləyirlər. 30000 kvadrat kilometr olan bu sahə Serenqeti-Mara ekosistemi kimi tanınır. Bu canlılar hər il bu geniş sahədə 3000 kilometr köç edirlər.


Antilopların keçdiyi yollar bir-birinə bənzər olur, amma hərəkət istiqamətləri hər il bir qədər dəyişir. Yağışın ilin hansı dövründə yağması və müddəti qida tapmağa, eləcə də köçə təsir edir. Əgər noyabr-dekabr aylarında yağış yağsa, antiloplar şimaldakı akasiya meşələrinin quraqlıq bölgələrindən və ekosistemin qərbindən Serenqetinin ağacsız düzənliklərinə köç edirlər. Qnu antilopları olduqca böyük sürülər halında hərəkət edir və eyni zamanda otlayırlar. Sürü təqribən bir həftə müəyyən bir bölgədə yaşayır. Antiloplar uzun müddət bir ərazidə qala bilmirlər, çünki yaşadıqları bölgədə belə çox sayda heyvan üçün kifayət qədər ot yoxdur.


Mara çayını keçmək


May ayı yaxınlaşdıqca Serenqetidə vadilər quruyur, otlar solur, qnu antilopları Masai Maradakı daha zəngin ot örtüyünün olduğu vadilərə - şimala doğru köç etməyə başlayırlar. Bəzi illər bir milyondan çox antilop Mara çayını keçərək Keniyanın Masai Mara bölgəsinin digər tərəfinə gedir. Quraqlıq mövsümü olsa da, Serenqetinin şimal qərbindəki Mara və Lamai Wedge kimi tanınan bu sahədə geniş otlaqlar olur. Lakin antiloplar bu zəngin otlaqlara gedib-çatmaq üçün Mara çayını keçməlidirlər. Buna görə də iyul və ya avqust ayının əvvəllərində minlərlə antilop şimali Serenqetinin yamaclarından keçirlər. Bəzən son dərəcə təhlükəli yerləri, uçurumları aşmalı, bəzən isə bataqlıqları keçməli olurlar. Bu zaman boğulub ölənlər də olur. Təcrübəli olan yaşlı heyvanlar daha əvvəl keçdikləri yerlərlə gedir, digərləri isə onları izləyir.


Serenqetiyə yenidən yağışların yağması və otların cücərməsi ilə qnu antilopları geriyə qayıdırlar. Lakin may ayında yağış mövsümü sona çatdıqda otlaqlar yenə quruyur və antiloplar şimala doğru köç edirlər.


Antiloplar hansı səbəbdən olursa olsun, bəzən sadəcə su içmək üçün çayı keçmək istədikdə heç bir şey onları dayandıra bilməz. Əgər motorlu qayıqlar və ya ovçular onlara maneə törətsə, mütləq başqa bir yerdən, hətta bəzən meşədən də keçib gedirlər.


Antilop sürüləri sentyabrın sonunda və oktyabrda Serenqetiyə qayıdırlar. Yağışların başlaması ilə yağışları izləyərək cənuba doğru irəliləyirlər. Əgər yağış dayansa, meşənin kənarında gözləyir, yenidən yağdıqda köçə davam edirlər. Dekabr ayında antiloplar yaşıl düzənliklərə çatırlar.
Serenqeti vulkanik ərazi olduğuna görə qida baxımından zəngindir, amma torpaq səthinin altında kalsium-karbonatlı möhkəm torpaq qatı var. Bu sərt qayalıq qat səbəbindən ağaclar kök sala bilmir, ancaq illik otlar yetişir. Otların kiçik, qısa kökləri düzənlikdəki soyuq gecələr zamanı kondensasiya nəticəsində yaranan hər damcını sorur. Bunun sayəsində ən quraq gündə belə otlar həyatını davam etdirir, yağış yağdıqdan bir neçə saat sonra cücərməyə başlayırlar.


Qnu antiloplarının sevdiyi bu otlar kiçik yarpaqlı, qısa gövdələrə sahibdirlər. Bu xüsusiyyət minlərlə ac antilopa qarşı alınan tədbirdir. Otlar daim yeyildiyi üçün qısa qalır və nizamlı şəkildə böyüyürlər. Həmçinin bu zaman bitkidəki böyümə hormonları köklərdən tumurcuqlara keçir və yenidən böyümələrini təmin edir. Heyvanların tüpürcəkləri də qıcıqlandırıcı təsiri ilə bitkinin böyüməsində rol oynayır.


Antiloplar müəyyən bir yerdə zərər verəcək qədər uzun müddət qalmırlar. Bir yerdən başqa bir bölgəyə gedərkən də torpağı gübrələyərək zənginləşdirirlər.


Allah hər şeyi qüsürsuz şəkildə yaradandır, Rəzzaqdır (hər canlıya ruzisini verəndir). Antilopların vərdişləri, yaşadıqları bölgədəki torpağın quruluşu, həmin ərazidə yetişən otların xüsusiyyəti və bir çox başqa detalların bir-biri ilə uyğunluğu köçün hər mərhələsinin xüsusi yaradıldığını göstərən dəlillərdir.


Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. (Zəriyət surəsi, 58)


Bəzi elm adamları köç zamanının “daxili saat” vasitəsilə müəyyən edildiyini irəli sürərək bu prosesə məntiqli izah gətirdiklərini düşünürlər. Lakin mühüm bir məqamı gözardı edirlər: Köç edən bütün canlılarda dayanmayan, xarab olmayan, ən kiçik fərddə belə eyni mexanizmlə, səhvsiz işləyən bu saat necə var olmuşdur? Bu canlılara belə bir qabiliyyəti kim vermişdir?


Təkamülçü elm adamları bu mükəmməl mexanizmin xəyali təkamül müddəti ərzində təsadüfən ortaya çıxdığını, yəni bu qabiliyyəti canlılara "təsadüf prosesinin” verdiyini iddia edirlər. Şübhəsiz ki, bu, son dərəcə ağılsız bir iddiadır. Canlıların sahib olduğu bu mükəmməl qabiliyyət təsadüflərin əsəri ola bilməz. Şüursuz təsadüflərin bu cür dəqiq hesablamalara əsaslanan və üstün bir şüurun göstəricisi olan qabiliyyət meydana gətirməsi qeyri-mümkündür. Bu qabiliyyəti yaradan və dilədiyi canlıya verən uca Allahdır. Allah göylərdə və yerdə olan hər şeyin sahibidir:


Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur və bütün işlər axırda Allaha qaytarılacaqdır. (Ali-İmran surəsi, 109)