İSLAMİ hökmlər

Məzlumları xilas etmək


Məzlumları xilas etmək

Uşaqlar bu dünyanın ən gözəl nemətlərindəndir. Hər şeyə müsbət tərəfdən baxan, məzlum, saf və çox şirin varlıqlardır. Onlar üçün hər kəs yaxşıdır və hər şey kəşf ediləcək bir möcüzədir. Onlarsız dünyanı təsəvvür etmək mümkün deyil. Onların gözəl simaları, ruhları və şən gülüşləri olmasa, dünya əzabverici olardı. O qədər dəyərlidirlər ki, bir mühitə düşdükləri zaman hər kəs onlara xoş söz deməli, hörmət və dəyərə nə qədər çox layiq olduqlarını göstərməlidir.

Şübhəsiz ki, normal bir insan nəinki uşağın əzab çəkməsini görmək, xəyal etmək belə istəməz. Eyni şəkildə hər vicdanlı insanın uşaqları qorumaq və onların xoşbəxtliklərini təmin etmək üçün əlindən gələni edəcəyinə şübhə yoxdur. Bu gün dünyada bu mövzuda ediləcək çox şey var.

UNICEF-in hesabatına görə, 2-4 yaş arasındakı uşaqların dörddə üçü 300 milyondur və bu uşaqlar ailədaxili psixoloji və fiziki zorakılığa məruz qalırlar. Hər yeddi dəqiqədə bir 1 gənc zorakılıq hadisəsində həyatını itirir. Məsələn, təkcə 2015-ci ildə 82.000 gənc zorakılıq hadisələri nəticəsində həyatını itirib.

Cinsi zorakılıq isə problemin böyük hissəsidir. Həm oğlan, həm də qız uşaqları, xüsusilə, yetkinlik yaşına çatdıqdan sonra çox müdafiəsiz olurlar. Sorğulara görə, son bir il ərzində dünya səviyyəsində doqquz milyon gənc qız (15-19 yaş arası) cinsi əlaqə və ya digər seksual xarakterli əməllərə məcbur edilib.

Yaxın Şərq və Şimali Afrikada getdikcə kəskinləşən vəziyyət regiondakı uşaqları və gəncləri daha böyük risk altında qoyur. Bu bölgələrdəki şiddət digər regionların cəmindən daha çox sayda gəncin ölümünə səbəb olur. Dünya gənclərinin təkcə 6%-i bu regionda yaşasalar da, zorakılıqdan baş verən gənc ölümlərinin 70%-dən çoxu burada baş verir.

Uşaq və gənclərə edilən zorakılıqla bağlı qeyri-adi statistik məlumatlardan biri ABŞ-da ispan olmayan zənci gənclərin ispan olmayan ağdərili gənclərə nisbətən öldürülmə ehtimallarının 19 dəfə çox olmasıdır. UNİCEF-ə görə, ispan olmayan zənci gənclərin öldürülmə nisbəti dünya səviyyəsində hesablanarsa, ABŞ dünyanın ən ölümcül 10 ölkəsindən biri olacaq”.

Təbii ki, bütün bunlar çox narahatedici rəqəmlərdir. Uşaqlar dünyamızın ən müdafiəsiz fərdləridir. Onlar xoşbəxlik, rahatlıq, sevgi, mərhəmət və müdafiəyə möhtacdırlar, düşmənçilik və zorakılıq görməməlidirlər.

Problemin başqa tərəfi isə uşaqların üzləşdikləri zorakılığın təhlükəli nəticələridir. Elm adamlarına görə, həyatın ilk 1000 günündə meydana gələn mühüm neyron yolları beyini formalaşdırır. Bu əlaqələrin sağlam inkişafı üçün uşağın lazımi qidalanma ilə yanaşı zorakılıqdan qorunmağa da ehtiyacı var. Araşdırmalara görə, travma meydana gətirəcək hadisələrlə qarşılaşmaq çox böyük stress yarada bilər. Bu, erkən formalaşma dövrlərində beyinin quruluşunu mənfi şəkildə dəyişdirə bilir. Başqa sözlə desək, zorakılığa məruz qalan uşaqların normal sosial inkişaf ehtimalı çox aşağıdır. Şübhəsiz ki, bu kimi hallar uşaqların gələcəyi üçün böyük təhlükədir. Qarşılaşdıqları təhlükələr nə qədər böyük olursa olsun, bu gözəl varlıqlar özlərini qoruyacaq vəziyyətdə deyillər. Ona görə onları qorumaq bizim vəzifəmizdir.

Bəs bu vəziyyətin qarşısını almaq üçün nə etmək olar? Uşaqların təhlükəsiz ölkələrə sığınmalarını təmin etməkdən əlavə, problemi ən azından yüngülləşdirəcək bəzi konkret addımlar atmaq olar. Bütün sahələrdə olduğu kimi, maarifləndirmə bu sahəyə də müsbət təsir edə bilər. Hökumətlər və qeyri-hökümət təşkilatları uşaqlar və gənclər üçün genişmiqyaslı kampaniyalar təşkil edə bilər. Valideynlər uşaqların inkişafı mövzusunda və zorakılıqla bağlı problemləri həll etmə məsələsində, müəyyən yaşdakı uşaqlar isə zorakılığa məruz qaldıqda və ya özlərini hər hansı bir formada təhlükə altında hiss etdikdə səlahiyyətli şəxslərə müraciət etməklə bağlı maarifləndirilə bilərlər.

Uşaqlara qarşı zoraklılıq edənlər hüquqi baxımdan sərt şəkildə cəzalandırılmalıdır. Böyüklər üçün yuxarıda qeyd edilən kampaniyalarda bu cür əməllərin nəticəsi yaxşı vurğulanmalıdır. Uşaqlara qarşı zorakılıq edənlər sərt cəzalarla cəzalandırılmazdan əvvəl ictimaiyyət qarşısında alçaldılmalıdırlar.

Ümumiyyətlə, cəmiyyəti maarifləndirmək və uşaqları qorumağa təşviq etmək lazımdır. Hər hansı bir uşağın istismar edildiyindən şübhə edildikdə səlahiyyətli şəxsləri xəbərdar etmək təşviq edilməlidir.

Təhdid və təhlükələrlə bağlı uşaqlara kömək edənlər və onları qoruyanlar cəsarətlərinə görə ətraflı tanıdılmalı və mükafatlandırılmalıdırlar.

Səlahiyyətli şəxslər uşağa qarşı təhlükə yarandıqda onu ən yüksək səviyyədə mühafizə etmək üçün dərhal hərəkətə keçməli, təhlükə yaradan şəxs isə şiddətli şəkildə cəzalandırılmalıdır. Bu kimi hallarda silahlı polis əməkdaşı uşağı müşayiət etməli, təcavüzkarın uşaqla ünsiyyət qurmasına heç vaxt icazə verilməməlidir.

Etibarlı olduqlarını təsdiq edən müxtəlif psixoloji və fiziki testlərdən keçən könüllülərin uşağın himayəçisi təyin edildiyi bir himayə sistemi qurula bilər. Valideynləri narahat etmədən uşaqla himayəçi arasında maneəsiz əlaqə qurulmalı və hər hansı bir səbəbdən özünü təhlükəsiz hiss etmədiyi və valideynlərindən yardım ala bilmədiyi təqdirdə uşaq dərhal himayəçisi ilə əlaqə saxlaya bilməlidir. Əgər valideynlərin narahatedici, təcavüzkar əməlləri sübut edilərsə, himayəçi uşağın zərər görməməsi və onun rahatlığını təmin etmək üçün imkan daxilində edə biləcəyi hər şeyi etməklə hüquqi cəhətdən məsul olmalıdır. Bu sistemin tətbiqinə daimi olaraq nəzarət edilməli, uşağın himayəçisi zehni və fiziki sağlamlıq baxımından müntəzəm yoxlanılmalıdır. Uşağın valideynləri və ya himayəçisinin uşaqla münasibətində hər hansı problem olmadığından əmin olmaq üçün uşağa müntəzəm nəzarət edilməlidir.

Tibb bacıları və sosial işçilər uşaqların pis rəftara məruz qala biləcəyini düşündükləri yüksək riskli evlərə müntəzəm ziyarətlər təşkil etməlidirlər.

Məktəblərdə zorakılığa əsla icazə verilməməli və bu hal cinayət əməli kimi dəyərləndirilməlidir. Bundan başqa, uşaqlar zalım uşaqlara qarşı çıxma məsələsində maarifləndirilməli və təşviq edilməlidirlər. Uşaqlara mərhəmət, yardımsevərlik, cəsur olmaq və başqalarına qarşı sevgi dolu olmaq kimi əxlaqi dəyərlər aşılanmalıdır.

Uşaqlar köməyimizə və dəstəyimizə möhtacdırlar. Özlərini qoruya bilməyənləri qorumaq bizim vəzifəmizdir və bu, eyni zamanda dünyanın gələcəyi baxımından da bizim vəzifəmizdir. Uşaqlara qarşı zorakılığa son vermədiyimiz təqdirdə gələcəkdə dünyanın idarə edənləri olaraq sağlam və ağıllı nəsillərə sahib olma imkanı yoxdur.