İman HƏQİQƏTLƏRİ

Kompyuter kimi işləyən bitki yarpaqları


Kompyuter kimi işləyən bitki yarpaqları

Bitkilər yarpaqlarındakı çox kiçik ağızcıqlar vasitəsilə nəfəs alırlar. Ağızcıq həm yüksək miqdarda karbon qazı (CO2) qəbul etməli, həm də bitki üçün əhəmiyyətli olan su buxarını mümkün olduğu qədər az miqdarda xaricə buraxmalıdır. Bitki yarpaqlarını araşdırsaq, onların iki hissədən ibarət olduğunu görərik. Hissələr ağızcıqların açıq və qapalı olması ilə bir-birindən fərqlənir.1


Son araşdırmalara qədər yarpaqların iki hissəyə bölünməsi səbəbindən CO2 qəbulunda çətinlik yarandığı düşünülürdü. ABŞ Yuta Universitetinin professoru Devid Pik və həmkarlarının apardıqları tədqiqat nəticəsində isə məlum olmuşdur ki, bitkilər qazın qəbul və xaric edilməsini nizamlayırlar.2 Həm də kompyuter kimi hesablamalar apararaq nizamlayırlar.


Tədqiqata görə, bitkilərdə “paylanmış hesablama (distributed computation)” adlanan informasiya emalı baş verir. Paylanmış hesablama çox sayda bölmənin bir-biri ilə qarşılıqlı əlaqəsi nəticəsində baş verən informasiya emalıdır.

Məsələn, elm adamları yem axtaran qarışqa qrupunun davranışını “paylanmış hesablama” ilə belə açıqlayırlar: hər bir qarışqanın yerdə qoyduğu kimyəvi izlə digər qarışqalara göndərdiyi siqnal onları bol qida mənbəyi ilə təmin edir.3


Paylanmış hesablamada bölmələr arasında ötürülən siqnallar problemi həll etməyə yardım edir. Bu səbəbdən elm adamları paylanmış hesablama ilə hərəkət edən robot sistemləri yaratmağa çalışırlar. Bu robot sistemində bir robotun yerinə daha sadə, lakin çoxlu sayda robotdan istifadə etmək düşünülür.


Pik və həmkarları atpıtrağı bitkisinin (cocklebur plant) yarpağı üzərindəki açıq və qapalı ağızcıqların paylanmasını araşdırmışlar. Araşdırma nəticəsində yarpaqlarda paylanmış hesablamanın göstəricisi olan xüsusi modellərlə qarşılaşan elm adamları ağızcıqların sabit sürətlə hərəkət etdiklərini izləmişlər. Yarpaq ağızcığı qonşu ağızcığın etdiyi hərəkətə reaksiya verərək sadə kompyuter kimi işləyirdi. Tədqiqatçılar bitkidəki bu məhsuldar sistem sayəsində problemin ən yaxşı şəkildə həll edildiyini qeyd etmişlər.


Bir bitkinin yarpaq hüceyrələrinin siqnallarından istifadə edərək tənəffüs etməsi və bunun elm adamları tərəfindən kompyuterlərdəki informasiya emalı sistemlərinə bənzədilməsi son dərəcə əhəmiyyətlidir. Yarpaq üzərində bir-biri ilə daim əlaqədə olan çoxlu sayda ağızcıq verdiyi siqnallarla informasiya emalı mexanizmini ortaya çıxarır. Bu mexanizm sayəsində verilən qərarın bitkiyə lazım olan maddələrin axınını daha məhsuldar şəkildə tənzimləməsi isə böyük möcüzədir. Çoxlu sayda ağızcıqdan çıxan siqnalların təsadüfi, xaotik vəziyyət yaratması gözlənilərkən, əksinə bu siqnalların yarpaq üzərindəki dəliklərin açılıb-bağlanmasına və tənəffüs kimi əhəmiyyətli prosesə nəzarət etməsi məlum olmuşdur.


Kompyuter proqramları kompyuter istifadəçisinə lazım olan hesablamaları aparır və bunun şüurlu olaraq tərtib edildiyinə heç kim şübhə etmir. Kompyuter mühəndisi istifadəçinin ehtiyacına uyğun şəkildə proqram hazırlayır.


Bitkidə də buna oxşar vəziyyət vardır. Su buxarı və CO2 miqdarı bitki üçün çox vacibdir. Bunun üçün yarpaq üzərindəki mikroskopik dəliklərin açılıb-bağlanması sistemli şəkildə təşkil edilməlidir. Bu ehtiyaclar ağızcıqdan gələn siqnallar vasitəsilə kompyuter proqramı kimi mükəmməl şəkildə aradan qaldırılır.


Əlbəttə, kompyuter proqramının mühəndis tərəfindən hazırlanması kimi, bu tənəffüs proqramının da şüurlu olaraq hazırlandığı məlumdur. Şübhəsizdir ki, bitkilərdəki bu proqramı yaradan göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbi Uca Allahdır. Allah bir Quran ayəsində belə bildirir:


Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir. 

(Hədid surəsi, 2)

Mənbələr:
Philip Ball, “Do Plants Act Like Computers?”, news@nature.com, 21 yanvar 2004-cü il, http://www.nature.com/news/2004/040119/full/040119-5.html
Peak, D. A., West, J. D., Messinger, S. M & Mott, K. A. “Evidence for complex, collective dynamics and emergent, distributed computation in plants”. Proceedings of the National Academy of Sciences USA, 101, 918 - 922, (2004).
Philip Ball, ibid.