İman HƏQİQƏTLƏRİ

Öz ağırlığının 5000 misli qədər yük daşıya bilən qarışqalar


Öz ağırlığının 5000 misli qədər yük daşıya bilən qarışqalar


Qarışqaların bədən ölçüsü çox kiçik olsa da, öz ağırlıqlarının 5000 misli qədər yük daşıya bilirlər. Bəs onlar bunu necə bacarırlar?


Aparılan müşahidə və təcrübələr nəticəsində qarışqaların sahib olduğu bu qeyri-adi gücün biomexanik sirri aşkar edildi. Məlum oldu ki, bu canlıların öz kütləsindən dəfələrlə ağır yük daşımasının səbəbi boynundakı oynağın kompleks və mükəmməl birləşdirilmiş sistem olmasıdır.


Ohayo Dövlət Universitetinin mühəndisləri qarışqa boynunun gücünü daha yaxşı anlamaq üçün canlının xarici və daxili quruluşunu əks etdirən üçölçülü modellər hazırladılar. Bunun sayəsində də torpaq qarışqasının funksiyaları, quruluşu və təşkil olunduğu maddələr arasındakı əlaqəni araşdırdılar.

Şəkildə göründüyü kimi, qarışqanın baş və döş hissəsindəki sərt xarici qabığı birləşdirən oynaq yumşaq toxumadan təşkil olunmuşdur. Qarışqa qida və ya başqa bir cisim daşıyarkən yükün bütün ağırlığı boyun oynağının üzərinə düşür. Boynundakı bu oynaq düz formaya gəldikdə isə qarışqanın fiziki gücü maksimum həddə çatır. Mexanika və aerokosmos mühəndisi, köməkçi professor Karlos Kastro bunu belə izah edir: “Ağırlıq ağızla qaldırılır, daha sonra isə boyun oynağından döş bölgəsinə ötürülərək ayaqlarının aşağı hissəsində paylanır”.


Hesab edilir ki, Allahın qarışqalara bəxş etdiyi bu mükəmməl xüsusiyyət yüngül robot texnologiyasının və insanlara köməkçi olan digər cihazların təkmilləşdirilməsində istifadə edilsə, yüksək nailiyyətlər əldə etmək olar. Kiçik bir qarışqanın bədənində bu cür qabaqcıl texnologiyanın mövcud olması və hər birində qüsursuz işləməsi, bütün canlılar kimi, qarışqaların da aləmlərin Rəbbi olan Allahın nəzarətində olduğunu göstərir.


Mən Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)