İman HƏQİQƏTLƏRİ

Allergiyanı yaradan səbəblər


Allergiyanı yaradan səbəblər

Dünya həyatında gözəlliklə əskiklik hər zaman bir aradadır. Bütün gözəlliklərin mütləq bir qüsuru olur. Evimizin pəncərəsindən çölə baxanda bağçada gördüyümüz ağaclar və çiçəklər könlümüzü oxşayır. Biz də yaratdığı bu gözəlliklərə görə Allaha şükür edirik. Yaşıl rəng ayrı, çiçəklərdəki bənövşəyi, çəhrayı, ağ və sarı rənglər isə ayrı bir zövq verir. Yaxından baxdıqda gördüyümüz bəzəklərin müxtəlif rəng çalarları, çiçəklərin ləçəklərindəki bir-birindən fərqli naxışlar bizi daha da heyran edir. Biz isə yaratdığı bütün bu gözəllik və incəliklərə, bizə olan qayğısına görə Allaha şükür edirik.

Lakin yaz fəslində bu gözəlliklərlə yanaşı, dünyanın acizliklərindən biri olan allergiya ilə də rastlaşırıq. Allergiya ən çox çiçək tozu ilə bağlı olan fəsillərdə özünü biruzə verir.

Bəs allergiyanı yaradan səbəblər hansılardır?

İmmunitet sistemimiz, əslində, çox da zərərli olmayan bəzi maddələri düşmən kimi qəbul edərək hücuma keçir. Bu müdafiə isə bədənimizdəki allergik reaksiyalara səbəb olur. İmmunitet sistemi Allahın insanlar üçün yaratdığı böyük nemətdir. Bədənimizdə böyük bir “ordu” olduğundan xəbərimiz belə yoxdur. İmmunitet sistemimiz zərərli, ölümcül, virulent və ya yoluxucu hər hansı obyekti aşkar edərək dərhal “ordu”nu döyüşə göndərir. Gözlə görə bilmədiyimiz bu “ordu” mikro dünyadakı obyektləri, molekulları tək-tək aşkar edir və onları aradan qaldırmaq üçün mübarizəyə başlayır.

Bədənimizdə bizim üçün çalışan “mikrohəkimlərimiz” virusa yoluxmuş və ya xərçəngə çevrilməyə hazırlaşan hüceyrələri müəyyən edərək dərhal işə başlayırlar.

Bəzi insanlar digərlərinə nisbətən daha çox allergik reaksiyalara məruz qalırlar. Bu, onların immunitet sistemlərinin daha həssas olmasından irəli gəlir. Bir çoxları yüngül allergiya dərmanlarının köməyi ilə bunun öhdəsindən gəlsələr də, digərləri üçün bu reaksiyalar həyati təhlükələrə səbəb olur.

- Mövsümi, qida və dərman allergiyası tez-tez rast gəlinən allergiya növlərindəndir.

- Ən təhlükəli allergiyalar isə penisillin allergiyalarıdır.

- Qida allergiyalarında bütün immunitet sistemi bir zülala qarşı reaksiya göstərir.

- Tərkibində nikel olan bəzək əşyaları bəzi insanlarda metal allergiyalarına səbəb olur.

- Ümumiyyətlə, çiçəklərin yaz aylarında allergiyaya səbəb olduğu güman edilir.

Nyu Yorkda yerləşən Montefiore Tibb Mərkəzinin Allergiya və İmmunologiya şöbəsinin rəhbəri Devid Rozenşreyx allergiyaya səbəb olan əsas faktorun ağaclar və yabanı otlar olduğunu bildirmişdir. Çünki bu bitkilər külək vasitəsilə tozlanır. Çiçəklərin tozcuqları isə ağır və yapışqan olduğuna görə arıların ayaqlarına yapışaraq bir yerdən başqa yerə daşınır. Buna görə də ətraf mühitə çox dağılmır və nadir hallarda allergiyaya səbəb olur. Bir çox bitkilər isə tozcuqlarını əsasən səhər saatlarında paylayır. Buna görə allergiyası olan insanlar səhərlər daha çox narahatlıq hiss edirlər.

Son illərdə baş verən iqlim dəyişikliyi və istiləşmə bitkilərin daha erkən tozlanmalarına, tozcuqların da ətrafa yayılmasına səbəb olur. Bu isə tozlanma səviyyəsini artırır və allergiya mövsümü daha uzun davam edir. Yağışlı havaların allergiyanın təsirini yüngülləşdirdiyi güman edilir. Əslində isə, yağış bitki və tozcuq inkişafını artıraraq çiçək tozları ilə daha çox təmasda olmağımıza səbəb olur.

Allah dünyada möcüzəvi qanunlar yaratmışdır. Yağış toxumun inkişafına, onun torpağa qarışmasına, toxum bitkinin inkişafına, onun bar verməsinə, meyvələr isə bir çox nemətlərin istehsalına və insanların zövq almasına səbəb olur.

Rəbbimiz Ənam surəsində belə buyurmuşdur:

Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. (Biz həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar (ağacları da yetişdiririk). Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır. (Ənam surəsi, 99)

Allahın hikmətlə yaratdığı acizliklər bütün bu sistemlər içərisində ayrı bir möcüzədir. Hər bir acizliyin özü də kiçik təfərrüatlardan ibarətdir. Bunlar isə düşünə bilən, ağıllı insanların Allaha daha da yaxınlaşmasına və nemətlərin fərqinə varmasına vəsilə olur.