İSLAMİ hökmlər

İslam ədalətlə davranmağı əmr edir


İslam ədalətlə davranmağı əmr edir

İslam əxlaqı iman gətirənlərə danışarkən, iş görərkən və ya qərar verərkən ədalətlə davranmağı əmr edir. Allah`ın Quranda bildirdiyi əmrlər və Peyğəmbərimizin (səv) sünnəsi bu ədalət anlayışını bizə hərtərəfli açıqlayır. Quranda bizə bildirilən bütün elçilər öz qövmlərinə ədalət və sülh gətirmişdir. Peyğəmbərlər ümmətlərinin üzərindəki zülmün, zorakılığın qalxmasına səbəb olmuşdur. Allah “Yunis” surəsində belə bildirir:

Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz. (Yunis surəsi, 47)

Müsəlmanın ədalət anlayışının ən əsas xüsusiyyəti qarşısındakı insan öz yaxını da olsa, hər şərtdə ədalətlə hökm etməsidir. Allah ayədə belə bildirir:

Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. Varlı və ya kasıb olmasından asılı olmayaraq, Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər dilinizi əyib büzsəniz və ya boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır.(Nisa surəsi, 135)

Ayədən də göründüyü kimi, iman gətirən insan üçün qarşısındakı şəxsin maddi vəziyyəti və ya sosial statusu heç bir əhəmiyyət daşımır. Haqqın bərqərar olması, heç kəsin haqsızlığa məruz qalmaması və Allah`ın ayələrinin tam yerinə yetirilməsi əsasdır. “Maidə” surəsində isə belə buyurulur:

Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allah`dan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 8)

Yuxarıdakı ayədə isə Allah iman gətirənlərə öz düşmənləri belə olsa, həmişə ədalətlə hökm vermələrini əmr edir. Müsəlman qarşısındakı insanın ona haqsızlıq etdiyini, onu çətin vəziyyətdə qoyduğunu və ya düşmən olduğunu düşünüb ani qərarlar verməz, həmişə vicdanı ilə və Quran ayələri əsasında düşünər. Qarşı tərəf yanlış davransa belə, o yaxşılıqla qarşılıq verməklə və Allah`ın əmr etdiyi kimi davranmaqla məsuldur.

Allah “Mümtəhinə” surəsinin 8-ci ayəsində isə: “Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir”, -şəklində buyurmuş və müsəlmanların digər xalqlarla münasibətlərinin hansı sərhədlər çərçivəsində olmasını bildirmişdir. İman gətirən insanın bütün insanlara baxışı bu ayələr əsasında olmalıdır. Müsəlmanın rəftarı qarşısındakı şəxsə görə deyil, Allah`ın Quranda bildirdiklərinə görədir. Bu səbəbdən, səmimi qəlbdən iman gətirən müsəlman həmişə doğruların tərəfində olur. İman gətirənlərin bu mövzuda qətiyyəti “Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır, ədalətlə hökm edirlər”(Əraf surəsi, 181) ayəsi ilə bizə müjdələnir. Quranda ədalətlə bağlı digər ayələr bunlardır:

Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allah`ın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah eşidəndir, görəndir. (Nisa surəsi, 58)

De: “Rəbbim ədalətli olmağı əmr etdi. Hər səcdə etdiyiniz yerdə üzünüzü Ona tutun və Allah`a – dini məhz Ona məxsus edərək dua edin. Sizi ilk dəfə yaratdığı kimi diriləcəksiniz”. (Əraf surəsi, 29)

Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O, sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız. (Nəhl surəsi, 90)

Quranda keçən ədalət anlayışına əsasən, qarşı tərəfin hansı dinə, irqə və ya cinsə mənsub olması əhəmiyyət daşımır. Çünki İslam irqlər, cinslər arasında bərabərliyi müdafiə edir. Hər cür etnik ayrı-seçkiliyi qadağan edir. Peyğəmbərimiz hz. Muhəmməd (səv): “Bütün insanlar hz. Adəmdən, hz. Adəm isə torpaqdandır”, -deyərək insanlar arasında heç bir fərqin olmadığını vurğulamışdır.1 Dəri rəngi, sosial status, zənginlik kimi xüsusiyyətlər heç bir insanda üstünlük yaratmır.

Bu gün dünyanın hər tərəfində insanlar milliyyətinə, dilinə və ya dərisinin rənginə görə zülmə məruz qalır. Quranda bildirildiyinə əsasən, müxtəlif xalqların və qəbilələrin yaradılmasının hikmətlərindən biri insanların bir-birləri ilə tanış olmasıdır. Hamısı Allah`ın qulu olan müxtəlif millətlər və ya qəbilələr bir-biri ilə tanış olmalı, bir-birinin fərqli mədəniyyətini, dilini, adət-ənənəsini, qabiliyyətlərini öyrənməlidirlər. Müxtəlif irq və millətlərin olmasının bir məqsədi də münaqişə və müharibə deyil, mədəni zənginlikdir. İman gətirən insan yeganə üstünlüyün təqva, yəni Allah qorxusu və Allah`a imandakı üstünlük olduğunu bilir. Allah “Hücurat” surəsində belə bildirir:

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır.(Hücurat surəsi, 13)

Başqa bir ayədə isə Allah: “Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır!”(Rum surəsi, 22) -şəklində bildirir.

İslam tarixinə nəzər saldıqda iman gətirənlərin müxtəlif irqlərə qarşı ədalətlə davranması ilə bağlı bir çox nümunə ilə qarşılaşırıq. İslam Afrika, Asiya və Avropaya sürətlə yayılmış, bu fəthlər vasitəsilə İslam əxlaqının gözəllikləri də yayılmışdır. İslam hər irqə, milliyyətə, sosial quruluşa və coğrafiyaya yayılmış, dünyanın daha əvvəl bənzərini görmədiyi qardaşlıq münasibəti ilə milyonlarla insanı birləşdirmişdir. İnsan irqinin qolları və qaradərili irqin digər millətlərlə əlaqələrini tədqiq edən və bu sahədə mühüm əsərləri ilə tanınan tədqiqatçı Coul Avqustus Reycers (Joel Augustus Ragers) məşhur kitabı “Cins və İrq” (Sex and Race) adlı əsərində İslam dinin dünyaya təsirini belə tərif edir:

“İslamın əsrlərdir parlaq şəkildə ayaqda qalmasının bir səbəbi bu dində irq və siniflə bağlı yanlış rəylərin, demək olar ki, tamamilə yox olması, dərinin rəngini və ya sosial vəziyyəti nəzərə almadan cəmiyyətin ən yüksək pillələrinə qədər yüksəlməyin qabiliyyətdən asılı olmasıdır… İslam, tarixinin ən böyük və eyni zamanda, ən azad irq küpünü əmələ gətirmiş və bu irqlər qarışığı dünyanın bənzərini görmədiyi ən geniş imperiyanın tərkibində baş vermişdir. Gücünün ən yüksək zirvəsində ikən İslam imperiyası qərbdə İspaniya və Fransanın ortalarından Mərkəzi Asiya bölgələri də daxil olmaqla, şərqdə Hindistana, Çinə və Sakit okeanına qədər uzanırdı. Bu geniş torpaqların sultanları müxtəlif dəri rənglərinə malik idilər. Bir bağın çiçəklərinin rənglərinin fərqli olması bu çiçəklər üçün nə qədər əhəmiyyətlidirsə, dərilərinin rənglərinin fərqliliyi də müsəlmanlar üçün bundan da az əhəmiyyət daşıyırdı”.2

Dünyanın ən tanınmış İslam mütəxəssislərindən biri professor Hamilton Aleksandr Rossken Gibb (Hamilton Alexander Rossken Gibb) “İslam haraya?” (Whither Islam?) adlı əsərində İslam dininin müxtəlif irqlərə baxışını belə ifadə edir:

“Bəşəriyyətin bu qədər fərqli irqini status, fürsət və təşəbbüs cəhətdən bərabər hüquqlara malik şəkildə birləşdirməkdə bu qədər müvəffəq olan başqa bir cəmiyyət yoxdur. İslam tamamilə uyğunlaşmayacaq kimi görünən müxtəlif irqləri uzlaşdırma gücünə malikdir. Şərq və qərbdəki böyük xalqların bir-birinə müxalifətini əməkdaşlıq əvəz etdiyi təqdirdə, İslamın uzlaşdırıcı rolu labüd olacaq…”3

İslam əxlaqı qardaşlıq, sülh, azadlıq və əmin-amanlıq təməlləri üzərində cəmiyyət qurmağı hədəfə alır. Bu səbəbdən, İslamla tanış olan hər xalq keçmiş dövrlərin repressiv, zalım, ixtilaf yaradan düşüncə tərzindən sıyrılmış, yenidən sülh əsasında bir cəmiyyət inşa etmişdir. Bir çox qərbli tarixçi bu həqiqəti əsərlərində dilə gətirmiş, İslamla tanış olmağın müxtəlif xalqlara dərin müsbət təsir etdiyini ifadə etmişdir. Professor Robert Briffault “Bəşəriyyətin inkişafı” (The Making of Humanity) adlı əsərində qərb cəmiyyətinin İslamla əlaqəsinə belə toxunur:

“Bütün bəşəriyyət üçün azadlıq, qardaşlıq, insanların qanun qarşısında bərabərliyi, məsləhətləşmədən və ümumi seçkilərdən istifadə edən demokratik hökumət idealları, Amerika konstitusiyasının hazırlanmasına təşəbbüskarlıq edən və İnsan Hüquqları Bəyannaməsini ilham edən ideallar qərbin yenilikləri deyildi. Bu idealların hamısının təməlləri Müqəddəs kitab Quranda var. Bu ideallar Avropada orta əsrlərdə maarifçilərin müsəlman olan İspaniya, Siciliya, Xaçlılar və İslami qardaşlıq dərnəklərini təqlid etməsi ilə və xaçlılardan sonra Avropada formalaşan cəmiyyət vasitəsilə İslamdan öyrəndiklərinin əsasıdır”.4

Yuxarıdakı sitatda izah edilən həqiqətlər İslam əxlaqının bütün dünyaya əsrlər boyu sülh, tolerantlıq və ədalət dərsi verdiyini göstərir. Dövrümüzdə də bütün dünya insanları belə bir sivilizasiyanın həsrətindədir və belə bir sivilizasiyanın yenidən qurulmaması üçün heç bir səbəb yoxdur. Lazım olan yeganə şey insanların, əvvəlcə, özlərindən başlayaraq Quran əxlaqı ilə yaşamağa niyyət etməsi, sonra da insanlar arasında bu əxlaqı yaymaq üçün cəhd etməsidir. İnsanlar Quranda əmr edilən əxlaqı yaşadıqda ən üstün səviyyədəki idarəçidən ən aşağı səviyyəyə qədər hər kəs ədalətli, mərhəmətli, anlayışlı və dürüst olar, bütün xalqlar sülh və əmin-amanlığa qovuşar.

Qeydlər:

  1. İbni Mace, Menasik, səh. 84, http://www.esselam.com/ogutler.html
  2. Andy Thomas, İslam İnsanlığın Ruhu, Timaş Yayınları, İstanbul, 1997, səh. 33
  3. H.A.R. Gibb, Whither Islam, London, 1932, səh. 379., Andy Thomas, İslam İnsanlığın Ruhu, Timaş Yayınları, İstanbul, 1997, s. 37
  4. Prof. Robert Briffault, İnsanlığın Gelişimi (The Making of Humanity), http://www.tolueislam.com/Shabbir/SA_WINC_4.htm, Andy Thomas, İslam İnsanlığın Ruhu, Timaş Yayınları, İstanbul, 1997, s.38