İSLAMİ hökmlər

Ən vacib ibadətlərdən biri: Təbliğ


Ən vacib ibadətlərdən biri: Təbliğ

Allah Quranda iman gətirәnlәr üçün әn vacib ibadәtlәrdәn birinin tәbliğ, yәni Quranda bildirilәn hәqiqәtlәri insanlara anlatmaq vә imana dәvәt etmәk olduğunu bildirir. Belә ki, bu ibadәt müsәlmanın bütün hәyatına şamil olunur. Mömin sözlәri, halı, davranışı ilә hәyatının hәr anında Allahın dinini insanlar arasında yaymaqla vә İslamı tәmsil etmәklә mәsuldur. Möminlәrin öz aralarındakı söhbәtlәri dә, әslindә, qarşılıqlı tәbliğdir. Onlar bir-birilәrini Quranda bildirilәn hökmlәrә tabe olmağa vә Quranda tәsvir edilәn әxlaqı yaşamağa dәvәt edirlәr. Qısaca, möminin әsas üslubu tәbliğdir.

De: “Haqq gәldi, batil puç olub getdi. Hәqiqәtәn dә, batil puçluğa mәhkumdur!”
(İsra surәsi, 81)

TӘBLİĞ EDӘN MÖMİNİN ÖZÜNÜ TӘQDİM ETMӘSİ

“Şübhəsiz ki, mən sizin üçün etibar olunası, bel bağlanası bir peyğəmbərəm!” (Şüəra surəsi, 107)

Cahil cəmiyyətdə insanlar bir-biri ilə yalnız mənfəət xatirinə münasibət qurur və birinin digərinə qayğı göstərməsinin səbəbi də ancaq mənfəətdir. Üstəlik bu vəziyyət cahil cəmiyyətin bir çox üzvü tərəfindən normal qəbul edilir. Nəticədə, bu insanlar onlara göstərilən münasibətin müqabilində “görəsən, məndən nə mənfəət gözləyir” şəklində fikirləşirlər. Əgər kimsə qarşısındakı insanda yeni “dünyagörüşü” yaratmağa çalışsa belə, əvvəlki düşüncəsi eyniylə qalır. Həmişə “mənə bunu başa salmaqda nə marağı var” sualı ağıllarının bir küncündə durur.

Ancaq möminin təbliğdə, yəni Allahın dinini yaymaqda yeganə məqsədi Allahın ona fərz etdiyi ibadəti yerinə yetirməkdir. Bu hərəkəti ilə sadəcə Allahı razı salmağı, Onun mərhəmət və sevgisini qazanmağı hədəf almışdır. Bu səbəbdən də danışdığı insandan heç bir mənfəət gözləməz. Əlaqə qurduğu insan dini qəbul etdiyi zaman ondan özü üçün heç bir qarşılıq istəməz. Çünki anlatdıqları öz şəxsi fikirləri deyil, kainatı yoxdan var edən Allahın dinidir.
Cahil insanlar bütün bunlardan xəbərsizdirlər, qarşılarındakı insanın mömin olduğunun belə çox vaxt fərqində olmurlar. Fərqində olsalar belə, möminin əsla mənfəət gözləmədiyini bilməzlər. Bu səbəbdən bir mömin təbliğ məqsədi ilə onlara yaxınlaşaraq Allahın dinini anlatmaq istəsə, böyük ehtimalla “bu insanın bunları deməkdə məqsədi nədir, məndən nəsə umur” kimi düşüncələrə qapılacaqlar.

Buna görə də qarşı tərəfi bu düşüncələrdən çəkindirmək təbliğdəki ən vacib məsələlərdən biridir. Ünsiyyət qurduğu insana heç bir mənfəətinin olmadığı, təbliğdəki yeganə məqsədinin Allahın rizası olduğu başa salınmalıdır.

Peyğəmbərlər da təbliğlərində bu üsuldan istifadə etmişdir. Quranda peyğəmbərlərin qövmlərinə xitablarına baxdıqda onların öz qövmlərinə əvvəlcə etibarlı olduqlarını vurğuladığı görünür. Məsələn, Ad qüvmünə göndərilən hz.Hud belə demişdir:

“...Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Siz isə Allaha şərik qoşmaqla yalnız iftiraçısınız! Ey camaatım! Mən buna görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatımı vermək yalnız məni yaradana aiddir. Məgər dərk etmirsiniz?” (Hud surəsi, 50-51)

Hz.Nuh isə ona “...Biz sizi yalançı hesab edirik...” (Hud surəsi, 27) deyən qövmünə qarşı belə söyləmişdi:

“Dedi: “Ey camaatım! Bir deyin görək. Əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad etsəm, Rəbbim mənə Özündən bir mərhəmət bəxş etsə və o sizə gizli qalsa; istəmədiyiniz halda, biz sizi ona məcburmu edə bilərik?! Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatımı vermək ancaq Allaha aiddir...” (Hud surəsi, 28-29)

Təbliğ edilən insanın hüzursuzluğuna mənfəət şübhəsi ilə yanaşı, digər amillər də səbəb ola bilər. Cahil cəmiyyətdə “zərərli” və “təhlükəli” insanlarla qarşılaşdıqda onlardan uzaq olmağa və onlarla təmkinli davranmağa adət edilib. Buna görə də həmin insan bu refleksin bir nəticəsi olaraq, bəlkə möminlərdən də çəkinə bilər. Sanki ona zərər verəcək insanla qarşılaşırmış kimi yersiz və mənasız şeylər düşünə bilər. Xüsusilə də, möminlərin inkarçıların qabaqcıllarına qarşı irəli sürdükləri fikri mübarizədən narahat olub müdafiə psixologiyasına qapıla bilər.

Bu vəziyyətdə də qarşı tərəfin bütün qorxularını bir-bir dəf etmək lazımdır. Əgər qarşı tərəf möminlərin inkarçıların öndə gedənlərinə qarşı apardığı fikri mübarizədən qorxubsa, əvvəlcə bunun məntiqi Quran ayələrinə əsaslanaraq açıqlanmalıdır. Möminlərin yalnız Allahın dininə düşmənçilik edən, Quran ayələrinə qarşı mübarizə aparan və yer üzündə fitnə-fəsad törədən insanlara qarşı mübarizə apardıqları və bütün insanlara ədalət, xoşniyyət və hörmət çərçivəsində dost kimi yaxınlaşdıqlarından bəhs edilməlidir.

Təbliğ edilən insan inkar edənlərin iman gətirənlər əleyhinə uydurduğu böhtanlardan da təsirlənə bilər. Əgər bundan yaranan bir narahatçılıq müşahidə edilərsə, bu böhtanların mahiyyəti ona izah edilməli və onların həqiqətlə heç bir əlaqəsinin olmadığı, bu böhtanların uydurma olduğu açıqlanmalıdır. Tarix boyu bütün elçilərə və saleh möminlərə atılan böhtanlarla bağlı ayələr Qurandan dəlil kimi göstərilməli, bunların mömin əlaməti olduğu bildirilməlidir.

Lakin unutmamalıyıq ki, sözlə ediləcək bütün bu açıqlamaları daha təsirli edəcək əsas şey möminin görünüşüdür. Etibar qazanmaq hər şeydən əvvəl hərəkətlərlə, baxışlarla, mimikalarla, yəni bütün bunları göstərən ruh halı ilə mümkündür. Mömin qarşı tərəfə dini yaşamaqda qərarlılığı, ixlası, səmimiyyəti və güclü imanı ilə təsir göstərə bilər. Mömin qərarlılığa, əsla sarsılmayacaq səbat və əzmə sahib olduğu müddətcə qarşı tərəfin şübhələri, yaxud da cahiliyyə sisteminin atdığı böyük iftiralar ona heç bir mənfi təsir göstərə bilməz. Belə olduqda etibarlı xarakterə sahib olar və bu, bütün hərəkətlərində özünü göstərər.

Bu hal Allahın dinini anlatmaqla vəzifələndirdiyi elçilərində açıq şəkildə görünür. Məsələn, hz.Yusif (əs) zina böhtanı ilə günahlandırılaraq boş yerə zindana atılsa da, Allaha olan təslimiyyətini, təmkinliliyini və alicənablığını qorumuşdur. Onun bu vəsfini zindandakı digər məhkumlar da hiss etmişdir. Qurana görə zindanda olduğu zaman ona iki nəfər yaxınlaşmış, gördükləri yuxunu söyləyərək bunların yozumunu bildirməsini istəmişlər. Zina kimi bir ittihamla məhkum olunmuş hz.Yusifdə belə bir hikməti görmələrinin yeganə səbəbi isə hz.Yusifin görkəmindəki və hərəkətlərindəki etibarlılıqdır. Yuxularının yozumunu soruşarkən belə deyərlər: “...Gəl bu yuxunu bizə yoz. Biz, həqiqətən, sənin yaxşı adamlardan olduğunu görürük”. (Yusif surəsi, 36)

Möminin belə təmkinli və güvənilir olmasındakı ən əsas amillərdən biri təbliği sadəcə bir ibadət kimi qəbul etməsi və qarşı tərəfi inandırmaq kimi məcburiyyətinin olmadığını bilməsidir. Çünki bir insanın iman gətirib-gətirməməsi “Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar...” (Ənam surəsi, 125) ayəsinin sirri ilə ancaq Allahın diləməsi ilə olur və “...doğrudan da, insanların çoxu fasiqlərdir” (Maidə surəsi, 49) hökmünə görə də insanların bir qisminin iman gətirməməsi çox təbiidir. Bu halda, təbliğ etmək istədiyi insanın iman gətirməməsi möminə qətiyyən təsir etməməlidir. Mömin sadəcə öz borcunu yerinə yetirib dini təbliğ etməklə və insanları imana dəvət etməklə məsuldur. Bir insana hidayət vermək isə ancaq Allaha məxsusdur. Bu sirri bilən mömin qarşı tərəfi yola gətirmək üçün heç vaxt yersiz təkid etməz. Həmçinin təbliğin insan üçün önəmli olduğunu xatırlatmaq da çox mühümdür. Təbliğ edilən bəzi insanlar cahilliklərinə görə təbliğə müsbət qarşılıq verərək dinə tabe olmaqla böyük “lütf" edəcəklərini zənn edirlər. Möminlərin onlarla maraqlanmasını da “yüksək keyfiyyətləri” ilə əlaqələndirir və iman gətirməklə ona təbliğ edənlərə çox böyük “yaxşılıq” edəcəyini düşünürlər. Bu cılız məntiq həmin insanın cəhalətinin və ağılsızlığının nəticəsidir. Quranda da bu mövzuya diqqət çəkilir:

“Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: “Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər doğru deyirsinizsə, bilin ki, sizi imana müvəffəq etməklə, əslində, Allah sizin boynunuza minnət qoymuş olur!”” (Hucurat surəsi, 17)

Bir insanın iman gətirməsi yalnız onun lehinədir və insan bilməlidir ki, iman gətirməyə özünün ehtiyacı var. Allahın heç bir şeyə ehtiyacı olmadığı kimi, kiminsə iman gətirməsinə də ehtiyacı yoxdur. Amma hər kəs imana və Allahın rizasını qazanmağa möhtacdır. Təbliğ edilən şəxsə bu həqiqət açıqlanmalı və müsəlman olmaqla dinə böyük qazanc gətirəcəyini düşünüb özünü çox “qiymətli” insan kimi görməsinin nə qədər yanlış və ağılsız fikir olduğu başa salınmalıdır. Bilməlidir ki, özü ilə fəxr etmək çox böyük xətadır. Çünki yaşadığı cahil dünya həyatına görə “alov çuxuru”nun kənarındadır. Onu oradan çıxarıb əbədi qurtuluşa aparacaq yeganə çıxış yolu isə İslamdır. Buna görə də ona edilən bu dəvət əslində çox böyük nemət, çox böyük lütfdür.
Möminlərin onlarla maraqlanması onlar üçün şərəfdir. Bu, ona bildirilməli, İslamla tanışlığın Allahın ona bəxş etdiyi lütf olduğu izah olunmalıdır. Möminlərin onlarla boş yerə maraqlanmadıqlarını, Allahın dinini təbliğ edən və onları bir tərəfdən əbədi qurtuluşa çağırarkən, digər tərəfdən də əbədi cəhənnəm əzabı ilə xəbərdar edən kimsə olduqlarını bilməlidir.

Cahil cəmiyyətin yuxarıda saydığımız instinkt və refleksləri səbəbindən yaranan əngəllər aradan qalxaraq möminə hörmət və etibar göstərilərsə, artıq əsl məsələyə, yəni Allahın Quranda bildirdiyi həqiqətlərindən bəhs etməyə keçə bilərik. Çünki bütün bu hazırlıqlar nəticə olaraq dini daha gözəl şəkildə anlamaq üçündür.
Allahın tanıdılması

“Səmud qövmünə də qardaşları Salehi peyğəmbər göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi yerdən yaradıb orada sakin etdi. Bağışlanmanızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim yaxındır, duaları qəbul edəndir!”” (Hud surəsi, 61)

Cahil cəmiyyətdəki Allah inancının Qurandakı əsli ilə heç bir uyğunluğu yoxdur. Cahiliyyə öz prinsiplərinə uyğun, doğru olmayan, nağıla bənzər mifoloji Allah inancı yaratmışdır. Allahın kainatı və insanları bir dəfə yaratdıqdan sonra onları özbaşına buraxaraq kosmosun bir küncündə “oturduğunu” - Allahı tənzih edirik - düşünürlər. Zehinlərində qurduqları bu azğın və yanlış inanc Allahı unutmalarına, Onun böyüklüyünü layiqincə qavramamalarına səbəb olmuşdur.

Hz.Şüeyb peyğəmbər də qövmünün bu yanlış inancına diqqət çəkərək “...Ey qövmüm! Məgər mənim əşirətim sizə Allahdan da əzizdir ki, Onu unudub saymırsınız?...”,- deyir və Allahın gerçək zatını belə açıqlayır: “...Həqiqətən, Rəbbim nə etdiklərinizi biləndir!” (Hud surəsi, 92)

Allah bu insanların dilində “Allah göstərməsin”, “İnşaAllah”, “Allah uzaq etsin” kimi sözlərlə arabir zikr edilən, amma haqqında heç vaxt düşünülməyən mücərrəd anlayış kimidir. Allahın varlığını və gücünü dilləri ilə qəbul etsələr də, əslində buna səmimi şəkildə inanmırlar. Bu hal Allah üçün fədakarlıq etməli olduqları zaman özünü büruzə verir. Dara düşdükdə, yaxud da hər hansı bir mənfəət itkisinə məruz qalacaqlarını anladıqları vaxt dərhal inkar edənlərlə birləşib öz səmimiyyətsizliklərini göstərirlər. Cahil cəmiyyətin böyük əksəriyyəti isə açıq şəkildə Allahın varlığını inkar edib Quran ayələrinə qarşı mübarizə aparır. Bəziləri bu inkarlarını materialist fəlsəfə, yaxud da təkamül fərziyyəsi ilə əsasaslandırırlar. Özlərini “müasir, çağdaş, elmli, intellektual” və s. kimi insanlara təsir edən adlarla tanıdan və Allahı inkar etməklə “şəxsiyyət” qazandıqlarını zənn edən bu zavallılar həqiqətdə Allahın varlığını görüb qavramayacaq qədər düşüncəsizdirlər.

Cahil cəmiyyətin bu iki ayrı qrupuna ediləcək təbliğ, əslində, eynidir. Hər ikisinə də Allahın varlıq dəlillərindən bəhs edilərək, zehinlərini batil inanclardan təmizləyərək həqiqətləri görmələri üçün səy göstəriləcək.
Ancaq inkarlarına ideoloji əsas gətirənlər üçün əvvəlcə bu ideologiyaların kökü çürüdülməlidir. Məsələn, kor-koranə şəkildə inandıqları təkamül fərziyyəsi daxilindəki ziddiyyətlər və cavabsız suallar önə sürülə bilər. İnsan inandığı bu sistemin, əslində, yalan olduğunu görməlidir.

Bu mərhələdən sonra görüləcək iş hər iki qrup üçün eynidir. Cahil sistemin batil fikirləri ilə düşünmə və mühakimə qabiliyyətini itirmiş, ağılları qapanmış bu insanlar, bəlkə də, həyatlarında ilk dəfə Quranda buyrulduğu kimi düşünməyə dəvət ediləcəklər. İllər boyu yedikləri meyvənin, içdikləri suyun, nəfəs aldıqları havanın necə yarandığını düşünməyə başlayacaqlar. Sahib olduqları bədənin, gözlərin, qulaqların, ürəklərin necə və kim tərəfindən yaradıldığını fikirləşməyə sövq ediləcəklər. Onu da qeyd etmək lazımdır ki, Quranda insana düşünmək üçün yol göstərilir və nəyi düşünməyin vacib olması tez-tez vurğulanır. Məsələn, “Vaqiə” surəsində insana belə səslənilir:

“Bəs bətnlərə axıtdığınız nütfəyə nə deyirsiniz? Ondan insan yaradan sizsiniz, yoxsa Biz?! Sizin aranızda ölümü əvvəlcədən Biz müəyyən etdik və Biz əsla aciz deyilik; sizi yox edib yerinizə sizin kimiləri gətirməkdən və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan! And olsun ki, siz ilk yaradılışı (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə heç düşünmürsünüz?! Bəs əkdiyinizə nə deyirsiniz? Onu bitirən sizsiniz, yoxsa Biz?! Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məəttəl qalıb: “Biz ziyana uğramış, bəlkə, məhrum olmuş kimsələrik!”,- deyərdiniz. Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa Biz?! Əgər istəsəydik, onu acı edərdik. Elə isə niyə şükür etmirsiniz? Bəs yandırdığınız oda nə deyirsiniz? Onun ağacını yaradan sizsiniz, yoxsa Biz? Biz onu ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq. Belə olduqda sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!” (Vaqiə surəsi, 58-74)

Təbliğ ediləcək insan ilk əvvəl bu məntiq üzərində düşünməyə başlamalıdır: nizam və ya estetikaya sahib heç bir şey təsadüfən, yaxud öz-özünə yaranmaz. Əgər bir yerdə nizam, balans, dizayn və estetikaya sahib bir şey varsa, bu mütləq ağıl sahibi varlıq tərəfindən dizayn edilmiş və meydana gətirilmiş deməkdir. Bir kağızın üzərinə çəkilmiş düzgün həndəsi fiqur, yaxud düzgün yazılmış hərf görən insan bunların ağıl sahibi insan tərəfindən çəkildiyinə əmindir. Çox böyük plan və tarazlıq üzərində qurulmuş kainat da, şübhəsiz ki, yüksək ağıl sahibi Yaradıcı tərəfindən yaradılmışdır. O Yaradıcı hər şeyin sahibi olan Allahdır.

Ümumiyyətlə, gözümüzlə gördüyümüz, qulağımızla eşitdiyimiz, ya da hiss etdiyimiz hər şey bizə yerlərin və göylərin sahibi olan Yaradıcını, yəni Allahı tanıdır. Allah Öz sifətlərini təzahür etdirmək üçün əşyanı var etmişdir. İnsanın kainatı əhatə edən qüsursuzluq və sonsuz gözəlliklər üzərində ətraflı düşünməsi bu açıq həqiqəti anlaması üçün kifayətdir. Çünki onu əhatə edən yaradılış dəlilləri bu möhtəşəm nizamın bir sahibinin olduğunu açıq şəkildə göstərir.
Təbliğ edilən şəxs bu anlayışa sahib olduqdan sonra Quran əxlaqının anladılması daha da asanlaşacaq. Şəxsə danışılanlar bu andan etibarən bir şey ifadə etməyə başlayacaq, beynindəki qarışıq fikirlər öz yerini tapacaq.