Allahın İSİMLƏRİ

Rəbbimizin ən gözəl isimləri


 Rəbbimizin ən gözəl isimləri

Rəhman və Rəhim isimləri Rəbbimizin Quran ayələrində bildirilən bir çox isimləri ilə birlikdə çox geniş və dərin məna verir. İnsanlar üzərində sonsuz mərhəmət sahibi olan, əsirgəyən və bağışlayan Rəbbimiz bütün həyatları boyu onlara misilsiz nemətlər lütf edir. Maddi nemətlərlə yanaşı, mənəvi olaraq da Rəbbimiz insanlara çox böyük lütflər edir: səhvlərini bağışlayır, tövbələrini qəbul edir, onları qoruyur, pisliklərini örtür, hidayətlərini artırır, doğru yola yönəldir.

Allahın yaratdığı bütün canlılar qüsursuz və üstün yaradılış sayəsində həyatlarını davam etdirirlər. Hər biri Allahın üstün ağlına, sonsuz şəfqət və mərhəmətinə təslim olub. Allah onlara ehtiyacları olan hər şeyi verib. Hər canlının həyatını davam etdirə bilməsi üçün ehtiyacı olan hər şeyin yaxınında olması da Allahın rəhmətinin dəlillərindən yalnızca biridir. Rəbbimiz yaratdıqlarına qarşı “Şəfqətlidir, Rəhmli”dir. (Bəqərə surəsi, 143) Ayələrdə belə buyurulur:

Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən, Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir. (Həcc surəsi, 65)
Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir. (Hədid surəsi, 9)

İnsan dünyaya gəldiyi andan etibarən həyatını yalnız Allahın rəhməti, qoruması və yardımı ilə davam etdirə bilir. Məsələn, bütün dünyada hər dəqiqə zəlzələlər, sellər, qasırğalar, vulkan püskürmələri baş verir. Bu cür fəlakətlər hər an yarana bilər. Xəstəliklər və maddi itkilər də Allahın hər insana verə biləcəyi sıxıntılardır. Bu hadisələr qarşısında unudulmamalı olan bir gerçək var: insan nə qədər çalışırsa-çalışsın, Allah diləmədikdən sonra başına gələcək hər hansı bir şeydən qoruna bilməz, yaxud da hansısa müsibətə mane ola bilməz. Heç kim də ona yardım edə bilməz. İnsanı tək qoruyan və ona tək yardım edən Rəhman olan Allahdır. Allah diləsə, insanı hər cür sıxıntı və müsibətdən xilas edər və ya bütün sıxıntıları ona bəla edər. Quranda bu vəziyyət belə bildirilir:

De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq”– deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?” De: “Ondan və bütün (başqa) sıxıntılardan sizi Allah xilas edir. Sonra siz (yenə də) şərik qoşursunuz”.
(Ənam surəsi, 63-64)
(Oğlu) dedi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam!” (Nuh) dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!”... (Hud surəsi, 43)
...(Allaha ibadət etməyi) özlərinə ar bilənlərə və təkəbbürlük göstərənlərə gəlincə, (Allah) onları üzücü bir əzaba düçar edəcəkdir. Onlar Allahdan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar. (Nisa surəsi, 173)

Ayələrdə də göründüyü kimi, insanı hər cür sıxıntıdan, fəlakətlərdən xilas edən sonsuz şəfqət sahibi Allahdır. İman sahibləri qarşılaşdıqları hər cür çətinlikdə, sıxıntıda və xəstəlikdə təkcə sonsuz mərhəmət sahibi olan Allaha sığınırlar və Onu dost bilirlər. Rəbbimiz Özünə iman gətirən, səmimi itaət edən bu insanlara dünyada maddi-mənəvi bolluq və rifah verir. Onları çətinliklərdən və sıxıntılardan xilas edir. Rəbbimizn bu üstün sifəti Quran ayələrində belə bildirilir:

Kim Allaha gözəl bir borc versə (malından Allah yolunda xərcləsə), O da onun üçün bunu qat-qat artırar. Allah (kimisinin ruzisini) azaldar, (kimisinin ruzisini də) artırar. Siz Ona qaytarılacaqsınız. (Bəqərə surəsi, 245)
Həqiqətən, Rəbbin istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Şübhəsiz ki, O, Öz qullarını tanıyır və görür. (İsra surəsi, 30)

Rəbbimiz sonsuz yaxşılıq sahibidir. Quranda “Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, Rəhmlidir!” (Tur surəsi, 28) ayəsi ilə bildirildiyi kimi, Allah insanlara bütün həyatları boyu yaxşılıqlar edir, misilsiz gözəlliklər bəxş edir. Var olan hər şey Allahdandır. Bütün gözəlliklər, incəliklər, nemətlər Onun sonsuz ağlının təzahürləridir. Bütün digər varlıqlar kimi insanlar da Rəbbimizin diləməsi ilə yer üzünə gəlirlər. Ana bətnində ət parçası olan insan doğulur, böyüyür, gözəl simaya sahib olur və hər detalı ilə Allahın möhtəşəm sənətini əks etdirir. Ayələrdə üstün rəhmət sahibi olan Rəbbimiz belə buyurmuşdur:

Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı.
(İnfitar surəsi, 6-8)
Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir. O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi. Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. Axı son dönüşün Rəbbinədir!
(Ələq surəsi, 1-8)

Sonsuz lütf sahibi Rəbbimiz insana saysız-hesabsız nemətlər vermiş və əvəzində yalnızca Özünə qulluq edilməsini istəmişdir. Səmimi iman sahibləri Allaha səmimi qulluq edən, Allaha təslim olmuş, Rəbbimizi səmimi olararaq zikr edən, Rəbbimizə yönələn insanlardır. Onlar dünyadakı gözəl davranışlarının qarşılığını axirətdə daha üstünü ilə alacaqlar. Çünki Allah sonsuz kərəm sahibidir.

O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur. (İbrahim surəsi, 34)

Allah bildirdiyi dini çox asanlaşdıraraq sonsuz şəfqətini göstərmişdir. Sonsuz rəhmət sahibi olan Allah insanları unutduqları və yanıldıqları şeylərdən ötrü hesaba çəkmir. Kor, topal və xəstə olana Allah məsuliyyət qoymur. İnsanlara səbri və təvəkkülü öyrədərək çiyinlərindəki yükü götürür. Bütün bu nümunələr Allahın sonsuz mərhəmətini və şəfqətini inkar edən insanların nankorluğunu anlamaq üçün çox önəmlidir. Ayələrdə Allahın Həlim (şəfqətli, mərhəmətli, həlim olan) ismi belə bildirilir:

İki qoşun qarşılaşdığı gün içərinizdən üz döndərənləri şeytan, qazandıqları bəzi günahlar üzündən səhv etməyə vadar etdi. Allah artıq onları bağışladı. Həqiqətən, Allah Bağışlayandır, Həlimdir. (Ali İmran surəsi, 155)
Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz, lakin O, sizi qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır. Allah Bağışlayandır, Həlimdir. (Bəqərə surəsi, 225)
Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır. (İsra surəsi, 44)
Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır. (Fatir surəsi, 41)

Allah sonsuz ədalət sahibidir və axirətdə insanların etdiklərinin qarşılığını tam verəcək. Dünyadakı bütün sıxıntılar, yoxluqlar, zülmlər Allahın etdiyi imtahanlardır. Bütün insanlara heç bir haqsızlıq edilmədən etdiklərinin qarşılığı mütləq veriləcək. Sonsuz bağışlayan Rəbbimiz hər insanın etdiklərini ortaya çıxaracaq və həssas tərəzilərdə ədalətini təzahür etdirəcək. Zülm edənlərin zülmlərinin, əlbəttə, qarşılıqsız qalmayacağını, hər yaxşılığn mütləq qarşılığının veriləcəyini Allah Quranda bizə xəbər verir. Axirətdə dünya həyatındakı bütün əməllərin qarşılığı veriləcək. Ayələrdə Rəbbimizin ədaləti belə xəbər verilir:

O gün bütün insanları öz başçıları ilə birlikdə çağıracağıq. (O zaman) kitabı sağ əlinə verilən kimsələr öz kitablarını (sevinclə) oxuyacaq və onlara xurma çəyirdəyindəki tel qədər belə zülm edilməyəcəkdir. (İsra surəsi, 71)
De: “Rəbbimiz hamımızı bir araya cəmləşdirib sonra da aramızda ədalətlə hökm verəcəkdir. O, ən ədalətli Hakimdir, Biləndir”. (Səba surəsi, 26)

Allaha təslim olan, Onun razılığını qazanmaq üçün yaşayan insanlar dünyada və axirətdə sevinc içində olacaqlar. Bu, sonsuz mərhəmət sahibi olan Rəbbimizin Lətif isminin təzahürüdür. Lətif olan Allah mömin qullarına hər cür çətin vəziyyətdə yardım edərək də lütfünü göstərir. Quranda belə bildirilir:

Allah Öz qullarına qarşı Lütfkardır. O, istədiyinə ruzi verir. O, Qüvvətlidir, Qüdrətlidir. (Şura surəsi, 19)
Məgər Allahın göydən yağış yağdırdığını və (onunla)yer üzünü yaşıllığa bürüdüyünü görmürsənmi? Həqiqətən, Allah Lütfkardır, Xəbərdardır.
(Həcc surəsi, 63)

Allah iman gətirənlərin dünyadakı tək dostu və Vəlisi olduğu kimi, axirətdə də onlara yardım edəcək, pisliklərini yaxşılıqlara çevirəcək və onlara lütf edəcək. Belə ki, ayələrdə möminlərin Cənnətdə bu cür söyləyəcəkləri bildirilir:

Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən (Allahdan) qorxurduq. Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu. Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, Rəhmlidir!” (Tur surəsi, 26-28)

Rəbbimiz çox bağışlayan, qarşılıqsız bəxş edəndir. (Sad surəsi, 9) Həm mükafat və şövq qaynağı, həm də qarşılıqsız lütfü və mərhəməti olaraq əməlisaleh qullarına dünyada nemət və gözəllik verməsi Allahın lütfüdür:

... De: “Şübhəsiz ki, lütf Allahın əlindədir və onu istədiyinə verir! Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”. O, Öz mərhəmətini istədiyi kəsə məxsus edir. Allah böyük lütf sahibidir. (Ali İmran surəsi, 73-74)

Zənginlik, ehtişam və gözəllik Cənnətin ən əsas xüsusiyyətlərindən olduğu üçün Allah sevdiyi qullarına Cənnəti xatırladacaq, onların Cənnətə qovuşmaq arzularını və həyəcanlarını artıracaq nemətlərin bənzərlərini bu dünyada da yaradır. Ona görə inkarçıların əbədi əzabları hələ bu dünyada başladığı kimi, əməlisaleh möminlər üçün vəd edilən əbədi gözəlliklər də özlərinə dünyadakı həyatlarında göstərilməyə başlanır. Allah Özündən bağışlanma diləyən, tövbə edən əməlisaleh möminləri həm Cənnətdə, həm də dünyada gözəl şəkildə mükafatlandıracağını və onlara nemətlər bəxş edəcəyini bir ayədə belə bildirir:

Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəyyən olunmuş vaxtadək gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. Əgər (Ondan) üz çevirsəniz, (bilin ki), mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram. (Hud surəsi, 3)

Mömin uca Allahın sonsuz qüdrətinin şüurundadır. Onun əmr və qadağalarına uyur, insanlar üçün seçib bəyəndiyi dini yaşayır və ən əsası, ölümündən sonrakı həyatı üçün çox böyük ümidlər bəsləyir. Dünya həyatında möminlər Allahın yardımı və lütfü ilə qarşılıq görə bilərlər. Ancaq Allah möminlərə dünyada imtahan olaraq çətinlik və sıxıntı da verə bilər. Möminlər bunda da gözəllik olduğunu bilərək hər zaman təvəkküllü davranırlar. Allahın möminlərin gözəl əxlaqlarının qarşılığını axirətə mütləq verəcəyini bilirlər. Rəbbimizin sonsuz lütf sahibi olduğu belə xəbər verilir:

Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi? (Rəhman surəsi, 60)
Allaha qarşı yalan uyduranların Qiyamət günü barədə fikirləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütfkardır, lakin onların çoxu şükür etmir.
(Yunis surəsi, 60)
Allah onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın deyə xərclədikləri elə bir kiçik və ya böyük məsrəf, keçdikləri elə bir vadi yoxdur ki, (buna görə) onlara (savab) yazılmasın. (Tövbə surəsi, 121)
Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını) artırar. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir. (Bəqərə surəsi, 261)
Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir. (Bəqərə surəsi, 268)