Quran möcüzələrİ

İnsan bədənində Allahın Rəhman və Rəhim isimlərinin təzahürləri


 İnsan bədənində Allahın Rəhman və Rəhim isimlərinin təzahürləri

İnsan bədənindəki təqribən 100 trilyon hüceyrənin, sümüklərin, tənəffüs sisteminin, ifrazat vəzilərinin, orqanların, bütün toxumaların və digər bütün incəliklərin sahibi və Yaradıcısı üstün qüdrət sahibi Allahdır. Allah insanı yoxdan var etmiş, Onu tanıması üçün də həm öz bədənində, həm də kainatda dəlillər göstərmişdir. Əvvəlki bölmədə də qeyd etdiyimiz kimi, Allahın insana mərhəmətini əvvəlcə onun ana bətnində, ayədə bildirildiyi kimi “... möhkəm yerdə yerləşdirilməsi”ndə (Muminun surəsi, 13) görürük. Bir hüceyrənin gözəl simalı insana çevrilməsi əsnasında baş verən hər mərhələ Allahın Rəhman və Rəhim sifətinin çox üstün təzahürləridir. Dünyaya gəldikdən sonra keçən 60-80 illik ömür ərzində eyni qüsursuz proseslər davam edir. İnsanın hər bir hüceyrəsində baş verən inkişaf, hər nəfəs alması, ətrafındakıları görməsi, dərk etməsi, hiss etmə gücü, beyin fəaliyyəti, yemək yeməsi, yediklərini həzm etməsi, böyüməsi, qısası, 24 saat x 80 il ərzində bədəndə gedən inkişaflar hər an Allahın qoruması altında, Allahın diləməsi və sonsuz mərhəməti ilə baş verir. İnsanın yaradıldığı surət, sahib olduğu ağlı, mənəvi və fiziki bacarıqlar Allahın insana olan mərhəmətinin bəzi dəlilləridir. Rəbbimiz bu həqiqəti Quranda belə bildirmişdir:

Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Nəhl surəsi, 18)

Bu bölmədə insan bədənindəki bəzi orqanların möcüzəvi fəaliyyətləri, həyatın davam etməsi üçün lazım olan qeyri-adi sistemləri və gün ərzində bədəndə baş verən proseslərin bəzilərini qeyd edəcək və bütün insanları Allahın sonsuz mərhəməti sayəsində həyatlarını davam etdirdiklərini düşünməyə dəvət edəcəyik. Qətiyyən unudulmamalıdır ki, aşağıda maddələrlə izah edəcəklərimizin hər biri bütün kainatın yeganə hakimi olan, sonsuz güc və qüvvət sahibi olan Rəbbimizin əmri ilə baş verir. Bunlardan hər hansı birinin baş verməsinə heç bir insan müdaxilə etməmişdir və etməsi də mümkün deyil.

İnsan bədənindəki 100 trilyon hüceyrə sanki bir-birilərini tanıyırmış kimi hərəkət edir. Onlara verilən xüsusi vəzifələri sona qədər, heç bir laqeydlik və zəiflik göstərmədən yerinə yetirirlər. Məhz bu mükəmməl koordinasiyada hormon adlanan mesaj daşıyıcılar hüceyrələrə əmr aparmaqla vəzifəlidirlər. Bədənin böyüməsi, çoxalmanın nizamlanması, bədəndəki daxili tarazlıq, sinir sistemindəki koordinasiya və daha bir çox proses hormonların lazımi hüceyrələrə çatdırdıqları mesajlar nəticəsində baş verir. Qüsursuz sistemlər yaradan Rəbbimiz hüceyrələri də hormonlar vasitəsilə yönləndirir. Allah sizin xəbəriniz belə olmadan bədəninizdə möhtəşəm əmr-itaət sistemi yaratmışdır və hər şeyi nəzarəti altında saxlayır. Bu sistemdə sizin heç bir söz haqqınız yoxdur. Məsələn, bədəninizin böyüməsi. Siz nə qədər istəsəniz də boyunuzu olduğundan artıq uzada bilməzsiniz. Nə etsəniz də bədəninizdəki hüceyrələrə “bölünün, çoxalın və məni böyüdün” kimi əmr verə bilməzsiniz. Ancaq hüceyrələr sizin üçün müəyyən edilmiş boyu və bədən formasını bilirlər və o müəyyən formaya çatana qədər çoxalaraq bədəni böyüdürlər. Sonra isə tam lazımi vaxtda böyüməyi dayandırırlar. Məhz bu nəzarət Allahın insanlara böyük lüftüdür. Əgər insan öz bədəninə nəzarət etməli olsa idi, bunu qətiyyən bacara bilməz və ya insanın yaşaması mümkün olmazdı. Lakin sonsuz kərəm sahibi olan Rəbbimiz insan bədəninin və dünyadakı bütün varlıqların bütün hüceyrələrini eyni anda qüsursuz şəkildə yaradır, yaşadır və nəzarət edir. İnsan isə bu vəziyyət qarşısında Allahın hər kəsi və hər şeyi əhatə edən rəhmətini görərək Onun qədrini lazımi kimi təqdir etməlidir.

İnsanlar yatarkən bədənlərindəki bəzi həyati proseslərin necə baş verdiyi haqqında heç bir narahatlıq keçirmirlər, hətta bunu heç düşünmürlər. Çünki bu sistemlərin qüsursuz şəkildə işləyəcəyinə əmindirlər. Həqiqətən də, Allahın mərhəməti sayəsində insan yatarkən də bədənindəki bütün sistemlər səssiz-sədasız vəzifələrini yerinə yetirməyə davam edirlər. Halbuki bu sistemlərdən yalnızca birinin bir neçə saniyəlik dayanması asanlıqla həyatımıza son qoyardı. Lakin sonsuz mərhəmət sahibi olan Rəbbimizin diləməsi ilə yuxu anında da insan nəfəs alır, ürəyi döyünür və beyni öz fəaliyyətinə davam edir.

Kapilyar damarlar bədəndəki hüceyrələrin hər birinə lazımi oksigen, enerji, qida və hormon kimi maddələri daşıyırlar. Bədənimizdəki orta hesabla 5 milyard kapilyarın ümumi uzunluğu 950 km-ə çatır. Əgər insan bədənindəki ən kiçik kapilyarların 10 min dənəsini yan-yana gətirsək, ümumi qalınlığı bir karandaşın ucu qədər olardı. Qanın bu qədər dar damarlar içində tıxanmadan və ağırlaşmadan hərəkət etməsi suyun yüksək axıcılığı sayəsində mümkün olur. Məşhur molekulyar bioloq Maykl Denton bu axıcılığın bir az belə aşağı olduğu halda heç bir qan dövranı sisteminin işə yaramayacağını belə bildirir: “Əgər suyun axıcılığı yalnızca bir neçə dəfə çox olsa, kapilyar damarlardakı qanın axışı üçün çox böyük təzyiqə ehtiyac olar və heç bir kapilyar damar sistemi işləməzdi. Əgər suyun axıcılığı normaldan az olsa və ən kiçik kapilyarın diametri 3 mikron əvəzinə 10 mikron olsa, bu kapilyarlar lazımi oksigen və qlükoza nisbətini çatdırmaq üçün (qidalandırmalı olduqları) əzələ toxumasının hər yerini əhatə edərdi. Bu halda da geniş həyat tərzi qeyri-mümkün olar, ya da qeyri-adi dərəcədə məhdudlaşardı. Qısası, suyun həyata uyğun olması üçün axıcılığı hazırki sahib olduğu dərəcəyə çox-çox yaxın olmalıdır.”Başqa sözlə desək, suyun digər xüsusiyyətləri kimi axıcılığı da həyat üçün ən ideal nisbətdədir. Mayelərin axıcılıqları arasında milyardlarla fərq var. Lakin su bu milyardlarla fərqli nisbət arasında tam lazımi həddə yaradılmışdır.

Göz, işığın girdiyi öndəki çıxıntı xaric, kürə formasındadır. Bu kürənin ən xaricində ağlı qişa adlanan sərt, çox möhkəm süd kimi ağ rəngli təbəqə var. Ağlı qişa gözü hər tərəfdən əhatə edir və gözdəki toxumaları qoruyur. Gözün ortasındakı rəngli hissəni əhatə edən ağ da bu təbəqənin görünən hissəsidir. Ağlı qişanın quruluşu yumşaq və jele kimi olsa idi, göz lazımi qədər qoruna bilməzdi. Həmçinin gözə toz və ya hər hansı yad cisim düşdükdə gözə yapışacağı üçün çıxarmaq çətinləşər və böyük zərər verərdi. Halbuki göz ağı sərt olduğuna görə göz yaşının da köməyi ilə yad cisimlər asanlıqla gözdən təmizlənir. Gözdəki sərt və möhkəm ağ toxumanın quruluşu gözün qarşısındakı çıxıntılı hissəyə çatdıqda dəyişir. Bu çıxıntılı hissə buynuz qişa adlanan və işığı keçirən şəffaf təbəqədən ibarətdir. Bir-birilərinin davamı olmasına baxmayaraq, ağlı qişa və buynuz qişanın quruluşu tamamilə fərqlidir və bir sərhədlə ayrılırlar. Ağlı qişa binanın xaricini örtən sərt qranit örtüyə, gözün qarşısındakı şəffaf buynuz qişa isə bu binanın pəncərəsinə bənzədilə bilər. Əgər buynuz qişanı əmələ gətirən incə toxuma gözün hər tərəfini əhatə etsə idi, göz xarici təsirlərə qarşı çox müdafiəsiz və gücsüz qalar, nəticədə də korluq əmələ gələrdi. Əgər ağlı qişanı təşkil edən sərt və tutqun toxuma gözün önündəki şəffaf təbəqə üzərində də davam etsə idi, işıq mərcəyə çata bilməz və görüntü yaranmazdı. Lakin bunların hamısı qüsursuzca nizamlanmış və insan gözü çox gözəl şəkildə var edilmişdir. Bütün bunlar Allahın bənzəri olmayan sənətinin dəlillərindəndir.