MÖMİNLƏR

İmtahan gözəldir


İmtahan gözəldir

Hz. Adəmdən (as) etibarən hər bir insan fərqli yaradılış, fərqli xarakterlə var olub. Necə ki, hər insanın barmaq izləri bir-birinin eynisi deyil, hər insanın şəxsiyyəti də eyni deyil. Allah insanları bir-birindən fərqli talelərlə yaradıb. Hər kəs öz şəxsiyyətinə, xarakterinə və nöqsanlarına görə qədərində (tale) yaradılan müxtəlif detallarla Allah tərəfindən sınanır, tərbiyə edilir, yəni imtahan olunur.

 Hər insan fərqli fitrətdə yaradılıb. Bəzi insanlar üzüyoladır, mehribandır. Bəziləri həyəcana, qorxuya, bəziləri qəzəbə, bəziləri tez kədərlənməyə, bəziləri isə mübahisə etməyə meyillidirlər. Burada onlarla punkt sıralamaq olar. Oxşarlıqlar ola bilər, amma əslində hər insan Allah dərgahında xüsusi var edilib. Bu uca Rəbbimizin yaratma sənətindəki müxtəliflikdir.

 İmtahan insana müxtəlif istiqamətlərdən mütləq gəlir. Çünki dünya bunun üçündür. Dünya axirətdə gözəl şəkildə qarşılanmağımızı təmin etmək üçün yaradılmış sınaq  yeridir.

 Rəbbimiz "Mülk" surəsinin 2-ci ayəsində "Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur" deyə buyurur.

 Məhz buna görə də dünyanın qüsuru əsla bitmir. Hər şey qaydasında gedərkən Allah insan üçün hadisələri fərqli formaya salır. Gözlənilmədən bir anda həyatında bir çox sürprizlərlə qarşılaşır. Etməyəcəyəm dediyi səhvini təkrar edir. Heç gözləmədiyi bir anda xəstəliklərlə üzləşir, malını, mülkünü itirir. Stabil getdiyini düşündüyü həyatının tamamilə dəyişdiyini görür. Bir anda sevdiklərindən uzaq qalır və bütün bunlarla imtahan olunur. Məhz bu məqamda imanlı insan üstünlüyü Allaha verməlidir. Vacib olan Allaha üz tutmaqdır. Allahın istədiyini, İslamın xeyirinə olanı seçməkdir. Önəmli olan İslam yolunda cəhd edən müsəlmanlarla birlikdə dəccaliyyətə qarşı elmlə, fikirlə mübarizə aparmaqdır.

 Hər kəs xasiyyətindəki çatışmazlığı aradan qaldırması, ruhunu təkmilləşdirib möhkəmləndirməsi, təmir etməsi üçün müxtəlif hadisələrlə imtahan olunur. Bir insan iman gətirirsə, bu reallığı unutmadan qarşılaşdığı hadisələrin gizli mənasını görməyə çalışmalıdır. Heç bir gözəllik zəhmətsiz əldə edilmir. Əslində sınaq olaraq verilən bütün bu dəyişikliklər, ilk anda çox vaxt nöqsan zənn edilən detallar, Allah Qatında böyük xeyirlərlə yaradılmış, ardında gözəllikləri gizlədən sirrdir. İnsanların əksəriyyəti hadisələrə yalnız öz kiçik ölçülərindən baxdıqları üçün yaşadıqlarının səbəblərini görə və qavraya bilmirlər. Elə bu anda möminin dəyəri ortaya çıxır.

 Hikmətini bilmədiyi bir məsələni Allah tərəfdarı olaraq müsbət dəyərləndirməyi üstün tutduğu üçün mömin xeyirlidir, qiymətlidir. Şəfqət duyulmağa layiq varlıqdır. İman gətirən insan sevilməyə layiqdir, çünki o bilmədiyi bir şeydə Allaha hüsnü zənn edərək Allahın mütləq xeyir və gözəlliklə onu qoruduğuna iman edərək yaşayır.

 İnsan zəifliklər içərisində, məhdud məlumatlarla yaradıldığı dünyasından baxdıqda Allahın sirlərini Allah istəməsə bilə bilməz. Uca Rəbbimizin sonsuz xeyirlərlə birlikdə yaratdığı qədərin gedişində insan ən yüksək səviyyədə güvənlik altındadır. Qorunur, himayə edilir. Hər şey uca Rəbbimizin mükəmməl iradəsində mütləq xeyir və gözəllik içində baş verir. Bu həqiqət yaxşı düşünülməli, bilinməli, hər an xatırlanaraq bunun hüzuruna, gözəlliyinə təslim olunmalıdır.

 Allah hər qulu üçün mütləq gözəllik istəyir. Hər zaman daha xeyirlisini diləyib, axirətdə onu sonsuz gözəl güvənlik içində yaşatmaq istəyir. Axirət həyatına layiq olsunlar deyə Allah qullarını dünyada sınaqdan, yəni testdən keçirir. Bu, iman gətirənlərə olduğu qədər iman gətirməyənlərə də aiddir. Allah müxtəlif sınaqlarla insanları düşünməyə və imana yönəldir. Dünyadakı nemətlər və gözəlliklər yenə imtahanın tələbi olaraq iman gətirən və ya gətirməyən bütün insanlara təqdim olunub. Amma axirətdə aradakı fərq bəlli olacaq və bu nemətlər yalnız iman gətirənlər üçün ən gözəl şəkildə var ediləcək. İman gətirən hər insan Rəbbimizin "Duha" surəsinin 11-ci ayəsində buyurduğu kimi mütləq bilməlidir ki, "Həqiqətən, onun üçün son olan, ilk olandan (axirət bu dünyadan) daha xeyirlidir".

 Gözəllər gözəli Allahımız hər zaman bəndələrini bağışlamaq istəyir, onlar üçün yaxşılıq, xeyirlər diləyir. Dünyada hər şey- yeməklərdən, texnologiyaya qədər hər detal Allah tərəfindən insanlara rahatlıq və nemət olaraq yaradılıb. Rəbbimiz sonsuz şəfqətlidir. Rəbbimiz "Nisa" surəsinin 147-ci ayəsində buyurduğu kimi, "Şükür etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allahın nəyinə gərəkdir? Allah (itaətkar qullarına) təşəkkür edəndir, Biləndir".

 Qullar hər şeydə Allaha təvəkkül və məhəbbətlə yönəlməli, dərin imana sahib olmaq üçün səy göstərməlidirlər. Unutmayaq ki, Allaha boyun əymək, baş verən hər hadisədə xeyrini öncədən dərhal qəbul edərək, gözəl səbirlə səbir etmək insanın həm özünə, həm də ətrafına rahatlıq verəcək.