MÜNAFİQLƏR

Etdiklərindən Allahın xəbərsiz olduğunu zənn edirlər


Etdiklərindən Allahın xəbərsiz olduğunu zənn edirlər

Allahın özlərindən xəbərsiz olduğunu sanmaq münafiqlərin ən böyük ağılsızlığıdır. Hər şeyi möminlərin üzərindən düşünürlər. Elə güman edirlər ki, möminləri razı salıb inandırsalar, heç bir problem olmadan istədiklərini əldə edə biləcəklər. Halbuki Allah münafiqlərin əməllərindən xəbərdardır. Heç bir hərəkətləri və heç bir düşüncələri Allahdan gizli qalmaz. Ağıllarından keçən və qəlblərində olan hər şeyi Allah əhatə etmişdir. Bir ayədə insanlar belə xəbərdar edilir:

... Onlar sizinlə rastlaşanda: "Biz iman gətirdik!"– deyirlər, təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De: "Qəzəbinizdən ölün!" Şübhəsiz ki, Allah kökslərdə olanları bilir. (Ali-İmran surəsi, 119)

Münafiqlər Allahın onlardan xəbərsiz olduğunu düşünüb bir müddət möminləri aldatdıqlarını zənn edə bilərlər. İkiüzlü hərəkətlərinin qısa zamanda ortaya çıxmaması onları cəsarətləndirə bilər. Münafiqlərin bu yanlış düşüncəsi Quranda belə xəbər verilir:

Gizli söhbət qadağan ediləndən sonra yenə də qadağan olunmuş əmələ qayıdıb günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə öz aralarında xısın-xısın danışanları görmədinmi? Onlar sənin yanına gəldikdə səni Allahın salamladığı kimi salamlamır və öz-özlərinə: "Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?"– deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir. (Mücadilə surəsi, 8) Münafiqlərin dediyi “Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?” sözü onların nə qədər ağılsız və düşüncəsiz olduqlarını göstərir. Allahın onlara sonsuza qədər vaxt verdiyini, bundan dolayı da ikiüzlülüklərini davam etdirəcəklərini düşünürlər. Halbuki bu əsla belə deyil, Allah onları mütləq üzə çıxaracaq.