Quranda Sədaqət

Sədaqətin önəmi


Sədaqətin önəmi

Sədaqət Allaha qəlbən iman gətirən möminlərin ən bariz xüsusiyyətlərindən biridir. Allah yolunda göstərdikləri səmimi sədaqət onların ixlas sahibi olduqlarını göstərir. Çünki bir insanın Allaha iman gətirməsi, heç bir dünyəvi mənfəət gözləmədən yaşaması, həyatı boyunca Allahın razılığı üçün çalışması, sahib olduğu və sevdiyi hər şeyi Onun rızası üçün istifadə etməsi və başına gələn çətinliklərə səbir etməsi üçün mütləq güclü sədaqət və bağlılıq hissi olmalıdır. İnsana bu yolda irəliləmə gücü və istəyini ancaq Allaha qarşı duyduğu sevgi və bundan qaynaqlanan bağlılıq və sədaqət hissi qazandıra bilər. Allaha qarşı duyulan bağlılıq və təslimiyyət nə qədər qəlbən və güclü olarsa, insan Allaha o qədər yaxınlaşma fürsəti əldə edər və Onun razılığını qazanmaq üçün göstərdiyi səy və şövq də bir o qədər artar. Möminlərin sahib olduğu bu mənəvi gücün qaynağı Allaha qarşı duyduqları sədaqət və güvəndir. Bu səbəbdən, sədaqət mömini digər insanlardan ayıran ən əsas xüsusiyyətlərdən biridir. Bir mömin həyatının sonuna qədər Allahın əmr və qadağanlarına tabe olduğu təqdirdə Allahın izni ilə Onun rəhməti və cənnətinə qovuşacaq.

Sıxıntı və çətinliklər inkarçıların sədaqətsizlik və səmimiyyətsizliklərini deşifrə edərkən möminlərin Allaha və elçilərə olan sədaqətlərini üzə çıxarır. Möminlər qarşılaşdıqları çətinlik anlarında “Bu, Allahın və Onun Elçisinin bizə olan vədidir. Allah və Onun Elçisi doğru söyləmişlər!” (Əhzab surəsi, 22) deyərək Allaha olan itaət və bağlılıqlarını dilə gətirmişdilər. Allah bir Quran ayəsində “(Onlar) səbrli olanlar və ancaq Rəbbinə təvəkkül edənlərdir”. (Nəhl surəsi, 42) şəklində bildirərək möminlərin gözəl əxlaqını tərifləyir. Möminlərin sədaqətinin gücü məhz Quran əxlaqını yaşayarkən göstərdikləri şövq və istəklə özünü bəlli edir.

Çətinliklə qarşılaşdıqda göstərdiyi təvəkküllü və təslimiyyətli rəftarı ilə bütün müsəlmanlara nümunə olan Peyğəmbərimiz hz. Məhəmməd (səv) sıxıntı anlarında Allaha sədaqətdə davamlılıq göstərilməli olduğunu möminlərə belə xatırlatmışdı:

“... Bir şey istəyincə Allahdan istə. Kömək tələb edəcəksənsə, Allahdan dilə. Çünki qullar Allahın yazmadığı bir məsələdə sənə faydalı olmaq üçün bir yerə gəlsələr, bu faydanı yaratmağa qadir ola bilməzlər. Allahın yazmadığı zərəri sənə vermək üçün bir yerə gəlsələr, buna da qadir ola bilməzlər”. (Kitabi Sittə, Müxtəsər Tərcümə və Şərhi, prof. dr. İbrahim Canan, 16-cı cild, Akçağ nəşrləri, Ankara, 1992, s. 314).

Sədaqətin digər əhəmiyyətli xüsusiyyət də möminləri daima bir arada tutmasıdır. Bu mənada sədaqət fitnə çıxartmaq, edilən saleh əməllərə mane olmaq və möminlərin arasını vurmaq kimi müxtəlif zərər verici işlər görməyə çalışan pis niyyətli insanların möminlərin içində qalmasını da çətinləşdirir. Möminlərin Allaha və peyğəmbərlərə qarşı duyduqları səmim sədaqətin və bağlılığın təqlid edilməsi qeyri-mümkündür. Bu yalnız möminlərə məxsus duyğudur. Möminlərin arasına dinə zərər vermək məqsədi ilə girən insanlar özlərini nə qədər gizlətməyə çalışsalar da, möminlərin təslimiyyətini təqlid edə bilmədiklərindən bu məqsədlərinə heç vaxt çata bilmirlər. Allaha qarşı duyulan güclü sədaqət və təslimiyyət saleh möminlərlə ürəklərində xəstəlik olanları bir-birindən ayırıb ortaya çıxarır. Sədaqət hissi, eyni zamanda, güclü bağlılıq yaradaraq möminləri həyatları boyu bir arada tutur. Möminlər duyduqları güclü sədaqətlə onlara zərər verməyə çalışan pis niyyətli insanları rahatlıqla təşhis edir və onlara qarşı lazımi tədbirləri alırlar. Həmçinin bir-birlərinin səmimiyyətinə və bu yoldakı əzmlərinə şahid olduqları üçün bir-birlərinə olan sevgi və etibarları daha da artır. Allah möminləri pis niyyətli insanlardan bu şəkildə təmizləyərək onları hər zaman gümrah, güclü və kamil imanlı edir.

Allah iman gətirmiş kimi görünmələrinə baxmayaraq, möminlərə kömək lazım olduğunda bitərəf qalan və beləcə Allaha qarşı sədaqətsizlikləri ortaya çıxan bu insanların rəftarlarını Quranda belə xəbər verir:

“İman gətirib xeyirxah işlər görənlərə gəldikdə isə (Allah) onların mükafatlarını tam verəcək və Öz lütfündən onlar üçün (istədiyi qədər) artıracaqdır. (Allaha ibadət etməyi) özlərinə ar bilənlərə və təkəbbürlük göstərənlərə gəlincə, (Allah) onları üzücü bir əzaba düçar edəcəkdir. Onlar Allahdan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar”. (Nisa surəsi, 173)

Möminlər Allaha qarşı güclü təslimiyyət və qərarlılıqda olduqları üçün ən çətin anlarda belə Allahın rızasına ən uyğun olan qərarı verərək hərəkət edirlər. Onlar Allahın “...Onlara daha yaxşı olardı ki, itaət etsinlər və xoş söz söyləsinlər. (Cihada) qəti əmr verildiyi zaman Allaha sadiq qalsaydılar, əlbəttə ki, onlar üçün daha yaxşı olardı”. (Muhəmməd surəsi, 20-21) ayələri ilə bildirdiyi kimi, hər şəraitdə Allaha sadiq qalmağın onlar üçün “xeyirli” olduğunu bilirlər. Allah, həmçinin, bu ayələrdə güclü sədaqətin insanı haqqın qarşısında tərəddüdə düşürmədiyini və ona qətiyyətlilik qazandırdığını da xəbər verir. Əgər insan güclü iman və təslimiyyətə sahibdirsə, qəlbən yaşadığı sədaqət hissi onu qərarsızlığa düşməkdən qoruyacaq və nəfsinə qalib gəlməkdə ona daima yardım edəcək. Beləcə, insan hansı vəziyyətlə qarşılaşırsa-qarşılaşsın, Allaha duyduğu sədaqət və təslimiyyəti ilə nəfsinə çətin gələn bir şeyin öhdəsindən rahatlıqla gələ biləcək.

Sədaqətin qazandırdığı digər vacib xüsusiyyət də möminlərin bir-birlərinə olan “güvən və sevgi”ləridir. İman gətirənlərin bir-birlərinə qarşı duyduqları sevgi və güvən tamamilə onların Allah yolunda göstərdikləri ciddi səyə görə formalaşır. Allahın razılığını qazana bilmək üçün sahib olduğu hər şeyini xeyir üçün istifadə edən, bu yöndə doğru yol tutan mömin digər müsəlman qardaşlarının sevgisini qazanır və onlara ən gözəl şəkildə nümunə olur. Möminlərin Allah yolunda başlarına gələn hər hadisə qarşısında göstərdikləri səmimi sədaqət bir-birlərinə qarşı olan sevgi, bağlılıq və etibarlarının da artmasına səbəb olur.

Mömin daşıdığı sədaqət hissi ilə durmadan Allah yolunda hər cür saleh əməllər edir və Onun bəyəndiyi gözəl əxlaqı göstərir. Ürəklərində xəstəlik olan münafiqlər isə şeytana aldanaraq ibadətlərində və gözəl əxlaqda qətiyyət göstərmirlər. Nəfslərinə zidd olan mövzuda, ya da ən kiçik çətinliklə qarşılaşdıqlarında etdikləri xeyirli işlərdən dərhal əl çəkirlər. Göstərdikləri səy və istək zəif olduğu üçün hədəflərinə heç cür çata bilmirlər. Bu, gördükləri işə qarşı qəlblərində həqiqi mənada sədaqət və bağlılıq olmadığından qaynaqlanır. Sədaqət və bağlılığı hiss etmədikləri üçün bunların onlara qazandıracağı “davamiyyətdən” də məhrum qalırlar. Allaha qəlbən bağlanan möminlər isə Ona qarşı duyduqları səmimi sədaqətlə Quran əxlaqının tətbiqində və Allahın razılığını qazanmada həyatlarının sonuna qədər “davamiyyət” göstərirlər. Allah möminlər üçün xeyirli və gözəl olanın daima saleh əməllər etmək olduğunu Quranda belə bildirir:

“Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir”. (Kəhf surəsi, 46)

Möminlərin sahib olduğu səmimi sədaqət hissi davranışlarında əks olunaraq əzmlərini və Allaha olan itaətlərini artırır və daha da güclənmələrinə vəsilə olur. Allah bunun qarşılığında münafiq xarakterli insanların ürəklərindəki “xəstəlikləri” ortaya çıxarır. Allah Quranda inkara meyilli zəif imanlı insanların möminlərə və elçiyə müxtəlif əngəllər yaradaraq onları çətin vəziyyətdə qoymaq və onlara zərər vermək istədiklərini bildirir. Bu səbəbdən, Allah möminlərə Onun yolunda hicrət edib Ona və elçisinə olan sədaqət və səmimiyyətlərini açıq şəkildə göstərmədikcə, münafiq xarakterli insanlarla dost olmamağı nəsihət edib:

“Onlar özləri küfr etdikləri kimi, sizin də küfr edib (onlarla) eyni olmanızı istəyərlər. Onlar Allah yolunda hicrət etməyincə onlardan (özünüzə) dost tutmayın...” (Nisa surəsi, 89)