Quranda Sədaqət

Kəhf əhli


Kəhf əhli

Allah Quranda Kəhf qissəsində inkarçı qövmlərindən ayrılan iman sahibi gənclərin Allaha ibadətdə qərarlılıq göstərərək ibadət etmək üçün yaşadıqları yerdən uzaqlaşıb mağaraya sığınmağı seçdiklərini bildirir. Kəhf qissəsində bildirilən Kəhf əhli olaraq adlanan bu topluluğun Allaha olan güclü bağlılığının və sədaqətinin iki mühüm əlaməti diqqət çəkir. Bunlardan birincisi onların gənc olmalarıdır.

Bir çox insan üçün gənclik, bəlkə də, həyatında istədiyi hər şeyi edə biləcəyi, ən sağlam və fiziki baxımdan da ən gözəl və güclü olduğu dövrdür. Kəhf Əhli də gənc olmalarına baxmayaraq, gəncliklərinin bütün imkanlarını Allahın razılığını qazanmaq üçün həsr etmişlər. Həyatlarının ən mühüm hissəsini Allahın razılığını qazana bilmək üçün könüllü Allaha həsr etmələri bu insanların dərin imana sahib olduqlarını göstərir. Tək Allaha ibadət etmək üçün əllərindəki bütün imkanlardan imtina edərək mağaraya sığınmağı gözə almaları və Allaha ibadətdə belə qərarlılıq göstərmələri Allaha olan güclü sevgiləri, bağlılıqları və sədaqətlərindən irəli gəlir. Allah Quranda Kəhf Əhlinin Allaha olan güclü imanları və göstərdikləri təslimiyyətli davranışlarını belə bildirir:

Yoxsa sən mağara və Rəqim əhlinin möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən? Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”– demişdilər. (Kəhf surəsi, 9-10)

Onlar (kafir hökmdarın qarşısında) durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa tanrıya ibadət etməyəcəyik. Əks halda olduqca böyük bir (küfr) danışmış olarıq!”– deyərkən onların qəlbinə qüvvət verdik. (Kəhf surəsi, 14)

Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın. (Kəhf surəsi, 16)

Allah Quranda “bu gənclərin qəlbinə səbri və dayanıqlılığı rəbt etdik" şəklində buyurmuşdur. Bundan başqa, bu gənclərin Allaha iman etmədə nə qədər qətiyyətli və səbirli olduqlarını xəbər vermişdir.

Başqa bir ayədə isə Fironun zülmünə baxmayaraq, Allaha təslim olaraq hz. Musaya iman gətirən gənclərin sədaqətlərinə belə diqqət çəkilir:

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi. (Yunus surəsi, 83)

Firon dövründəki bu gənclər kimi Kəhf Əhlinin də inkar edənlərin təzyiqlərinə qarşı çıxa bilmələri və Allahın razılığını qazanmaq üçün mağara kimi yaşanılması çətin olan bir yeri seçmələri bu insanların Allaha olan sədaqətlərini göstərən başqa bir gözəl davranışdır. Allaha olan güclü sədaqət və bağlılıqları onlara bu gücü və cəsarəti vermiş və bundan sonra qarşılaşdıqları çətinlik və əngəllərdə göstərdikləri səbrə də zəmin yaratmışdır. Eyni vəziyyət fironun zülmünə və qəddarlığına baxmayaraq, hz. Musaya iman gətirən gənclərə də aiddir. Bu gənclər firondan qorxmamış və hz.Musaya tabe olaraq Allaha sədaqətlərini göstərmişlər.

Bütün bunlar bizə göstərir ki, Allaha olan güclü sədaqət və bağlılıq möminin hər zaman Allahın rizasına uyğun hərəkət etməsini təmin edir.

Fironun ailəsində imanını gizlədən insan

Allah Quranın “Ğafir” surəsindəki bir qissədə bildirdiyi məlumatlar Allaha güclü sədaqət və bağlılığın insanı necə üstün əxlaqa yönəltdiyini bizlərə göstərir. Allah bu qissədə hz. Musanın firona təbliğ etdiyi zaman ortaya çıxaraq hz. Musaya dəstək olan və fironun zülmünə qarşı çıxan birindən bəhs edir. Fironun hz. Musanın təbliğinə lovğalanaraq qarşı çıxması Quranda belə bildirilmişdir:

Firon dedi: “Buraxın məni Musanı öldürüm! Qoy o da Rəbbinə yalvarsın. Çünki mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fəsad törədəcəyindən qorxuram”. Musa dedi: “Mən Hesablaşma gününə inanmayan hər bir təkəbbürlüdən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz (olan Allaha) sığınıram!” (Ğafir surəsi, 26-27)

Hz. Musanın firona Allahın haqq dinini təbliğ etdiyi həmin vaxt firon ailəsindən olan bu insan ortalığa çıxmış, firona və onun tayfasına təbliğ edərək onlara hz. Musaya inanmalarını demişdir:

Firon ailəsindən olub imanını gizlədən mömin biri dedi: “Siz bir adamı: “Rəbbim Allahdır!”– dediyinə görə öldürəcəksinizmi? Halbuki o, Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirdi.Əgər o, yalan danışırsa, onun yalanı ancaq öz əleyhinədir.Yox, əgər doğru danışırsa, onun vəd etdiyinin bəzisi sizə toxunar.Həqiqətən, Allah həddi aşanı, yalançını doğru yola yönəltməz. (Ğafir surəsi, 28)

İman gətirmiş bu insan fironun qəzəbinə və peyğəmbəri öldürməklə təhdid etdiyi bir anda ortaya çıxmış və hz. Musaya böyük dəstək olmuşdur.Həmin vaxt Firon kimi zalım və yer üzündə həddi aşmış birinə qarşı çıxmaq bu insanın imanını və Allaha olan güclü sədaqətini ortaya qoyur. O da hz. Musanın etdiyi kimi fironun qarşına keçmiş və qövmünü Allahın yoluna tabe olmağa dəvət etmişdir.Göstərdiyi bu rəftar onun üstün əxlaq sahibi olduğunu göstərir.Mömin olan bu insan qəlbində daşıdığı güclü imanı ilə Firona müxalif olmaq cəsarətini göstərmişdir.Bu da onun Allaha olan güclü sədaqətini və Allahın razılığını qazanmaqda heç bir maneə və çətinlik tanımadığını göstərir.

Bu insanın Allaha nə qədər bağlı və sadiq olduğunu fironun ailəsindən olmasına və fironla birlikdə yaşamasına baxmayaraq, qərarlı, ağıllı və diqqətli şəkildə imanını gizlədə bilməsindən də aydın olur. Bu insan firon kimi din düşməni olan birinin təhdidlərinə və tətbiq etdiyi zorakılığa baxmayaraq, iman gətirmiş və bu imanını da qoruya bilmişdir. Diqqət yetirilməli məqam da məhz budur. Çünki Allahın “Ey iman gətirənlər! Əgər kafirlərə itaət etsəniz, onlar sizi geriyə qaytarar və siz də ziyana uğramış halda geriyə qayıdarsınız” (Ali-İmran surəsi, 149) ayəsində bildirdiyi kimi, inkar edən insanların sözünə tabe olmaq insanın imanına zərər verər. Məhz bu baxımdan, bu insanın təhlükəli yerdə imanını həm gizlədə bilməsi, həm də inkar edənlərə itaət etmədən qoruyub saxlaya bilməsi, həqiqətən də, onun güclü ağıla və Allaha sarsılmaz bağlılıq və sədaqət hissinə sahib olduğunu göstərir.

Allahın Quranda bildirdiyi bu nümunədən də göründüyü kimi, Allahın razılığını qazanmaq nə qədər çətin olursa-olsun, Allaha qarşı güclü sədaqət göstərməklə mümkündür.

Hicrət edən möminlər

Möminlər Quran əxlaqını təbliğ etmək və insanları doğru və gözəl olana dəvət etmək üçün böyük səy göstərməkdə istəklidirlər.Ancaq Quran əxlaqının insanlara gətirəcəyi ədalət, sülh və bərabərlik kimi anlayışlar bəzi insanların maraqlarına mənfi təsir etdiyi üçün onlar Quran əxlaqından böyük narahatlıq duyurlar.Buna görə də Quran əxlaqını təbliğ etməyə çalışan və bu mövzuda istəkli olan möminlərə müxtəlif formalarda mane olmağa çalışırlar.

Bu insanların müraciət etdikləri üsullardan biri möminləri yaşadıqları yerləri tərk etməyə məcbur vəziyyətə gətirməkdir.İnkarçılar bu şəkildə hərəkət edərək möminlərin müqavimətlərini qıracaqlarını və öz ağıllarına görə möminləri zəiflədib onlar üzərində qəti zəfər çalacaqlarını zənn edirlər.Ancaq unutduqları önəmli bir şey var, o da, möminlərin, Allahın onlara göstərdiyi doğru yolda irəliləmədə qətiyyətləri və Allaha olan güclü bağlılıqlarıdır.Möminlər Allaha duyduqları səmimi iman və sədaqətlərinə görə rastlaşdıqları çətinlik hər nə olursa-olsun, hədəflərindən əsla yayınmırlar.Onlar üçün yaşadıqları şəhərdən çıxarılmaq hicrət etmək deməkdir ki, bu da möminlərin Allaha olan itaətini göstərən hadisələrdən biridir.Belə bir vəziyyətlə qarşılaşan möminlər heç tərəddüd etmədən yaşadıqları mühiti, evlərini, mallarını və yaşayış düzənlərini tamamilə geridə qoyurlar. Lazım olduqda heç bir plan qurmadan və hazırlıq görmədən yalnız Allahın razılığını qazana bilmək üçün çətin səfərə çıxırlar. Bu səbəbdən bir möminin hicrət etməsi Allahın razılığını qazanmaq və Quran əxlaqına uyğun yaşaya bilmək üçün sahib olduğu hər şeyi heç bir tərəddüd etmədən geridə qoyub getməsidir.Bu hadisə möminlərin bu yolda həqiqətən də səmimivə qətiyyətli olduqlarını göstərir.Allah hicrət etmənin və insanın sahib olduğu hər şeydən bu məqsədlə imtina edə bilmənin mömin xüsusiyyəti olduğunu Quranın bir çox ayəsində bildirmişdir.

Hicrət etmək, eyni zamanda insanın “seçdiyi batil yolu tərk edərək Allahın göstərdiyi doğru yola tabe olmasıdır”. Hz. Lut hicrətin bu mənasını bu şəkildə dilə gətirmişdir:

Lut ona iman gətirdi. (İbrahim) dedi: “Mən Rəbbimin yanına (əmr etdiyi Şam diyarına) hicrət edirəm. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir”. (Ənkbut surəsi, 26)

Möminlərin hicrətlətinə bu baxımdan baxdıqda  həyatları boyunca Allahın haqq yolundan və Onun razılığını qazanmaqdan əsla uzaqlaşmadıqları və həyatlarını tamamilə Allahın razılığı üzərində qurduqlarını görmək olur. Möminlər “hicrət ruhunu” daşıyan, buna görə  da həyatları boyunca Allaha sadiq qalan insanlardır. Allah Öz yolunda bu cür qətiyyət və əzm göstərən möminləri həm dünyada, həm də axirətdə “böyük dərəcələrlə” mükafatlandıracağını Quranda belə xəbər vermişdir:

Zülmə uğradıldıqdan sonra Allah yolunda hicrət edənləri dünyada gözəl bir məskəndə sakin edəcəyik.Axirət mükafatı isə daha böyükdür. Kaş biləydilər! (Nəhl surəsi, 41)