Quran

Quran elmə yol göstərir


Quran elmə yol göstərir

Quranda insanlar göylərin, yerin, dağların, ulduzların, bitkilərin, toxumların, hey­van­la­rın, gecə ilə gündüzün əmələ gəlməsinin, insanın özünün yaradılışı, yağışın və eləcə də yaradılmış daha bir çox varlığın üzərində düşünməyə və bu varlıqları tədqiq etməyə dəvət edilir. Bunları nəzərdən keçirən insan isə bütün varlıqlarda Allahın yaratma sənətini görərək özünü və bütün kainatı yoxdan yaradan Rəbbimizi tanıma imkanı əldə edir.

Kainatı və içindəki bütün varlıqları tədqiq edərək, Allahın yaratma sənətini kəşf edib insanlara açıqlamağın yollarından biri isə elmdir. Dolayısı ilə elmi Allahın yaratma sənətindəki incəliklərə çatmaqda bir metod kimi qəbul edən din elmlə məşğul olmağa insanları həvəsləndirir. Din elmi araşdırmalara təşviq etməklə yanaşı, İslam dinindəki həqiqətlərə əsaslanaraq istiqamətləndirilən elmi araşdırmalar da çox sürətli və dəqiq nəticələr verir. Çünki din kainatın və canlı həyatın necə əmələ gəlməsi ilə bağlı suala ən doğru və ən dəqiq cavabı verir. Dolayısı ilə doğru mənbədən başlayaraq aparılan araşdırmalar kainatın və canlıların əmələ gəlməsinə aid sirləri ən qısa zamanda, ən az əmək və enerji sərf edərək aşkara çıxaracaqdır.

XX əsrin ən böyük alimlərindən biri qəbul edilən Albert Eynşteynin də dediyi kimi “dinsiz elm şikəstdir”, yəni dinin yol göstərmədiyi elm irəliləyə bilməz, dəqiq nəticələr əldə etməsi çox vaxt aparar və bəzən nəticə əldə etmək qeyri-mümkün olar.

Bu həqiqəti görə bilməyən materialist ideologiyaya sahib elm adamları tərəfindən istiqamətləndirilən elmi araşdırmalar isə xüsusilə son iki əsr ərzində bəşəriyyətin vaxtını boş yerə israf etməsinə səbəb olub, bu yolda görülən işlərin böyük hissəsi hədər gedib və sərf edilən milyonlarla vəsait havaya sovrulub. Bütün bunlar göz qabağındadır.

Elə buna görə də insanların qəti şəkildə bilmələri vacib olan bir həqiqət var. Elm Allahın sonsuz qüdrətini, kainatdakı yaradılış dəlillərini araşdırmaq məqsədini güdür və bu məqsəd üçün çalışarsa, doğru nəticələr əldə edə bilər. Yolu düzgün müəyyən edilsə, yəni doğru istiqamətləndirilsə, elmin əsl məqsədinə ən qısa müddətdə çatması təmin edilə bilər.